...

ABŞ-ın yeni prezidentinin dövründə Vaşinqtonla Bakı arasında münasibətlər ardıcılıqla inkişaf edəcək - nazir müavini

Siyasət Materials 11 Noyabr 2008 11:29 (UTC +04:00)
ABŞ-ın yeni prezidentinin dövründə Vaşinqtonla Bakı arasında münasibətlər ardıcılıqla inkişaf edəcək - nazir müavini

Fransa, Paris, 11 noyabr / Trend , müxbir A.Məhərrəmli/ Rəsmi Bakı hesab edir ki, ABŞ-ın yeni administrasiyası dövründə də Azərbaycanla ABŞ arasında münasibətlər ardıcılıqla inkişaf edəcək. "Azərbaycanla ABŞ arasında münasibətlərin inkişaf perspektivlərini yaxşı görürəm", - bu barədə çərşənbə axşamı Trend -a Azərbaycan xarici işlər nazirinin müavini Hafiz Paşayev bildirib.

Trend -un arayışı: ABŞ-da noyabrın 4-də keçirilən prezident seçkisində Demokratlar Partiyasının namizədi, senator Barak Obama hazırda hakimiyyətdə olan Respublikaçılar Partiyasının nümayəndəsi, senator Con Makkeyinə qalib gəlib və ölkənin 44-cü prezidenti seçilib. ABŞ-ın ilk qaradərili prezidenti olan Obama 2009-cu ilin yanvarın 20-də and içəcək və öz səlahiyyətlərinin icrasına başlayacaq.

Rəsmi Bakı və Vaşinqton bəyan edir ki, Azərbaycanla ABŞ arasında strateji əməkdaşlıq mövcuddur.

Paşayev qeyd edib ki, iki ölkə arasında mövcud olan əlaqələr indiki formada davam edəcək.

"İnanmıram ki, münasibətlərin inkişaf perspektivləri pisləşsin. Mənim optimizmə səbəb hazırda mövcud olan münasibətlərin hər iki ölkənin maraqlarına cavab verməsidir. Bu maraqlara cavab verən amil odur ki, iki ölkə arasında münasibətlər həmişə möhkəm olsun", - deyə nazir müavini əlavə edib.

Paşayev hesab edir ki, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi məlumdur: "Bu mövqe belə də qalacaq".

ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycanla Ermənistan arasında vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədridir.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu vasitəçilik edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti