Azərbaycan, Bakı, 17 noyabr / Trend , müxbir S. Kazımlı / Erməni əsilli Rusiya vətəndaşının şikayəti əsasında Rusiya Federasiyası tərəfindən barəsində axtarış elan olunan azərbaycanlı Bakıda polislər tərəfindən saxlanılıb. Bu barədə Sabunçu rayon Polis İdarəsindən bazar ertəsi Trend -a məlumat verilib.
Məlumata görə, noyabrın 16-da Sabunçu rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin əməkdaşları Rusiya Federasiyasının Cinayət Məcəlləsinin oğurluq (158-ci) maddəsi ilə axtarışda olan 1981-ci il təvəllüdlü Raman Rais oğlu Abdullayevi saxlayıblar.
İlkin araşdırma zamanı məlum olub ki, Abdullayev Rusiyada olarkən bir müddət orada rəhbəri erməni olan şəxsin mağazasında işləyib. Sonradan həmin erməni Rusiyanın hüquq-mühafizə orqanlarına müraciət edərək Abdullayevin onun mağazasından dəyəri 200 dollar olan siqaret istifadə etdiyini göstərib və onun barəsində qeyd olunan maddə ilə cinayət işi başlanılıb.
Abdullayev isə bildirib ki, bu ittihamla onu şərləyirlər. O, calışdığı mağazadan oğurluq və qeyd olunan miqdarda siqaret istifadə etmədiyini bildirib.
RPİ-dən bildiriblər ki, Abdullayevdən izahat alındıqdan sonra o, sərbəst buraxılıb və onun saxlanması barədə Rusiya hüquq-mühafizə orqanlarına məlumat verilib.
RPİ-dən onu da əlavə ediblər ki, Abdullayevin təqsirləndirildiyi hadisə ağır və əsaslı olmadığı üçün yerli məhkəmə onun Rusiyaya ekstiradisiya olunması haqda qərar çıxarmayıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]