...

Livan prezidenti İranı hərbi əməkdaşlığın artırılmasına çağırıb

Siyasət Materials 25 Noyabr 2008 18:33 (UTC +04:00)

İran , Tehran , 25 noyabr / Trend , müxbir A.Namdari / Livan prezidenti Mişel Süleyman Tehran və Beyrut arasında hərbi əməkdaşlığın artırılmasına çağırıb.

Livan prezidenti Mişel Süleyman noyabrın 24 - də Tehrana rəsmi səfər edib. Süleyman çərşənbə axşamı İranın müdafiə nazirliyinin hərbi sərgisinə baş çəkib. O, İran və Livan arasında hərbi əməkdaşlığın artırılmasına çağırıb.

"Livan ehtimal olunan hədələrə, terrorizm və xarici işğalçılara qarşı öz hərbi gücünü artırmalıdır", - deyə Süleyman bildirib.

İranın müdafiə naziri general- mayor Mustafa Məhəmməd Nəccar ikitərəfli əlaqələrin artırılmasını dəstəklədiniyini bildirib.

"İran Livanın təhlükəsizliyinin təmin olunmasını və bu ölkənin güc potensialının artmasını dəstəkləyir", -deyə Məhəmməd Nəccar bildirib.

Süleyman səfər çərçivəsində, çərşənbə axşamı İranın ali dini rəhbəri Ayətullah Əli Xamenei ilə də görüşüb.

"İsrail ilə mübarizədə Livandakı qruplar birləşməlidir", - deyə İranın dini rəhbəri bildirib.

İranın Livandakı səfiri Məhəmmədrza Şeybani əvvəllər İRNA agentliyinə bildirmişdi ki, Mişel Süleymanın İrandakı müzakirələrinin əsasını İran - Livan hərbi əməkdaşlığı məsələsi təşkil edəcək.

İran və Livan arasında beş illik hərbi əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilə müddətinin sonuna il yarım qalır. Şeybani bu müqavilənin vaxtının artırılacağını bildirmişdi.

Fransa xəbər agentliyinin məlumatına əsasən, müzakirələrdə, əsasən, Livanın "Milli müdafiə strategiyası" layihəsi ilə bağlı fikir mübadiləsi aparılacaq. Layihədə Hizbullah qrupunun da rolu var.

Livanın Hizbullah təşkilatının fikrincə, Livanı İsraildən silahla qorumaq lazımdır.

Livan prezidenti Mişel Süleyman üçüncü hərbçi prezidentdir. Livanın keçmiş prezidentləri Emil Ləhud və Fuad Şəhab da hərbçi olublar.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti