...

Azərbaycanın müxalif partiyası Türkiyəni Ermənistanla danışıqlarda ehtiyatlı olmağa çağırır

Siyasət Materials 26 Noyabr 2008 16:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 noyabr/ Trend , müxbir A.Hüseynbala/ Azərbaycanın müxalif partiyası Türkiyənin Cənubi Qafqaz siyasətində fəallaşmasının və Ermənistanla əlaqələrinin inkişaf etdirməsinin tərəfdarıdır.

"Türkiyə ilə Ermənistan arasında aparılan danışıqlarda hər iki tərəfin ciddi maraqları var", - çərşənbə günü Trend - a Müsavat Partiyasının başqanı İsa Qəmbər bildirib.

Trend - un arayışı: Ermənistanla Türkiyə arasındakı əlaqələr 1993 - cü ildən kəsilib. Buna səbəb Ermənistanın beynəlxalq aləmdə qondarma erməni soyqırımı iddiaları ilə Türkiyəyə qarşı kampaniya aparması və Azərbaycanın 20 % ərazisini işğal etməsi olub. Bu il sentyabrın 6 - da Türkiyə prezidenti Abdullah Gül Avropa çempionatının qrup mərhələsi çərçivəsində keçirilən Ermənistan -Türkiyə oyununa Ermənistan prezidenti Serj Sarkisyanın dəvətini qəbul edib, Yerevana getdi.

Gülün bu səfərindən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün diplomatik səylər davam etdirilir. Türkiyə tərəfi, eyni zamanda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında da vasitəçilik etməyə çalışır. Bu məqsədlə Türkiyə xarici işlər naziri Əli Babacan oktyabrın sonlarında Nyu -Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etdi. Yaxın tarixdə üçtərəfli görüşlərin yenidən baş tutacağı gözlənilir.

Qəmbərin sözlərinə görə, Ermənistanın Türkiyə ilə əlaqələrinin inkişafında maraqlarından biri Türkiyənin xarici siyasət prioritetlərində Azərbaycan, eyni zamanda Qarabağ məsələsini arxa plana keçirməkdir.

"Ermənistan istəyir ki, Qarabağ probleminin nizamlanması ilə bağlı situasiyanı dondurub, Türkiyə ilə digər problemlərin həllində Ermənistanın maraqlarına uyğun addımlar atılsın", - Qəmbər deyib.

Müsavat başqanının fikrincə, bu səbəbdən Türkiyənin dövlət adamları, siyasətçiləri danışıqlarda Ermənistanın maraqlarına zidd olan Azərbaycanı və Qarabağı prioritetlikdən arxa plana keçirmək niyyətinin reallaşmasına imkan verməməlidirlər.

Müsavat Partiyası 1911- ci ilin oktyabrında Bakıda yaradılıb. Müsavat Partiyasının III (Bərpa) Qurultayı 1992- ci il noyabrın 7- də Bakıda Respublika sarayında keçirilib. Gizli səsvermənin yekunları əsasında Qəmbər əksəriyyət səslə Müsavat Partiyasının başqanı seçilib.

Qəmbər Azərbaycan parlamentinin spikeri (1992- 93 - cü illərdə) və 2003 - cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Partiya 4 nəfər deputatla parlamentdə təmsil olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti