Azərbaycan, Bakı, 28 noyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan və Əfqanıstan parlamentləri arasında əməkdaşlığın inkişaf perspektivləri Əfqanıstan Milli Assambleyasının (parlament) sədri Məhəmməd Yunis Qanuninin Bakıya səfəri zamanı müzakirə olunacaq.
Əfqanıstan parlamentinin sədri Qanuni noyabrın 30-dan dekabrın 2-dək Azərbaycanda səfərdə olacaq, - bu barədə cümə günü Trend -a Azərbaycan parlamentinin mətbuat xidmətindən məlumat verilib.
Trend -un arayışı: Əfqanıstandakı Beynəlxalq Qüvvələrin strukturunda 45 azərbaycanlı sülhməramlı xidmət edir. Azərbaycanlı sülhməramlılar paytaxt Kabil şəhərində post-patrul xidməti həyata keçirirlər. Azərbaycan parlamenti ötən ay Əfqanıstandakı sülhməramlıların sayının iki dəfə artırılaraq 90 nəfərə çatdırılması haqqında qərar qəbul edib. 45 sülhməramlı yaxın günlərdə Əfqanıstana göndəriləcək.
Azərbaycan parlamenti noyabrın əvvəllərində Əfqanıstan parlamenti ilə əlaqələr üzrə İşçi qrup yaradıb.
"Səfər zamanı iki ölkənin parlamentləri arasında əlaqələrin genişləndirilməsi məsələsi xüsusi diqqət mərkəzində olacaq", - deyə məlumatda qeyd olunub.
Qanuni Fəxri Xiyabanda eks-prezident Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edəcək, Azərbaycan parlamentinin sədri Oqtay Əsədov, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvləri ilə görüşəcək.
Əfqanıstan parlamenti sədrini prezident İlham Əliyevlə görüşü də nəzərdə tutulub.
Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]