Azərbaycan, Bakı, 26 dekabr/ Trend / Dekabrın 26 - da "Bakinski Raboçi" qəzetində Azərbaycan Respublikası Prezidenti İcra Aparatının rəhbəri, akademik Ramiz Mehdiyevin "Zaman haqqında düşünərək və elitanı dəyişdirərək: varislik və yenilikçilik" məqaləsi dərc olunub. Məqalənin həcmi böyük olduğundan, ictimaiyyət üçün maraq kəsb edə biləcək ayrı - ayrı hissələri oxuculara təqdim edirik.
Ramiz Mehdiyev: "Üç amilə - sabitliyin qorunması, dövlətçiliyin möhkəmlənməsi və ümumi rifaha xidmət edən istənilən dəyişikliklər səmərəlidir".
Dünyagörüşün dəyişməsi, yeni dəyər oriyentirlərinin meydana çıxması bizim "qərbləşmə", başqalarının universal dəyərlərin ənənəvi cəmiyyətə daxil edilməsi adlandırdıqlarına yardım edir. Bununla belə, bəziləri qərb dəyərlərinin təsirini məhvedici, digərləri müsbət amil hesab edirlər. Amma bir müddət əvvəl bir kitabda oxuduğum, razılaşmamağın çətin olduğu bir fikrə görə, məhz Şərq dünyaya dinləri - mənəvi başlanğıcı, Qərb isə makiavellizm kimi nəzəriyyələri və faşizm kimi ideya görüşlərini təklif edib. Güman ki, bu, günəşin Şərqdən çıxıb Qərbdə batması ilə əlaqədardır. Artıq bəzilərinin mübahisə etmək istədiyini qabaqcadan görürəm - bu gün bizim fəal və qızğın şəkildə irəli çəkdiymizi, yəni demokratiyanı məhz Qərb dünyası insanlığa təqdim edibmiş. Lakin məgər xalq hakimiyyəti bütün Yer planeti sakinlərinin səyləri deyilmi?
Və məgər demokratiya, daha doğrusu, onun şəkli dəyişmiş forması - geodemokratiya bu gün dünya nizamının sabitliyini pozan amil deyildirmi? Burada, bizim demokratiyanı necə görməmiz və qəbul etməmiz, demokratiyanın, müəyyən məqsədlərin həlli üçün bir tərəfin baxışları əsasında yaradılmış stereotiplər toplusu olub-olmaması barədə tamamilə haqlı sual doğur.
Bununla əlaqədar olaraq, güman ki, yaxın aylarda milli siyasi məkanda ən çox müzakirə olunacaq və təbii ki, kontr-elita və bəzi beynəlxalq təşkilatlar tərəfindən müəyyən reaksiyaya səbəb olacaq məsələyə toxunmaq istərdim. Yalan deməyəcəyik, axı bizlərdən hər birimiz müəyyən beynəlxalq nizam tərəflərinin, yeri gəlmişkən, hər hansı məkanın daxili, suveren inkişafına toxunan bu və ya digər dəyişiklikləri necə qəbul etməsini anlayırıq. Azərbaycanın müasir inkişafı müəyyən simmetrik islahatlar dinamikasını tələb edir. Başqa sözlə, bu, Prezident İlham Əliyevin, paralel siyasi və iqtisadi dəyişikliklərin realizəsinin vacib olduğunu vurğulayaraq, dəfələrlə barəsində danışdığı islahatlardır.
Müvafiq olaraq, hər bir sahədə islahatlar bir-birini tamamlamalı, dövlət və cəmiyyətin gələcək inkişafına yardım etməli, prosesə yeni impuls verməlidir. Onlar Azərbaycan sosiumunun ümumi transformasiyası üçün stimul olmalıdırlar. Bu, ümumilikdə dövlət, sosium və fərdə münasibətin dəyişdiyi qlobal proseslər fonunda daha aktual olur.
Bu gün, sərhədlərin və milli suverenliyin yuyulması, milli orijinallıq məsələlərinin informasiya-kommunikasiya texnologiyalarının intensiv təzyiqinin təsiri altında şəklini dəyişdiyi, fərdin sosiomədəni amillərin sönməyən münaqişəsi və milli eynilik aspektlərinin itirilməsi fonunda, daha çox kosmopolitləşdiyi, təhlükəsizlik və dini fundamentalizm məsələlərinin dünya nizamının yeni arxitekturasını formalaşdırdığı vaxtda, bizə keçilmiş yola yenidən baxmaq, siyasi və sosial həqiqətlərimizin XXI əsrin qarşısında dayandığımız çağırış və təhdidlərinə cavab verə bilməsi barədə düşünmək lazımdır. Bizə bundan sonra qəbul edilən qərarların müstəsna olaraq, gələcək dinamik iqtisadi və demokratik inkişafımıza yardım etməli olduğunu da anlamaq vacibdir.
Ona görə də, bizim başlıca oriyentirlərimiz - azad vətəndaş, təhlükəsiz və etibarlı məkan, intensiv inkişaf edən iqtisadi və siyasi institutlardır. Bizim müstəqil Azərbaycanı müasir, açıq və hər bir fərdin ona verilmiş hüquq və azadlıqlardan məlumatlı olduğu, həmçinin, dövlət və cəmiyyətin üzərinə qoyduğu məsuliyyəti dərk etdiyi demokratik məkan etmək səylərimiz bundadır.
Konstitusiyaya, eləcə də ölkə parlamentinə seçkilərin keçirilməsi sistemində dəyişikliklər, ya da ictimaiyyət nümayəndələrinin şüurunda yetişmiş başqa bir şey - ictimasi-siyasi transformasiyanın hər bir mərhələsi həmişə cəmiyyətin inkişaf templərini əks etdirməli, dövlət sisteminin səmərəliliyinin artması kursunu təcəssüm etdirməli, həmçinin, qarşıdakı illərin inkişaf strategiyasını müəyyən etməlidir. Başqa sözlə, üç amilə - sabitliyin qorunması, dövlətçiliyin möhkəmlənməsi və ümumi rifaha xidmət edən istənilən dəyişikliklər səmərəlidir. Bütün bunların realizəsi istisna olaraq, maraqlarına cavab verən qərarları qəbul etmək iradəsinə və hüququna malik olan Azərbaycan xalqının ümumi suverenlik anlayışına əsaslanmalıdır. Belə yanaşma bizə yalnız regional lider olmağa imkan verməyəcək, həm də endogen və ekzogen inkişafımızı təmin edəcək.
Formalaşan yeni dünya nizamı şəraitində isə, bu, ölkənin tərəfdaş kimi etibarlılığını bir daha vurğulayır. Maliyyə və siyasi sahələrdə qlobal dəyişikliklər, demokratiyanın mahiyyəti haqqında dünya miqyasında dəyişikliklərin hissəsi kimi düşünməyə məcbur edir. Əminəm, şəxsi imkanları qiymətləndirərək və həqiqətləri təhlil edərək, hər birimiz başa düşürük ki, qitə və mədəniyyətlərin əlaqələndirici halqası olmaq çox çətin missiyadır.