...

Türkiyə Osmanlı ola biləcəkmi? - Trend News-un icmalçısı

Siyasət Materials 2 Fevral 2009 18:00 (UTC +04:00)

Trend -un Yaxın Şərq Redaksiyasının icmalçısı Bəhram Həsənov

Qəzzə hadisələrinə Türkiyə cəmiyyətinin verdiyi kəskin reaksiya, Baş nazir Rəcəb Tayyib Ərdoğanın İsrail əleyhinə kəskin bəyanatları və Davosdakı beynəlxalq toplantıda İsrail prezidenti Şimon Peresə sərt cavab verməsi ilə müşaiyət olundu. Beləliklə də, son bir neçə onillik ərzində Türkiyədə ilk dəfə olaraq hökumətin Yaxın Şərq məsələləri ilə bağlı rəsmi mövqeyi cəmiyyətin mövqeyi ilə üst üstə düşdü.

Türklərlə dərin tarixi-mədəni əlaqələrə sahib və  yüzillər boyunca Türklərin idarəçiliyində olan Yaxın Şərq regionunu Türkiyə cəmiyyəti "özününkü" kimi qəbul edir.

Hazırkı Türkiyə hökuməti Yaxın Şərq siyasətində cəmiyyətin daxili dinamikasına və tarixi irsinə əsaslanan xəttə üstünlük verməyə səy göstərir. Ankara eyni zamanda region ölkələrinin ictimai rəyini nəzərə alan siyasi mövqe nümayiş etdirməklə Yaxın Şərqdəki strateji maraqlarını reallaşdırmaq üçün real gücə əsaslanmağa çalışır. Hazırkı Türkiyə hökumətinin xarici siyasətinin müəyyənləşdirilməsində əsas şəxs olan və Ərdoğanın xarici siyasət məsələləri üzrə baş müşaviri Əhməd Davudoğlu tərəfindən həyata keçirilən bu siyasi xətti Yeni Osmanlıçılıq (Neo Ottomonizm) da adlandırırlar.

Bir sözlə, Türkiyə dünyadakı yeni şəraiti nəzərə almaqla, Osmanlı imperiyasının Yaxın Şərqdə oynadığı rolu bərpa etməyə çalışır. Bəs görəsən Türkiyənin bu arzusunun həyata keçməsi nə qədər realdır?

Şübhəsiz ki, Türkiyənin Yaxın Şərqdə yenidən bir nömrəli siyasi aktyor olmaq istəyi və son altı ildə bu istiqamətdə ciddi uğurlar əldə etməsi regionda böyük maraqları olan güclərdə və onların müttəfiqlərində narahatlıq doğurur və narahatlıq doğurmağa da davam edəcək. Xüsusilə İsrail və ABŞ-ın regionda sərbəstliyini məhdudlaşdıracaq Türkiyənin yeni Yaxın Şərq strategiyasına qarşı "ciddi tədbirlər" görüləcəyini gözləmək mümkündür. Düzdür, Türkiyə Yaxın Şərq strategiyasını həyata keçirməzdən əvvəl qarşılaşacağı təzyiqlərə qarşı qabaqlayıcı tədbirlər görməyi unutmayıb. Bu tədbirlərdən ən əhəmiyyətlisi iqtisadi potensialdan maksimum istifadə etmək olub. Son altı ildə Ankaranın Rusiya, İran, Yaxın Şərq ölkələri, eyni zamanda Afrika və Asiya ölkələri ilə güclü iqtisadi əlaqələr quraraq, bu əlaqələri şaxələndirməsi Türkiyəyə iqtisadi təzyiqlər göstərilməsini son dərəcə çətinləşdirir. Son qlobal iqtisadi böhranda Türkiyənin ən az zərər çəkən ölkələrdən olması Ankaranın iqtisadi gücünün göstəricilərindən biri  hesab etmək olar. Ankaraya göstərilə biləcək təzyiq vasitələrindən biri də qondarma erməni soyqırım məsələsi ilə bağlıdır. Lakin bu məsələdə də Türkiyəni çox da ciddi risklər gözlədiyini demək mümkün deyil. Türkiyəni "yola gətirmək" məqsədilə qondarma soyqırımın konqresin alt palatasında qəbul edilməsi ehtimalı olsa da, qərar mahiyyətində hansısa sənədin qəbul ediləcəyi inandırıcı deyil. Soyqırımı qəbul edərək nə ABŞ Türkiyə kimi strateji əhəmiyyəti olan bir ölkəni tamamilə itirmək, nə də İsrail lobbisi indiyə qədər bu məsələdə Türkiyəyə verdiyi dəstəyi dayandıraraq Holokostu dünyanın gözündə adiləştirəcək bir addım atmaq istəyər. Ankara üçün ən real təhlükələrdən biri beynəlxalq aləmdə yox, daxildə gözlənilir. Yaxın günlərdə təxribat məqsədilə Türkiyədəki yəhudi əsilli məşhur insanlara qarşı sui-qəsdlər və yaxud sinaqoqlara hücumlar təşkil edilməsi heç də sürpriz kimi qarşılanmamalıdır. Hətta bu barədə "ümumi reaksiyanı yoxlamaq" kimi şərh edilməsi mümkün olan bir dezinformasiya da artıq yayıldı. Bazar ertəsi İsrailin Haaretz qəzetinin Türkiyədə bir sinaqoqun yandırılması ilə bağlı yaydığı məlumat Türkiyədəki Yəhudi İcmasının başçısı tərəfindən təkzib olundu.

Lakin Türkiyənin Yaxın Şərq strategiyasının reallaşmasının qarşısındakı maneələr sadəcə bunlarla məhdud deyil. Türkiyəni Yaxın Şərqin ərəb ölkələrində də ciddi maneələr gözləyir. Düzdür, Ərdoğanın Davosdakı çıxışı Yaxın Şərqin müsəlman-ərəb ölkələrində böyük həyəcanla qarşılandı. Fələstində keçirilən mitinqdə və ərəb dünyasındakı kütləvi informasiya vasitələrində Ərdoğan qəhrəman bir ölkənin qəhrəman lideri kimi gündəmin bir nömrəli mövzusu oldu. Lakin, heç kəsə sirr deyil ki, ərəb milliyyətçiliyi türk əleyhdarlığı üzərində qurulub.

Buna görə də Türkiyə hökumətinin Fələstində millətçi Əl-Fəth ilə deyil, islamçı HƏMAS ilə əlaqələrinin daha yaxşı olması təsadüfi deyil.

Bu kontekstdən baxdıqda, bir müddət sonra Yaxın Şərqdə ərəb milliyyətçiliyini qızışdıracaq hadisələrin baş verməsi təəccüb doğurmamalıdır.

Bir sözlə, Türkiyə Yaxın Şərqdə Osmanlı rolunu yenidən oynamaq üçün güclü potensiala sahib olsa və bu istiqamətdə bir xeyli məsafə qət etsə də  qarşıda Ankaranı çox ciddi problemlər gözləyir.

Məqalə müəllifi ilə əlaqə : [email protected]

Xəbər lenti

Xəbər lenti