Azərbaycan, Bakı, 19 fevral / Trend , müxbir C.Babayeva/ Azərbaycanda referendumla bağlı məntəqə seçki komissiyaları üçün bu gündən etibarən treninqlərə start verilib.
Mərkəzi Seçki Komissiyasının (MSK) təşkilatçılığı və Seçki Sistemləri üzrə Beynəlxal Fondun (İFES) iştirakı ilə təşkil olunan treninqlər 19-23 fevral tarixində Bakıda təşkil olunacaq. Treninqlərdə MSK-nın treninq qrupu tərəfindən məntəqə seçki komissiyalarının üzvlərinə səsvermə günü həyata keçiriləcək prosedurlar, səsvermə prosesi, səsvermə zamanı baş verə biləcək müstəsna hallar, səsələrin sayılması və nəticələrin müəyyənləşdirilməsi haqqında məlumtlar veriləcək və praktiki məşğələlər keçiriləcək.
MSK katibi Natiq Məmmədov bildirib ki, məntəqə seçki komissiyalarının üzvləri treninqlərə formal yanaşmamalıdırlar. "Treninqlərə keyfiyyətli yanaşma vacib şərtdir. Referendumun digər seçki proseslərindən fərqləndirən cəhətlərinin öyrənilməsi məsuliyyətli yanaşma tələb edir", - Məmmədov deyib.
İFES-in Azərbaycan üzrə direktoru Daniel Blessinqton bildirib ki, referendum keçirilən seçkilər arasında ən böyük texniki proses olacaq. "Refendumla bağlı fəaliyyətimiz məhdud olacaq. Belə ki, İFES-in Bakı ofisi bələdiyyə seçkilərinə hazırlaşırdı. Səsvermə günü seçicilər 29 maddə üzrə dəyişikliklərə münasibət bildirəcəklər. Seçicilərin münasibət bildirməsi və səslərin sayılması kifayət qədər vaxt tələb edəcək. Məntəqə seçki komissiyalarının üzvləri bu prosedurlara hazır olmalıdırlar", - Blessinqton deyib.
Trend -un arayışı: Martın 18-də Azərbaycanda ölkə Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi üzrə referendum keçiriləcək.
Referendum üzrə "Yeni Azərbaycan", "Şəhər", "Tərəqqi", "Hüquq və demokratiya", "Vətəndaş Cəmiyyəti", "Davamlı İnkişaf Naminə", "Zəka", "Qarabağ və Respublika Uğrunda Hərəkat" və "Respublikaçılar" təşəbbüs qrupları MSK-da təşviqat qrupları kimi qeydiyyata alınıblar. "Abad kənd", "Azad söz", "Azərbaycan Xalq Cümhuriyyəti" və "Milli İstiqlal" təşəbbüs qrupları qeydiyyatdan keçməyib.
Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas Qanuna dəyişikliklər edilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]