Azərbaycan, Bakı, 23 fevral / Trend , S.Əliyev/ "Qarşıdakı beş il ərzində Azərbaycan planlaşdırılmış infrastruktur layihələrini başa çatdırmalıdır. Bunun üçün bütün imkanlar var", - bazar ertəsi prezident İlham Əliyev "2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafı üzrə" dövlət proqramının həyata keçirilməsinin yekunlarına həsr olunmuş konfransda deyib.
Hazırda qarşıdakı beş il üçün proqramın hazırlanması istiqamətində iş aparılır və bu, yaxın vaxtlarda təsdiqlənəcək. "Proqram çox konkretdir", - Azərbaycan prezidenti İlham Əliyev deyib.
Yeni proqramın əsas məqsədlərindən biri qeyri-neft sektorunun inkişafı ilə bağlı olacaq. Qarşıdakı illərdə elektrik enerjisi, qazlaşdırma sahələrində bir çox infrastruktur proqramlar həyata keçiriləcək.
İçməli su təminatı, meliorasiya və suvarmaya böyük diqqət ayrılacaq. Bu istiqamətdəki vacib layihələr içərisində Oğuz-Qəbələ-Bakı su kəmərinin, Samur-Abşeron kanalının, "Taxtakörpü" su anbarının tikilməsi, Kür və Araz çaylarında təmizləyici qurğuların qurulması ilə bağlı məsələlər də var. Dövlət başçısının sözlərinə görə, Azərbaycan öz su təhülkəsizliyini təmin etməlidir.
Sutəmizləyici qurğuların qurulması proqramının birinci mərhələsi çərçivəsində 400 min nəfər əhali təmiz su ilə təmin olunacaq. Proqram çərçivəsində ümumilikdə 800 min nəfər təmiz su ilə təchiz olunacaq. Çay, kanal olan istənilən yerdə sutəmizləyici qurğular qurulacaq. Meliorasiya və suvarmaya böyük vəsaitlər ayrılacaq. Yeni proqramda ekologiya məsələləri də vacib yer tutacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]