...

Düşünürəm ki, həm ABŞ, həm də Rusiya münasibətlərin yaxşılaşdırılması yolunda daha bir cəhd edə bilərlər - amerikalı politoloq Zbiqnev Bzejinski (MÜSAHİBƏ)

Siyasət Materials 9 Mart 2009 10:56 (UTC +04:00)
Düşünürəm ki, həm ABŞ, həm də Rusiya münasibətlərin yaxşılaşdırılması yolunda daha bir cəhd edə bilərlər - amerikalı politoloq Zbiqnev Bzejinski (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 06 mart / Trend , müxbir Е.Оstapenko /

Trend -un Avropa redaksiyasının ABŞ-ın sabiq Prezidenti Cimmi Karterin administrasiyasının milli təhlükəsizlik üzrə sabiq müşaviri, məşhur amerikalı politoloq, Cons Hopkins Universitetinin professoru Zbiqnev Bzejinski ilə müsahibəsi.

- Rusiya və ABŞ Şərqi Avropada RƏM sisteminin yerləşdirilməsi məsələsində əməkdaşlıq edə bilərlərmi? Bu əməkdaşlıq nəyin üzərində qurula bilər?

- ABŞ lap əvvəldən bəyan etmişdi ki, onlar Rusiya ilə hətta Polşa və Çexiyada yerləşdirilməsi təklif olunmuş RƏM-lə bağlı məsələlərdə əməkdaşlığı nəzərdən keçirməyə hazırdır. ABŞ-ın mövqeyi aydındır - biz, əgər varsa, digər mümkün alternativ mexanizmləri gözdən keçirməyə hazırıq. Sonuncu, amma heç də əhəmiyyətsiz olmayan məsələ: danışıqlar yolu ilə, yaxud başqa tədbirlərlə RƏM sisteminin yaradılmasına rəvac verən potensial təhlükəni aradan qaldırmaq mümkündürmü? "Altılıq" - ABŞ, Fransa, Almaniya, Böyük Britaniya, Rusiya və Çinlə İran arasında müəyyən razılıqlar var. Onların belə müdafiə qalxanına ehtiyacı xeyli azala bilər.

- ABŞ və Rusiya Cənubi Qafqazda donmuş münaqişələrin həlli yolunda hansı rolu oynaya bilər? Sizcə, Moskvanın gürcü münaqişəsindəki bilavasitə iştirakını nəzərə alaraq hansı ölkənin uğura daha çox şansı var?

- Moskva Gürcüstandakı proseslərdə bilavasitə iştirak edir, amma bu ona donmuş münaqişələrin həlli istiqamətində heç bir potensial vermir. Rusiya bu tip problemlərin həllində dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət tələb edən beynəlxalq prinsiplərə əsaslanaraq diplomatik təşəbbüs göstərməklə münaqişələrin həlli istiqamətində görülən işlərə öz töhvəsini verə bilər.

Beləliklə, ABŞ da bu işdə səmərəli ola bilər. Amma mən əminəm ki, nə ABŞ, nə də Rusiya bu problemləri özləri həll edə bilməyəcəklər. Nəticədə belə böyük dövlətlərlə yanaşı, bilavasitə münaqişələrdə iştirakçı olan ölkələr ya kompromisə can atmalı, ya da bu və ya digər səbəbdən "status-kvo"da israr etməlidir. Ona görə də dondurulmuş münaqişələrin konstruktiv həllinin ABŞ və Rusiyadan asılılığını həddindən artıq qiymətləndirmək lazım deyil.

- Demək istəyirsiniz ki, region ölkələri problemləri özləri də həll edə bilərdilər?

- Tam yox. Onlara başqaları da kömək edə bilər, amma onların kompromisə münasibəti və ona getmək hazırlığı bu çətin prosesdə çox vacib elementdir.

- Hazırda Avropa ölkələri qazı əsasən Rusiyadan idxal edirlər. Xəzər regionu Avropanın enerji təhlükəsizliyinin təminatında hansı rolu oynayır? "Nabukko" enerji layihəsi qaz bazarında rəqabət qabiliyyətliliyini artıra bilərmi?

- "Nabukko" layihəsinə maraq Avropada getdikcə artır. Yaxın müddətə qədər bu layihəyə bədbin, hətta etinasız yanaşan hökumətlər, son zamanlar bu layihənin irəliləməsinə yetərincə maraq göstərməyə başlayıb. Avropa İttifaqının da "Nabukko" layihəsinin irəlilədilməsi ilə bağlı böyük siyasi istəyi var.

Aşkar olan budur ki, "Nabukko" layihəsi Şərq-Qərb münasibətləri kontekstində vacib rol oynayan rus neft və qazının Qərbi Avropaya ixracının əhəmiyyətini aradan qaldırmayacaq. Rusiya yenə də əsas tədarükçü olaraq qalacaq. Ancaq diversifikasiya hamı üçün daha yüksək səviyyəli təhlükəsizliyi nəzərdə tutur və eləcə də sabit tədarüklər zamanı ortaya çıxan gözlənilməz problemlər halında gərginlik yaranmasının qarşısını alır.

Yaxın zamanlarda rus qazının Ukrayna vasitəsi ilə Avropaya tranzitində yaranan problem, Avropa ölkələrini tədarükün diversifikasiyasının ayrı-ayrılıqda hər birinin təhlükəsizlik maraqlarını gücləndirdiyini anlamağa məcbur etdi.

- "Nabukko" layihəsinin yaxın gələcəkdə istismara veriləcəyinə inanırsızmı?

- Bunun üçün perspektivlər xeyli artıb. Bakı-Tbilisi-Ceyhan boru kəmərinin reallıq olmasına qədər çoxları proqnoz verirdi ki, neft çatmayacaq, pul, siyasi dəstək çatmayacaq və eyni zamanda bu boru kəməri Avropa üçün enerji mənbələrinin daha böyük diversifikasiyasında daha geniş razılaşmanın vacib hissəsinə çevrildi.

- "Ağ Ev"dəki administrasiyanın dəyişməsi və hər iki ölkənin Əfqanıstanda terrorizmə qarşı birgə mübarizə aparmaq səylərini nəzərə alaraq, ABŞ və Rusiya münasibətlərinin gələcəyini necə görürsünüz?

- Düşünürəm ki, həm ABŞ, həm də Rusiya son zamanlar korlanmış münasibətlərin yaxşılaşdırılması yolunda daha bir cəhd edə bilərlər. Hazırda bu münasibətlərin niyə korlanması üzrə analiz keçirməyə ehtiyac yoxdur. İnsanların əksəriyyəti səbəbləri bilir və təbii ki, bunların necə başa gəldiyi barədə müxtəlif fikirlərə malik insanlar da var.

Vacib olan odur ki, həm ABŞ, həm də Rusiya rəhbərliyi münasibətlərdə yaxşılaşmanın qarşılıqlı maraq doğuracağını etiraf edir. Mənim heç bir şübhəm yoxdur ki, məsələn, gözlənilməz iqtisadi və maliyyə böhranı, xüsusilə Rusiyanın dünya bazarında baş verənlərdən sığortalandığını düşünməyə öyrəşmiş rus rəhbərliyi üçün şok olmuşdu. Özünün böyük təəccübünə səbəb olan rus elitası bir anda özü üçün kəşf etdi ki, tarixində ilk dəfə rus rifahı qlobal iqtisadiyyatdakı rifahdan qarşılıqlı asılıdır. Bu, Rusiya elitası üçün yetərincə ayıldıcı təcrübə oldu. Və mən hesab edirəm ki, bu, münasibətlərin yaxşılaşdırılmasında bəzi səylərə daha bir təkan olacaq.

Əfqanıstana gəlincə, düşünürəm ki, ABŞ və Rusiya arasında müəyyən əməkdaşlığa ehtiyac var, ancaq o, NATO-nun Əfqanıstanda əfqanlarla əməkdaşlıq etmək istəyinə kömək kimi olmalıdır. Əfqanların Rusiyanın əfqan xalqına qarşı qeyri-adi sərtliklə apardığı on il əvvəlki müharibədən hələ də neqativ və acı xatirələri qalıb. Ona görə də Rusiyanın Əfqanıstandakı təhlükəsizlik probleminin həllində hər hansı iştirakı yəqin ki, siyasi cəhətdən əks-səmərəli olacaq.

- Qırğızıstanın "Manas" hərbi bazasından ABŞ-ın istifadə müqaviləsini ləğv etmək qərarını necə qiymətləndirirsiniz? Rusiyanın bu qərarın qəbul edilməsində Qırğızıstana təsir etdiyinə inanırsınızmı?

- Məncə, tamamilə aydındır ki, Rusiya Qırğızıstanın qərarına etiraz etmirdi. Eyni zamanda, Rusiya Qırğızıstanın bu bazadan maliyyə cəhətdən asılılığını bir neçə maliyyə razılaşmaları yolu ilə yüngülləşdirib. Buna görə də mən hesab edirəm ki, hadisələrin belə təsadüfi inkişafı düşünməyə vadar edir.

Müsahibənin hazırlanmasında həmçinin E.Tariverdiyeva və V.Javoronkova iştirak ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti