...

İranın dini lideri ilə prezidentliyə namizəd arasında olan keçmiş ziddiyyətlər seçkilərin gedişatına təsir etməyəcək

Siyasət Materials 9 Aprel 2009 15:50 (UTC +04:00)
İranın dini lideri ilə prezidentliyə namizəd arasında olan keçmiş ziddiyyətlər seçkilərin gedişatına təsir etməyəcək

Azərbaycan, Bakı, 09 aprel / Trend , müxbir D.İbrahimova /

İranının dini lideri Əli Xameneinin ölkə siyasətinə güclü təsiri və onunla İran prezidentliyinə namizəd Mir Hüseyn Musəvi arasında keçmişdə mövcud olmuş ziddiyyətlər sonuncunun seçkilərdə qalib gəlmə etimalına təsir etməyəcək.

"Xamenei İranda güclü siyasi təsirə malikdir və ölkə siyasətində baş verən istənilən dəyişiklik onun tərəfindən təsdiqini tapmalıdır", - Corctaun Universitetinin professoru Voll elektron poçt vasitəsilə Trend -a bildirib.

Aprelin 6-da mətbuat konfransında çıxış edən islahatçılardan prezidentliyə namizəd olan Musəvi bildirib ki, yaxın gələcəkdə dini lider Xamenei ilə görüşməyi planlaşdırır. Xamenei İran Prezidenti olanda Musəvi Baş nazir postunu tutmuşdu. İki siyasətçi arasında tez-tez siyasi məsələlərlə bağlı ziddiyyətlər yaranırdı.

İranda prezident seçkiləri 2009-cu il iyunun 12-də keçiriləcək. İslahatçıların iki nümayəndəsi namizədliyini irəli sürüb - Mehdi Karrubi və Musəvi. İranın hazırki Prezidenti Mahmud Əhmədinejad seçkilərdə iştirakını hələ təsdiq etməyib.

Ekspertlər hesab edir ki, İranını dini lideri ölkənin daxili və xarici siyasətinə güclü təsirə malikdir. Bu da onu Tehranın vacib siyasi qüvvəsinə çevirir.

1989-cu ildə İranın dini lideri olan Xamenei 1981-1989-cu illərdə ölkə prezidenti olub. Xamenei İran hakimiyyətinin əsas təsir rıçaqlarını nəzarət altında saxlayır: məhkəmələri, ordunu və KİV-ləri. O, məhkəmə sistemi və dövlət teleradio rəhbərlərini də şəxsən özü təyin edir.
On iki üzvü olan Keşikçilər Şurası Xameneinin rəhbərliyi altındadır. Dini liderin parlamentin qərarlarına veto qoymaq hüququ var. Xameneinin parlamentə namizədlər haqqında araşdırma aparmaq hüququ da var. Bu barədə Karneqi mərkəzinin İran üzrə eksperti Kərim Səcadpurun məruzəsində deyilir.

İranın dini liderinin səlahiyyətləri 1989-cu ildə konstitusiyaya edilən dəyişikliklərdən sonra genişləndirilib. İran konstitusiyasının 110-cu bəndinə əsasən, İran siyasətini ölkənin dini lideri müəyyənləşdirir.

İran mənşəli frasız ekspert Möhsün Sazeqaranın sözlərinə görə, İran hökuməti bir neçə dəfə ABŞ-la danışıqlar aparmağa cəhd etsə də dini lider bunun qarşısını alıb.
İlk dəfə bu, Haşimi Rəfsəncani İran parlamentinin spikeri olarkən baş verib. O vaxtkı dini lider imam Xomeyni danışıqları dayandırdı. 1997-2005-ci illərdə Prezident olmuş Məhəmməd Hatəmi ABŞ-la danışıqlar aparmağa cəhd etsə də Xamenei buna yol verməyib.

Xameneinin güclü təsirinə və onunla Musəvi arasında olan ziddiyyətlərə baxmayaraq ekspertlər hesab edir ki, Xamenei Musəvinin prezident olmasına qarşı çıxmayacaq.

"Dini liderlə Musəvi arasında ziddiyyətlər İran konstitusiyasına dəyişikliklər edilməmişdən öncə baş verib", -  İranın daxili məsələləri üzrə eksperti Əhməd Zeydabadi Trend -a bildirib.

"Konstitusiyanın keçmiş variantında prezident və baş nazir postları var idi. İki dövlət vəzifəsi arasında ətraflı hakimiyyət bölgülərinin aparılmaması səbəbindən hər iki dövlət rəsmisi təsir dairəsini genişləndirməyə can atırdı", - Zeydabadi deyib.

Hər iki siyasətçi İran nüvə proqramının dinc məqsədlər üçün inkişafının tərəfdarıdır və Yaxın Şərq çərçivəsində İsrailin iştirakı olmadan əməkdaşlıq etmək istəyirlər.

İran rəsmiləri deyir ki, İran nüvə proqramını dinc məqsədlər üçün inkişaf etdirir. Buna baxmayaraq Qərb ölkələri bu məsələyə bir qədər şübhə ilə yanaşırlar.

Ölkə qanunlarına görə dini lider namizədlərdən hər-hansı birini müdafiə edə bilməz.

Zeydabadinin fikrincə, İranın dini lideri hər-hansı namizədi müdafiə edə bilsəydi, o zaman prezident seçkilərinin keçirilməsinin mənası olmazdı. Belə olduqda müvafiq orqanlar dini liderin dəstəklədiyi namizəd üçün şərait yaratmağı özlərinə borc bilərdi.

Lakin Almaniyada yaşayan iranlı ekspert Meşran Baratinin fikrincə, Xamenei heç bir namizədi müəyyən anadək dəstəkləməyəcək. "Əhmədinejad namizədliyini irəli sürərsə Xamenei güclər nisbətini təyin etməkdən ötrü gözləmə mövqeyi tutacaq. Sonda isə kimi dəstəkləyəcəyini dini lider təyin edəcək", - telefon bağlanısı zamanı beynəlxalq məsələlər üzrə ekspert Barati Trend -a bildirib.  

Məqalənin yazılmasında T.Cəfərov iştirak edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti