...

Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi ilə paralel həyata keçiriləcək – XİN

Siyasət Materials 23 Aprel 2009 11:40 (UTC +04:00)
Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi ilə paralel həyata keçiriləcək – XİN

Azərbaycan, Bakı, 23 aprel / Trend , müxbir S.Ağayeva / 

Azərbaycan hesab edir ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması ilə paralel həyata keçiriləcək. Bu barədə cümə axşamı Trend -a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov bildirib.

Türkiyənin CNN Turk telekanalının verdiyi xəbərə əsasən, Türkiyənin xarici işlər naziri Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması məqsədilə çərçivə sazişin əldə olunduğuna dair məlumat verib.

Poluxov sözlərinə görə, Azərbaycanın mövqeyi ondan ibarətdir ki, hər bir dövlət digər dövlət ilə münasibətlərini normallaşdırmaq üçün suveren hüquqlara malikdir.

Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında danışıqlarda əhəmiyyətli irəliləyişin olduğu və tərəflərin "yol xətirəsi"ni - barışıq üzrə tədbirlər planını müəyyən etdiyi bildirilir.

"Ermənistan və Türkiyə İsveçrənin dəstəyi ilə ikitərəfli münasibətlərin yaxşılaşdırılması və münasibətlərin mehriban qonşuluq və qarşılıqlı hörmət ruhunda inkişafı məqsədilə intensiv iş apardılar. Bununla da bütün regionda sülh, stabillik və təhlükəsizliyin təmin olunması üçün ciddi addım atıldı". Bu barədə Ermənistan və Türkiyə Xarici İşlər nazirlikləri və İsveçrənin Xarici İşlər Departamentinin birgə bəyanatında deyilir. Məlumatı RİA-Novosti yayıb.

Sənəddə qeyd olunur ki, bu prosesdə hər iki tərəf ciddi proqres və qarşılıqlı anlaşmaya nail olublar. "Danışıq aparan tərəflər razılığa gəldilər ki, hər iki tərəfi razı salacaq qədər münasibətləri yaxşılaşdırsınlar", - deyə bəyanatda bildirilir.

Sənədin müəllifləri qeyd edirlər ki, tərəflərin razılaşdırdıqları prinsiplər danışıq prosesinin davam etdirilməsinə müsbət perspektiv yaradır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti