...

Əfqanıstan və Pakistan probleminin həlli üçün region ölkələrinin iştirakı ilə "sülh ordusu" yaradılmalıdır – İran prezidentliyə namizəd

Siyasət Materials 27 May 2009 17:19 (UTC +04:00)

ABŞ hərbi qüvvələrinin Əfqanıstana hücumundan sonra Əfqanıstanda və Pakistanda qeyri-sabitlik yaranıb. "Əfqanıstan və Pakistanda sabitlik yaranmalıdır. Bu iki ölkədəki vəziyyət İranda da qeyri-sabitsizliyə səbəb olacaq. Təklif edirəm ki, region ölkələrinin iştirakı ilə Əfqanıstan və Pakistandakı problemin həlli məqsədi ilə "sülh ordusu" yaradılsın", - deyə İranın Məşvərət Şurasının üzvü və prezidentliyə namizəd Möhsün Rezayi çərşənbə günü Kirmanşah şəhərində jurnalistlərə bildirib. Bu barədə MEHR xəbər agentliyi məlumat yayıb.

Rezayi Fələstin məsələsinə işarə edərək bildirib ki, bu problemin həlli üçün də proqramı mövcuddur. "Mənim proqramıma əsasən Fələstində müxtəlif milli və dini azlıqların (yəhudi, xristian və müsəlmanların) iştirakı ilə dövlət yaradılmalıdır", - deyə Rezayi bildirib. O əlavə edib ki, prezident seçiləcəyi təqdirdə bu proqramın icrası məqsədi ilə BMT-yə müraciət edəcək. "İnanıram ki, Fələstində referendum keçirilməklə problemi köklü şəkildə həll etmək olar", - deyə Rezayi bildirib.

"ABŞ və Qərbin İranla münasibətlərində dəyişiklik hiss olunur və biz yaranmış fürsətdən milli maraqlarımız uğrunda istifadə etməli və öz siyasətimizdə əsaslı dəyişiklik etməliyik", - Rezayi İran-ABŞ münasibətlərinə toxunaraq bildirib.

İranın nüvə məsələsi ilə bağlı Rezayi bildirib ki, İranın uranı zənginləşdirilməsini Avropa ölkələri ilə əməkdaşlıq etməklə də davam etdirmək olardı. "Əhmədinejad hökuməti əməkdaşlıq etmədən uranı zənginləşdirdi, lakin fikrimcə, bu, sanksiyaları aradan qaldırmaqla da davam etdirilə bilərdi. İranda konsersium yaratmaqla bu məsələni də həll etmək olar", - deyə Rezayi bildirib.

İranda prezident seçkiləri 4 ildən bir keçirilir. Prezidentliyə namizədlər Nəzarət Şurası (Şuraye Negəhban) tərəfindən təsdiqləndikdən sonra seçki prosesinə qatıla bilərlər. Prezident seçilən şəxs Ali Dini Rəhbər tərəfindən təsdiqləndikdən sonra status əldə edir. Ali Dini Rəhbərdən sonra ikinci səlahiyyətli şəxs olan prezident bütün icra aparatına nəzarət edir, xarici və daxili siyasət kurslarını müəyyənləşdirir.

İranda siyasi xadimlərdən İran Prezidenti Mahmud Əhmədinejad, İran İnqilab Qvardiyasının sabiq komandiri Möhsün Rezayi (Mohsen Rezaee), Milli Etimad Partiyasının sədri Mehdi Kərrubi və İranın sabiq baş naziri Mirhüseyn Musəvi (Mir Hossein Mousavi) rəsmi qeydiyyatdan keçiblər.

İranda prezident seçkiləri 2009-cu il iyunun 12-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti