...

Rəfsəncani prezident seçkilərindən sonra ölkədə yaranmış gərginliyin aradan qaldırılması üçün bir neçə təklif irəli sürüb (ƏLAVƏ OLUNUB - 2)

Siyasət Materials 17 İyul 2009 15:13 (UTC +04:00)
İranın Məsləhət Şurasının sədri Əli Əkbər Haşimi Rəfsəncani bu gün Tehranda keçirilən cümə namazındakı çıxışı zamanı İran xalqını birliyə çağırıb.
Rəfsəncani prezident seçkilərindən sonra ölkədə yaranmış gərginliyin aradan qaldırılması üçün bir neçə təklif irəli sürüb (ƏLAVƏ OLUNUB - 2)

"İslam Respublikası adı formal deyil. Burada Respublika və İslam sözləri birləşir, onlardan hər hansı birinə ziyan dəyərsə, artıq İnqilab və İslam respublikamız olmayacaq", - deyə Rəfsəncani bildirib.

O əlavə edib ki, yaranmış böhranı aradan qaldrımaq üçün bir neçə təklifi var və bu təkliflərdən ən əhəmiyyətlisi xalqın hökumətə olan inamının itməməsidir. "Hökumət xalqın sarsılmış inamını geri qaytarmalı, qanunlara əməl etməlidir", - deyə Rəfsəncani bildirib.

Rəfsəncani seçkilərdən sonra həbs olunanların azadlığa buraxılmasını, milli barış yaratmaq məqsədi ilə ölən və yaralananların ailələrinin dərdlərinə şərik çıxmağın vacibliyini vurğulayıb. "Hökumət KİV-lərə qarşı "açıqürəkli" olmalıdır. Ölkədə tənqid və ya təsdiq etmək istəyən KİV-lərin fəaliyyətinə şərait yaradılmalıdır", - Rəfsəncani bildirib.

Rəfsəncani əlavə edib ki, ölkədə elə mühit yaradılmalıdır ki, hər kəs məntiqlə öz sözünü desin və gərginlik olmasın. Rəfsəncani İran Dövlət Televiziyasından bütün tərəflər üçün belə bir fürsətin yaradılmasını tələb edib.

Əhmədinejad prezident seçkiləri ərəfəsində debatlar zamanı Rəfsəncaninin ünvanına sərt ittihamlar səsləndirmişdi. Rəfsəncani Əhmədinejadın ittihamlarını cavablandırmaq üçün televiziyadan vaxt istəsə də, Dövlət Televiziyası ona vaxt ayırmamışdı.

İyulun 12-də keçirilmiş prezident seçkilərinə etiraz edənlər son bir həftə ərzində Rəfsəncaninin başçılığı ilə keçiriləcək budəfəki cümə namazında aksiya keçirəcəklərini bildiriblər.

Prezident seçkiləri zamanı Rəfsəncani İslahatçılar düşərgəsindən olan prezidentliyə namizəd Mir Hüseyn Musəvini dəstəkləyib. Rəfsəncani keçirilmiş seçkilərdən sonra ilk dəfədir ki, cümə namazında iştirak edir. Musəvi ötən gün bəyanat yayaraq cümə namazında iştirak edəcəyini bildirmişdi. Cümə namazında müxalifətdən olan prezidentliyə keçmiş namizəd Mehdi Kərribi və sabiq Prezident Məhəmməd Xatəmi də iştirak edir.

BBC-nin məlumatına görə, İranın təhlükəsizlik qüvvələri ilə cümə namazı qılınan yerdə - Tehran Universitetinin ətrafında olan Musəvinin tərəfdarları arasında qarşıdurma baş verib. Polis gözyaşardıcı qazdan istifadə edib.

Xəbər lenti

Xəbər lenti