...

"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin inkişafı sahəsində Azərbaycan ilə əməkdaşlığın Rusiya üçün strateji əhəmiyyəti var - Rusiyanın iqtisadi inkişaf naziri ilə müsahibə

Siyasət Materials 29 İyul 2009 18:41 (UTC +04:00)
"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin inkişafı sahəsində Azərbaycan ilə əməkdaşlığın Rusiya üçün strateji əhəmiyyəti var - Rusiyanın iqtisadi inkişaf naziri ilə müsahibə

Azərbaycan, Bakı, 28 iyul / Trend , müxbir N.İsmayılova /

Trend -ın Rusiyanın iqtisadi inkişaf naziri Elvira Nabiullina ilə müsahibəsi

- Sizcə, Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın gələcək inkişaf perspektivləri hansılardır? Bununla əlaqədar olaraq hüquqi bazanın genişləndirilməsi vacibdirmi?

- Ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sektorlarında möhkəm əlaqələr qurulub. Qarşılıqlı ticarətin nomenklaturası böyükdür və 1700 adda məhsulu əhatə edir.

Rusiya maşın-texniki qrupların, tikinti materiallarının, oduncaq, qara metalların prokatı, kimya məhsullarının Azərbaycana ixracı üzrə aparıcıdır. Rusiya ixracının 90%-dən çoxu onların payına düşür, Rusiya məhsullarının bu nomenklatura üzrə tədarüklərinin həcminin sonrakı artımını proqnozlaşdırmaq olar.

Qarşılıqlı ticarətin diversifikasiyası və həcminin artırılması ikitərəfli qarşılıqlı əlaqənin normativ hüquqi bazasının inkişafı kimi, ənənəvi olaraq hər iki ölkənin diqqət mərkəzindədir. Rusiya-Azərbaycan münasibətlərinin hüquqi müqavilə bazasının gələcək təkmilləşdirilməsi qarşılıqlı əməkdaşlığın inkişafında mühim rol oynayır.

Kapital qoyuluşunun təşviq edilməsi və qarşılıqlı müdafiəsi haqqında hökumətlərarası müqavilənin imzalanmasını tezləşdirmək lazımdır. Onun olmaması Rusiya-Azərbaycan inevstisiya əməkdaşlığının səviyyəsinə mənfi təsir göstərir.

- Azərbaycan və Rusiya arasında əmtəə dövriyyəsinin dinamikasını necə qiymətləndirirsiniz? Sizin fikrinizcə, onun artırılmasına hansı tədbirlər kömək edə bilər?

- Ölkələrimiz arasında əmtəə dövriyyəsinin dinamikası şübhəsiz ki, müsbətdir. Biz 2008-ci ildə qarşılıqlı əmtəə dövriyyəsinin həcmini 2,4 milyard dollara çatdırmağa nail oduq, onun 2 milyard dollarını Rusiyanın Azərbaycana ixracı təşkil edir. Azərbaycandan idxal isə 411,4 milyon dollar təşkil edib. 2005-ci il ilə müqayisədə Rusiyanın Azərbaycan ilə əmtəə dövriyyəsi 2,3 dəfə artıb.

Təəssüf ki, qlobal maliyyə böhranı şəraitində qarşılıqlı əmtəənin həcmi azalıb: cari ilin  yanvar-may aylarında 2008-ci ilin analaoji dövrü ilə müqayisədə əmtəə dövriyyəsi  dörddə bir səviyyəsində azalıb və 638,5 milyon dollar təşkil edib.

Rusiya-Azərbaycan arasında ticari-iqtisadi münasibətlərin böhrana qədərki uğurlu inkişafı və əmtəə dövriyyəsinin artırılması regionalararası və sərhəd əməkdaşlığı sayəsində mümkün olub. Ticari-iqtisadi və mədəni əməkdaşlıq haqqında regionlararası səviyyədə 30 sənəd imzalanıb. Daha 9 region bu kimi müqavilələr imzalamaq niyyətindədir. Hazırda Azərbaycan bazarında Rusiya şirkətlərinin 500 filialı və nümayəndəliyi fəalliyyət göstərir. Rusiya Prezidenti Dmitri Medvedyevin bu yaxınlarda Bakıya səfəri və səfər çərçivəsində əldə olunan razılıqlar ikitərəfli əməkdaşlığa yeni stimul verəcək. 2010-cu il yanvar ayının 1-dən Azərbaycan qazının Rusiyaya ixracına başlanılacaq.

Biz həmçinin Rusiya bazarının tələbat və keyfiyyət standartlarına cavab verən ərzaq məhsullarının, təzə tərəvəz və meyvələrin, şərab-konyak məmulatlarının, meyvə və tərəvəz şirələrinin, heyvan və bitki yağlarının, qoz-fındıq, çay və digər məhsulların  tədarükü üzrə Azərbaycandan ixracın artmasına da inanırıq.

- Sizcə, Azərbaycan iqtisadiyyatının hansı sahələri Rusiya investorları üçün daha cəlbedici ola bilər?

- 2008-ci ildə Rusiyanın Azərbaycan iqtisadiyyatındakı investisiyası 12,4 milyon dollar təşkil edib, bu isə bu istiqamətdəki işlərin fəallaşdırılmasının vacib olduğunu göstərir. Gələcəkdə Rusiya və Azərbaycan arasında yanacaq-energetika və sənaye kompleksində, əlvan metallurgiya, rabitə və informasiya, turizm, yol tikintisi sahələrində qarşılıqlı səmərəli əməkdaşlığın davamına inanırıq. Rusiya investorları üçün neft maşınqayırması, dərman istehsalı, kənd təsərrüfatı məhsullarının emalı və saxlanılması, həmçinin maliyyə və bank sahələri olduqca perspektivlidir.

Rusiyadan keçməklə Avropadan Azərbaycana, İrana, Hindistana və Cənub-Şərqi Asiya ölkələrinə dəmiryolu nəqliyyatının təşkil edilməsi məqsədilə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin inkişafı sahəsində əməkdaşlığın Rusiya üçün strateji əhəmiyyəti var. Bu layihənin həyata keçirilməsi həcmi ildə 15-20 milyon ton olan yüklərin tranzit daşınmasından iştirakçı dövlətlərin əhəmiyyətli dərəcədə qazanc əldə etməsinə imkan verəcək.

- Rusiya məhsullarının Azərbaycana ixracı iqtisadiyyatın hansı sektorunu daha da genişləndirə bilər?

- Rusiya Azərbaycana böyük məhsul tədarükçülərindən biridir. Azərbaycana ixrac edilən məhsulların böyük hissəsini maşınqayırma məhsulları, kimya,  ağac emalı, metallurgiya sənayesi, kənd təsərrüfatı məhsulları təşkil edir. Qeyd etmək lazımdır ki, Azərbaycan bazarı Rusiyanın enerji avadanlıqlarının istehsalçıları üçün böyük əhəmiyyət kəsb edir. İqtisadiyyat sektorunda yuxarıda sadalanan məhsullar üzrə tədarüklərin nomenklaturasının genişləndirilməsi üçün bütün şanslar var, beləki, Azərbaycan bazarında onlara tələbat göz qabağındadır.

- Sizin fikrinizcə, rusiyalı sahibkarlar Azərbaycan bazarına maraq göstərirlərmi və bu maraq nədən ibarətdir?

- Azərbaycan bazarında hazırda 100 faiz Rusiya kapitalı ilə 170 şirkətin və 237 birgə müəssisənin fəaliyyət göstərməsi rusiyalı sahibkarların bu bazara olan maraqlarına sübutdur.  Rusiya kapitalı ilə Azərbaycan bazarında qeydiyyatdan keçən müəssisələrin sayının artması ölkədə investisiya mühitinin yaxşılaşması ilə əlaqədardır. Rusiyalı biznesmenlərin Azərbaycan bazarına marağına nümunə 2008-ci ildə Rusiyanın "Baltika" şirkəti tərəfindən müasirləşdirilməsinə 20 milyon dollar sərmayə qoyulan "Bakı-Kastel" pivə istehsalı zavodunun alınması ola bilər.

Rusiya şirkətləri 1,2 trilyon kubmetr təbii qaz ehtiyatlı "Şah Dəniz" qaz yatağının işlənməsinin ikinci mərhələsində də iştirak payının artırılmasında maraqlıdırlar.

Sahibkarlarımızın digər perspektivli mümkün maraq sahələri arasında Azərbaycanın əlvan metallurgiya sahəsini, həmçinin kiçik SES-lərin, kənd təsərrüfatı məhsullarının emalı və saxlanılması üzrə müəssisəslərin özəlləşdirilməsində iştirakını qeyd etmək olar.

- Qlobal maliyyə böhranı şəraitində Azərbaycan və Rusiya arasında əməkdaşlığın hansı istiqamətlərinə və hansı iqtisadiyyat sahələrinə üstünlük verilməlidir?

- Hər bir səviyyədə tərəfdaşlar arasında iqtisadi əməkdaşlıq məsələlərində qlobal maliyyə böhranı şəraitində ilk növbədə iki kriteriya irəli sürülür: praqmatiklik və qarşılıqlı mənfəət.  Biz qlobal maliyyə böhranı şəraitində məhsul tələb olunan sahələrdə əməkdaşlıq etməliyik. Nümunə kimi Azərbaycan tərəfinə neft-qaz sənayesi avadanlıqları və alətlərinin tədarükünün, həmçinin qazma xidmətlərinin göstərilməsi, quyuların kapital təmiri və s. lazım olmasını və Rusiya tərəfinin bu tələbatları ödəməyə qadir olmasını qeyd edə bilərik.  Digər qarşılıqlı səmərəli sahələri də tapmaq olar.

Rusiya müəssisələrinin Azərbaycanın Xəzər dəniz gəmçiliyinin sifarişi ilə quru mal daşıyan gəmilərin və tankerlərin hazırlanması və ya Azərbaycan FHN-i üçün Rusiya istehsallı xüsusi təyinatlı aviatexnikanın alışı kimi böyük sifarişi yerinə yetirməsi də bu nümunələrdəndir. Yüngül sənaye, dərman istehsalı sahələrində birgə müəssisələrin yaradılması, kənd təsərrüfatı və yol tikinti texnikası xidmətlərinin göstərilməsi üzrə lizinq şirkətlərinin yaradılması aktualdır. Bundan başqa, nanotexnologiyalar sahəsində əməkdaşlıq da aktualdır və hər iki tərəf bu sahədə qarşılıqlı əlaqə məsələlərini nəzərdən keçirir.

Xəbər lenti

Xəbər lenti