Azərbaycan, Bakı, 05 avqust / Trend , müxbir C.Babayeva /
Azərbaycan Xarici İşlər Nazirliyi çərşənbə günü ölkə vətəndaşlarına Tacikistanda mövcud olan vəziyyətlə bağlı xəbərdarlıq edib.
"Tacikistanda təhlükəsizliklə bağlı ümumi vəziyyət sabit olsa da, bu ölkənin Əfqanıstan, Qırğızıstan və Özbəkistanla sərhəd ərazilərinə səyahətlər çox təhlükəlidir. Bu ölkələrlə sərhədlərin hər iki tərəfində yerləri nişanlanmış və nişanlanmamış minalanmış ərazilər mövcuddur. Bu ərazilərə Soqdi vilayəti, Tavildara regionu, Darvaz, İsfar, Vanc, Ruşan, Rəşt və Rudəki rayonları aiddir. Bunlardan başqa Rəşt vadisində və Garm/Tavildara regionunda yaz aylarında güclü torpaq sürüşmələri baş verir. Bu ərazilərə gedərkən səyahətçilərin yuxarıda deyilənləri nəzərə almaları tövsiyə olunur", - XİN-in yaydığı məlumatda bildirilib.
XİN xəbərdarlıq edib ki, paytaxt Düşənbə təhlükəsiz olsa da, Əfqanıstanla sərhəd ərazilərdə tez-tez narkotik alverçiləri və sərhədçilər arasında silahlı toqquşmalar baş verir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, Tacikistanda "donuz qripi"nə yoluxma halları baş verməsə də, ümumi regionda "donuz qripi" ilə əlqədar təsdiqlənmiş faktlar mövcuddur.
Nazirlik Tacikistanda daimi, müvəqqəti yaşayan və olan Azərbaycan vətəndaşlarına hər hansı problemlə əlaqədar onlara yardım göstərilməsi üçün Azərbaycanın Tacikistandakı səfirliyi ilə əlaqə saxlamalarını və konsulluq qeydiyyatına durmalarını tövsiyə edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]