Azərbaycan, Bakı, 13 avqust / Trend , müxbir E.Tariverdiyeva /
Təcrübəli və tanınmış diplomat Metyu Brayzanın ABŞ-ın Bakıdakı səfiri vəzifəsinə mümkün təyinatı Azərbaycanın ABŞ üçün strateji rolunun vacibliyi barədə siqnal olacaq. Ekspertlər belə hesab edir.
"Düşünürəm ki, Brayzanın təyinatı rəsmiləşərsə, bu, Bakı və Vaşinqton arasındakı əməkdaşlığı daha da möhkəmləndirəcək", - Trend -a Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə hesab edir.
İyunun əvvəlində "Foreign Policy" jurnalı xəbər verib ki, ABŞ Konqresində dövlət katibinin köməkçisinin müavini Metyu Brayzanın ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə təyin edilməsinin mümkünlüyü ətrafında qeyri-rəsmi müzakirələr aparılır.
"Mənim Azərbaycana səfir təyin olunmağım barədə məsələ hələ ki, həll olunmayıb", - Brayza avqustun 12-də Bakıdakı brifinqdə deyib.
Brayza əlavə edib ki, Qafqazdakı fəaliyyətini məmnuniyyətlə davam etdirərdi, ancaq bu məsələ onun rəhbərləri tərəfindən həll edilir.
Sentyabrda Brayzanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədri vəzifəsindəki səlahiyyətləri başa çatır.
Ekspertlərin fikrincə, Brayza kimi təcrübəli bir diplomatın Bakıya səfir təyin olunması regionda baş verən bir çox hadisələrə müsbət təsir göstərəcək.
MDB ölkələri üzrə rusiyalı analitik Vladimir Jarixin hesab edir ki, Metyu Brayza kimi təcrübəli və tanınmış diplomatın ABŞ-ın Bakıdakı səfiri vəzifəsinə təyinatı, bu ölkənin ABŞ üçün vacibliyini nümayiş etdirir.
Mollazadənin sözlərinə görə, Brayza ABŞ-ın regionla münasibətlərində böyük təcrübəyə malikdir. Deputatın fikrincə, Brayza uzun müddət "Bakı-Tbilisi-Ceyhan" neft kəməri kimi enerji müqavilələrinin irəlilədilməsi və realizəsində iştirak edib. "Metyu Brayza bu sahədə də layihələrin uğurlu realizəsi üçün öz enerji və fəallığı ilə çox şey edib", - Mollazadə bildirib.
O hesab edir ki, Brayza dövlət katibinin Cənubi Qafqaz üzrə köməkçisi olduğu vaxtlarda uzun müddət regional münaqişələrin həlli prosesində çox fəal iştirak edib.
"Onun əsas xidməti Azərbaycan və ABŞ münasibətlərinin inkişafı üçün çox şey etməsidir", - Mollazadə qeyd edib.
Erməni politoloq Riçard Qiraqosyan hesab edir ki, Brayzanın bu vəzifəyə təyinatı onun məlumatlılığı, əlaqələri və regionu yaxşı tanımasından xəbər verir.
"Bu təyinat yalnız Azərbaycanın ABŞ üçün strateji əhəmiyyətini əks etdirmir. Bu həm də yaxınlarda Bakı ilə Moskva arasındakı münasibətlərin istiləşməsi ilə bağlıdır, - Trend -a elektron poçtla Qiraqosyan deyib. - Brayza Vaşinqton üçün böyük təcrübəyə malik tanınmış diplomatı Bakıya səfir kimi çətin bir vəzifəyə təyin etmək şansıdır".
Onun fikrincə, hazırda ABŞ Bakıya yeni səfirini mümkün qədər tez təyin etməlidir.
"Hazırda regional hadisələr baxımından və ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ probleminin həllində vasitəçi kimi diplomatik səylərinin gücləndiyi bir zamanda həddindən artıq şeylər baş verdiyindən bu vəzifə lazım olduğundan çox zaman ərzində boş qala bilməz", - Qiraqosyan bildirib.
Qafqaz üzrə avropalı ekspert Liçinia Simao hesab edir ki, Brayzanın təyinatı, onun dövlət katibinin Avropa və Asiya işləri üzrə köməkçisinin müavini, ATƏT-in Minsk qrupunun həmsədri və Xəzər regionunda enerji siyasəti üzrə amerikalı müşavir vəzifəsindəki peşəkar təcrübəsi nəzər alınmaqla təbii seçimdir.
"Brayza Cənubi Qafqaz məsələləri üzrə ən çox məlumatlı amerikalı eksperlərdən biri olmaqla (Moskva da daxil olmaqla) regional liderlərlə sıx münasibətlərə malikdir və onun Bakıya səfir təyin olunması ilə ABŞ-ın, onun şəxsən yaxşı tanış olduğu liderlərlə yaxınlığının möhkəmləndirilməsi anlamına gələr", - Trend -a elektron poçtla Cənubi Qafqaz ölkələri üzrə ekspert, University of Coimbra-nın əməkdaşı Simao deyib.
Digər azərbaycanlı siyasətçi Tofiq Abbasovun fikrincə, Metyu Brayza ABŞ-Azərbaycan münasibətlərində müəyyən aktivliyə malikdir, Xəzər regionunda enerji konyukturunun formalaşdırılmasında durumla tanışdır.
"Yeni vəzifədə o, daha vacib rol oynaya bilər, çünki Fövqəladə və Səlahiyyətli səfirin sözü, xüsusi nümayəndənin mövqeyindən daha samballı yükə malikdir", - Abbasov hesab edir.
Onun sözlərinə görə, Ermənistanda Brayzanı azərbaycanyönlü siyasətçi kimi tanıyırlar, çünki guya onun son bəyanat və qiymətləndirmələri rəsmi Yerevanın mövqeyi ilə uyğun gəlmir.
"Erməni siyasətçilərinin bəyanatlarına şərh vermək istəməzdim, bu yaxşı iş deyil, ancaq bir şeyə şübhə etməyə dəyməz - Brayza əsl amerikalı diplomatıdır və hər şeydə öz ölkəsinin maraqlarını güdür", - Trend -a Lider TV-nin analitik qrupunun eksperti Abbasov deyib.
"Brayza Vaşinqtonm ierarxiyasında sonuncu adam deyil", - Trend -a Moskvadan telefonla, MDB Ölkələri İnstitutunun direktor müavini Jarixin bildirib.
"Yaxşı ki, Dağlıq Qarabağ münaqişəsinin həlli durumunu əla bilən Brayza bu problem üzrə qərarların qəbulu mərkəzindən uzaqlaşmır ", - o deyib.
Ancaq azərbaycanlı ekspert Azər Mürsəliyevin fikrincə, Azərbaycan kimi ölkədə səfirin rolunu həddindən artıq qiymətləndirmək olmaz.
"Ölkənin geosiyasi "künc-bucaqda qaldığı" durumda səfirin rolunun xüsusi çəkisi ola bilər, ancaq Azərbaycan hazırkı durumda yalnız ABŞ deyil, həm də digər regional oyunçuların yetərincə sıx diqqət mərkəzindədir", - Trend -a Moskvadan telefonla, "Kommersant" qəzetinin baş redaktoru Mürsəliyev bildirib.
Onun sözlərinə görə, bu durumda Dövlət Katibliyi, Pentaqon və müxtəlif ABŞ korporasiyaları üçün səfir, informasiya və əlaqələr heç də yeganə kanal deyil, kimin səfir olmasının xüsusi fərqi yoxdur.
Müşahidəçilər Brayzanın təyinatının Moskvaya mümkün reaksiyasını da qeyd edirlər.
Simaonun fikrincə, onun Gürcüstan rəhbərliyinə xüsusi yaxınlığı nəzərə alınmaqla, Brayzanın Bakıya səfir kimi mümkün təyinatına rus tərəfinin reaksiyası ilə bağlı narahatlıq var.
"Bunun Azərbaycan-Rusiya münasibətlərinə ziyan vurub-vurmayacağını söyləmək çətindir, ancaq Bakı Moskvaya öz yanaşma yolunu hazırlayıb və ABŞ-ın Bakıdakı səfiri bu ikitərəfli münasibətlərə məhdud təsir dairəsinə malik olacaq", - Simao qeyd edib.
Onun fikrincə, ümumilikdə Brayza, onun Gürcüstandakı şəxsi nailiyyətlərinə zərbə vuran 2008-ci ildə Gürcüstanda baş verən müharibədən sonra diplomatik karyerasını təbii ki, davam etdirəcək.
"Bakıda olarkən o, enerji sahəsində əlaqələrin gələcək inkişafına, ABŞ və Azərbaycanın xarici siyasətinin maraqlarının yaxınlaşmasına yardımçı olacaq", - Simao bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]