...

Azərbaycanın birinci xanımı "XXI əsrin böyük qadını" fəxri titulunun nominantıdır

Siyasət Materials 21 Avqust 2009 11:28 (UTC +04:00)
Azərbaycanın birinci xanımı "XXI əsrin böyük qadını" fəxri titulunun nominantıdır

Məlum olduğu kimi, "XXI əsrin böyük qadını" fəxri tituluna zəmanəmizin bir sıra görkəmli qadınları, o cümlədən İngiltərə Kraliçası II Yelizaveta, Amerika Birləşmiş Ştatlarının indiki dövlət katibi Hillari Klinton, öz xeyirxah əməlləri ilə dünya şöhrəti qazanmış Tereza Ana və başqaları layiq görülmüşlər. Lap yaxın vaxtlarda, bu il iyulun axırlarında isə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva bu beynəlxalq səviyyəli titula layiq görülmək üçün nominant kimi irəli sürülmüşdür. Bu barədə "AzərTAc" dövlət informasiya agentliyi məlumat yayıb.

Beynəlxalq Niaqara Festivalının bədii rəhbəri, Toronto Kral Konservatoriyasının professoru Atis Bankas, Moskva Konservatoriyasının professoru, Niaqara Festivalının "İpək yolu" Komitəsinin həmsədri Nina Koqan, "İpək yolu" kamera orkestrinin baş dirijoru və "İpək yolu" Komitəsınin sədri, həmvətənimiz İsmayıl Hacıyev və Beynəlxalq Niaqara Festivalının baş meneceri Virciniya Meynprays bu təkliflə Amerika Bioqrafiya İnstitutunun prezidenti cənab Evansa müraciət etmişlər. Onların hamısı Azərbaycanın böyük şərqşünas alimi Aida İmanquliyevanın adını daşıyan Kanada Beynəlmiləl Universal Bəşəri Dəyərlər Mərkəzinin İdarə Heyətinin üzvləridir.

Amerika Bioqrafiya İnstitutuna müraciətin müəllifləri öz təkliflərini əsaslandırmaq üçün Mehriban xanımın öz ölkəsinin mədəni sərvətlərinin inkişafına, Şərq və Qərb mədəniyyətlərinin yaxınlaşmasına yönəlmiş, mənəvi yaradıcı inteqrasiyaya kömək edən geniş fəaliyyətini vurğulamışlar. Onun yaratdığı Azərbaycan Mədəniyyət Fondu bu fəaliyyəti həyata keçirmək üçün festivallar, sərgilər, konsertlər, mədəniyyət sahəsi ilə əlaqədar digər tədbirlər təşkil edir. Bircə misal göstərək: Azərbaycan musiqi folklorunun ənənəvi klassik forması olan muğamı təbliğ etmək məqsədilə Bakıda Muğam Mərkəzi yaratmaq barədə Prezident İlham Əliyevin dəstəklədiyi təşəbbüsün müəllifi ölkəmizin birinci xanımıdır.

Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təhsil, səhiyyə və idman sahəsində geniş və çoxşaxəli iş aparılır.

Müraciətdə qeyd edilir ki, Heydər Əliyev Fondunun prezidenti uşaqlara, onların problemlərinə xüsusi diqqət yetirir. Fondun xeyriyyə proqramı Azərbaycanda uşaq evlərinin yenidən qurulmasını və modernləşdirilməsini, məktəblər açılmasını, diabetdən və digər ağır xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə olunmasını əhatə edir. Qocalar evlərinə də ən müasir tibbi səviyyədə kömək göstərilir.

Müraciətdə Azərbaycanın birinci xanımının beynəlxalq miqyasda fəaliyyəti xüsusi vurğulanır. Sənəddə deyilir: "Xanım Əliyevanın təşəbbüsü ilə Niaqarada Azərbaycan Muğamı Günləri keçirilməsi, Niaqara Festivalının təşkilati strukturu çərçivəsində "İpək yolu" komitəsinin yaradılması Şimali Amerikanın mədəni həyatında əlamətdar hadisəyə çevrilmişdir. Qədim İpək yolu üzərində yerləşən ölkələrin musiqisinin və bütün mədəniyyətinin inkişafına kömək məsələsində xanım M.Əliyevanın rolu nəzərə alınaraq, ona Niaqara Festivalının yüksək mükafatı - dünya mədəniyyətlərinin və sivilizasiyaların yaxınlaşması və inteqrasiyası üzrə nəcib missiyanı həyata keçirən insanın qədim rəmzi olan "Sülh qızılgülü" mükafatı verilmişdir..."
Amerika Bioqrafiya İnstitutunun prezidentinə ünvanlanmış müraciətdə daha sonra YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dünya irsinin qorunub saxlanmasında iştirakını təsdiq edən konkret faktlar göstərilir. Onun başçılıq etdiyi Heydər Əliyev Fondu ilə Roma Katolik Cəmiyyəti arasında imzalanmış Memoranduma müvafiq olaraq, Fransada Strasburq Kafedral kilsəsinin, Bakıdakı Müqəddəs Məryəm katolik kilsəsinin bərpası üçün vəsait ayırmışdır. Fond "Azərbaycan tolerantlığın ünvanıdır" layihəsi çərçivəsində ölkədəki bütün dini abidələrin bərpasına yardım göstərir.

Azərbaycanın birinci xanımını XXI əsrin tanınmış görkəmli qadınları olan müasirlərimiz sırasına daxil etmək təklifi ilə Amerika Bioqrafiya İnstitutunun ünvanına daxil olmuş digər müraciəti Niaqara şəhər meri lord Qeri Borrou imzalamışdır. Keçən il bu şəhərdəki İncəsənət qalereyasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstü qoyulmuşdur. İlk növbədə Mehriban Əliyevanın dəstəyi sayəsində həyata keçirilmiş bu tədbir Kanada ilə Azərbaycan arasında əsl mədəni körpüyə çevrilmişdir.

Bəli, həqiqətən böyük işlər görən Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın yorulmaz fəaliyyəti dünya miqyasında qiymətləndirilməyə layiqdir!

Xəbər lenti

Xəbər lenti