Hazırda Türkiyə-Ermənistan sərhədlərinin açılması Azərbaycanın milli maraqlarına ziddir – xarici işlər naziri (MÜSAHİBƏ)

Siyasət Materials 29 Sentyabr 2009 12:53 (UTC +04:00)

Trend -un Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə ekskluziv müsahibəsi

ABŞ, Nyu-York, 29 sentyabr / Trend , müxbir K.Paşayeva/

- ABŞ-a səfərinizi necə qiymətləndirirsiniz? Kimlərlə görüşlər keçirdiniz və hansı əsas məsələlər müzakirə olundu? 

- Bütün dövlətlərin və beynəlxal təşkilatların diqqət mərkəzində olan BMT Baş Assambleyasının sessiyalarının ümumi müzakirələri müxtəlif fərdi görüşlərin keçirilməsi və qarşılıqlı münasibətlərin müzakirə edilməsi üçün də yaxşı fürsətdir. Nyu-Yorka bu dəfəki səfərim vaxtı BMT çərçivəsində nəzərdə tutulmuş tədbirlərlə yanaşı, ABŞ, Avstriya, İsrail, Livan, Türkiyə, Portuqaliya, Estoniya, Qazaxıstan, Sloveniya, Kuba, İsveçrə, Avropa Komissiyası, İslam Konfransı Təşkilatının (İKT) nümayəndələri ilə görüşdüm, habelə GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və İKT-nin tədbirlərində də iştirak etdim. Görüşlərdə qeyd olunan ölkələr və təşkilatlarla Azərbaycanın əməkdaşlığının cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Səfər çərçivəsində Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşmək imkanım oldu, habelə səfər vaxtı xarici işlər naziri Əhməd Davudoğlu ilə iki dəfə görüşdüm. Görüşlərdə iki ölkə arasında əməkdaşlığın bütün iqtiqamətləri üzrə, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı fikir mübadiləsi aparıldı.

- Siz həmçinin ATƏT-in Mİnsk Qrupunun həmsədrləri ilə Azərbaycan və Ermənistan prezidentlərinin Kişnyovda olacaq görüşünü hazırlamaq üçün görüşlər keçirməli idiniz. Siz bu görüşü necə qiymətləndirirsiniz?

- Bəli, səfər çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə də görüşdüm. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı son vəziyyət, habelə Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün təşkili məsələləri müzakirə olundu.

- Ermənistan Prezidenti Serj Sarkisyan "Vesti" proqramına müsahibəsində bildirib ki, Qarabağın azərbaycanlı qaçqınlarının öz doğma yerlərinə qayıtmaq üçün tam hüququ var, amma bu ancaq Dağlıq Qarabağın statusu tam müəyyənləşdikdən sonra mümkün ola bilər. Azərbaycan tərəfi isə bu məsələdə başqa mövqedən çıxış edərək, Dağlıq Qarabağın statusunun yalnız qaçqınlar və məcburi köçkünlərin işğal olunmuş ərazilərə qayıtmasından sonra müəyyən olunacağını bildirib.

- Biz münaqişənin nizamlanması ilə bağlı mövqeyimizi dəfələrlə səsləndirmişik. Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılmalı, həmin ərazilərdə normal həyat şəraiti qurulmalı, bütün kommunikasiyalar bərpa olunmalı, məcburi küçkünlər işğaldan azad olunmuş ətraf rayonlara, habelə Dağlıq Qarabağa qayıtmalıdıralr və yalnız bundan sonra status məsələsi müəyyənləşdirilə bilər.

- ABŞ-ın yeni hökuməti hakimiyyətə gəldikdən sonra ABŞ-ın Cənubi Qafqaz və Yaxın Şərq regional siyasətində müəyyən dəyişikliklər müşahidə edilməkdədir. Sizin fikrinizcə, bu dəyişikliklər ABŞ-ın Azərbaycanla srateji əlaqələrinə və xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin həllinə nə kimi təsir göstərə bilər?

- Nyu-Yorka səfərim çərçivəsində ABŞ-ın Dövlət katibi Hillari Klintonla görüşdüm. Bu, mənim cari il ərzində xanım Klintonla ikinci görüşüm idi. Mehriban və konstruktiv şəraitdə keçən görüşdə Azərbaycan-ABŞ münasibətlərinin bütün istiqamətləri ətrafında fikir mübadiləsi apardıq və iki ölkə arasındakı strateji əməkdaşlığı yüksək qiymətləndirdik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması müzakirələrimizdə əsas mövzulardan oldu. Klinton bir daha münaqişə ilə bağlı status-kvonun yolverilməzliyini və bütün regionda sülh və təhlükəsizliyin təmin olunması üçün münaqişənin nizamlanmasının vacibliyini bildirdi və ABŞ administrasiyasının münaqişənin tezliklə nizamlanması ilə bağlı öhdəliyini təsdiq etdi.

- Dünyanin aparıcı dövlətləri, xüsusilə də ATƏT-in Minsk Qrupuna üzv olan dövlətlər bu gun Ermənistan və Türkiyə arasında sərhədlərin açılmasına böyük diqqət göstərir. Sizin fikrinizcə, sərhədlərin açılması Dağlıq Qarabağ məsələsinin həll olunmasına nə kimi təsir göstərə bilər?

- Bu məsələ ilə bağlı bizim mövqeyimiz birmənalıdır. Türkiyə Ermənistanla sərhədləri 1993-cü ildə Kəlbəcərin Ermənistan tərəfindən işğalından sonra bağlamışdır. Bu gün hələ də Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı davam edir və işğalın nəticələri ilə bağlı heç nə dəyişməmişdir. Belə bir şəraitdə Türkiyə ilə Ermənistan sərhədlərinin açılması ölkəmizin milli maraqlarına ziddir. Türkiyənin yüksək səviyyəli rəsmiləri də dəfələrlə məsələ ilə bağlı mövqelərini birmənalı şəkildə açıqlayaraq bildirmişlər ki, bu iki məsələ bir-biri ilə bağlıdır və Azərbaycan torpaqları işğaldan azad olunmayınca Türkiyə Ermənistanla sərhədləri açmayacaq.

- ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri dəyişdirildi. Necə düşünürsünüz, Robert Bradtkedən hər hansı yeni bir təşəbbüs gözləmək olarmı?

- Qeyd etdiyim kimi, Nyu-Yorkda ATƏT-in Minsk Qrupu həmsədrləri ilə görüşümüz oldu. Həmin gürüşdə ilk dəfə olaraq amerikalı yeni həmsədr Robert Bradtke ilə görüşürdüm. Dövlət katibi Klintonla görüşümüzdə Bradtke də iştirak edirdi. Artıq dediyim kimi dövlət katibi mənimlə görüşündə ABŞ hökumətinin münaqişənin tezlikə nizamlanmasına dair öhdəliklərini təsdiq etmiş və bildirmişdir ki, hazırki status-kvo yolverilməzdir və münaqişənin həlli bütün regionda sülh və təhlükəsizliyin təmin edilməsi üçün vacibdir. İnanıram ki, təcrübəli diplomat kimi cənab Bratkenin fəaliyyəti nizamlanma prosesinə töhfə verəcəkdir.

- Kolumbiya Universitetində çıxışınız zamanı ABŞ-Azərbaycan strateji münasibətlərindən, Azərbaycanın regiondakiı əhəmiyyətli və vacib rolundan bəhs etdiniz. Hazırki vəziyyətdə iki dövlət arasındakı münasibətləri necə qiymətləndirirsiniz?

- Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq mövcuddur. Geniş əhatəyə malik olan Azərbaycan-ABŞ əməkdaşlığı istər ikitərəfli, istərsə də çoxtərəfli səviyyədə uğurla davam edir.

- Azərbaycan dövlətinin NATO Alyansına qoşulmaq məqsədi varmı? Əgər yoxdursa, nə üçün müdafiə sistemini NATO standartlarına uygun yaradır?

Avropa və Avroatlantik dəyərlərini bölüşən bir ölkə kimi Azərbaycan NATO-nun "Sülh naminə Tərəfdaşlıq" proqramına qoşulan ilk ölkələrdən biri olmuşdur. Biz hazırda Avro-Atlantik Tərəfdaşlıq Şurası və digər vasitələrlə NATO ilə mövcud əməkdaşlığı inkişaf etdiririk. Bu qurumla əməkdaşlığımız Fərdi Tərəfdaşlıq Fəaliyyəti Planı çərçivəsində də davam edir. Bu əməkdaşlıq Azərbaycan silahlı qüvvələri, hüquq-mühafizə orqanları, sərhəd xidməti və fövqəladə hallarla məşğul olan qurumlarının peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsinə böyük töhfələr verir.

Xəbər lenti

Xəbər lenti