Azərbaycan, Bakı, 13 noyabr / Trend , müxbir K.Zərbalıyeva/
Türkiyədəki Türk Strateji Araşdırmalar Mərkəzinin (TURKSAM) direktoru Sinan Oğan Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində "Cənubi Qafqazda mövcud proseslər və onların inkişaf perspektivləri" adı altında keçirilən görüşdə Yerevanın Azərbaycan-Türkiyə müttəfiqliyini özünə təhlükə kimi qəbul etdiyini bildirib.
"Yerevan Ankara-Bakı müttəfiqliyini özü üçün təhdid hesab edir", - deyə Oğan bildirib.
Oğan onu da qeyd edib ki, Azərbaycan və Türkiyə arasında olan "bir millət iki dövlət" prinsipi bəzi qüvvələr tərəfindən qısqanclıqla qarşılanmaqdadır.
"ATƏT-in Minsk qrupundakı amerikalı keçmiş həmsədr Metyu Brayza Yerevanda keçirdiyi mətbuat konfranslarının birində Türkiyə və Azərbaycan arasındakı "bir millət iki dövlət" anlayışının bir tərəfə qoyulmasının vacibliyini bildirmişdi", - o qeyd edib.
Oğanın sözlərinə görə, bütün bunlar onu göstərir ki, sadəcə Ermənistan və Rusiya deyil, eyni zamanda, ABŞ da bu müttəfiqliyin əleyhinədir.