...

Yaxın Şərqdə nüvə silahı olmamalıdır - baş katib Əmr Musa (MÜSAHİBƏ)

Siyasət Materials 26 Yanvar 2010 17:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 yanvar / Trend , müxbir Ü.Sadıxova/

Trend -un Yaxın Şərq redaksiyasının Ərəb Ölkələri Liqasının (ƏÖL) baş katibi Əmr Musa ilə müsahibəsi

- Bu yaxınlarda Dağlıq Qarabağ münaqişəsinin həllini diqqətlə izlədiyinizi bildirmisiniz. Azərbaycanın Ərəb Ölkələri Liqasında müşahidəçi statusuna malik olduğunu nəzərə alaraq, ƏÖL olaraq Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini necə qiymətləndirirsiniz? Azərbaycanla gələcəkdə əməkdaşlığın genişlənməsi üçün hansı addımları atmağı planlaşdırırsınız?

- Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi İslam Konfransı Təşkilatı və ATƏT-in Minsk qrupunun mövqeyini nəzərə alan Ərəb Ölkələri Liqasının Baş Katibliyinin diqqət mərkəzindədir. Oktyabr ayında Azərbaycanın birinci vitse-spikeri ilə görüşdə bu münaqişənin müxtəlif aspektləri və onun yaranma səbəbləri üzrə fikir mübadiləsi aparmışam.

ƏÖL Baş Katibliyi Ermənistan və Azərbaycan arasında ərazi münaqişəsi məsələsi ilə bağlı əhatəli araşdırma hazırlanması üzrə müzakirələr aparır. Məruzə bu münaqişə ilə tanış olmaq üçün ƏÖL-in bütün üzvlərinə təqdim ediləcək. Biz hesab edirik ki, bütün tərəflərin hüquqlarının təmin edilməsi və sülh yolu ilə nizamlanmanın əldə olunması üçün əhatəli əməkdaşlıq böyük əhəmiyyət kəsb edir. Bu münaqişənin davam etməsinin qarşısını almaq lazımdır, çünki münaqişə regionun və hər iki tərəfin stabilliyi və təhlükəsizliyi üçün təhlükə yaradır.

Fürsətdən istifadə edərək, mən ATƏT-in Minsk qrupunu və ƏÖL-in üzv dövlətlərini sülh razılığının əldə edilməsi və regionda qonşu olan ölkələrlə əlaqələrin qurulması üçün öz səylərini aktivləşdirməyə çağırıram.

Azərbaycan və ƏÖL arasındakı əlaqələrin inkişafına gəlincə, ilk növbədə, onu deyə bilərəm ki, Azərbaycan Prezidenti Baş Katiblikdə olub, həmçinin qarşılıqlı maraq kəsb edən sahələrdə ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi məqsədi ilə qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb. Onu da qeyd etmək istərdim ki, vitse-spiker məni Azərbaycana səfərə dəvət edib. Mən də imkan yaranan kimi səfər edəcəyimə söz vermişəm. Bundan əlavə, Azərbaycan Parlamentinin vitse-spikeri məndən münaqişə ərazisi ətrafında vəziyyəti öyrənmək üçün rəsmi şəxslərdən və Baş Katibliyin ekspertlərindən ibarət qrup göndərməyi xahiş edib. Təklif qüvvədə qalır və Baş Katiblikdə gözdən keçirilir.

Liqa Azərbaycan da daxil olmaqla, Avrasiya məkanında baş verən hadisələri diqqətlə izləyir. Liqa Şurası çərçivəsində region ölkələri ilə əməkdaşlığı, ərəb və Avrasiya ölkələri arasında əməkdaşlığa dair iqtisadi forumun yaradılmasını təsdiq edən sənədlər qəbul edilib.

- Yaxın Şərqin nüvə silahından azad edilməsi məsələsi bəzi regional ölkələrin xarici siyasətinin prioriteti olub. Eyni zamanda, İran öz nüvə proqramını inkişaf etdirməyə davam edir, ərəb ölkələri isə sülh məqsədləri üçün öz nüvə proqramlarını buraxmağı planlaşdırırlar. Fikrinizcə, belə bir şəraitdə Yaxın Şərq nüvə silahından azad region ola bilərmi?

- Şübhəsiz ki, Yaxın Şərq nüvə silahından azad region olmalıdır. Ərəb Ölkələri Liqası bu məsələ üzrə ciddi tədbirlər qəbul edib. Biz Ərəb Ölkələri Sülh və Təhlükəsizlik Şurasını yaratmışıq və ərəb ölkələrində təhlükəsizliyin möhkəmlənməsi üçün müvafiq addımlar atmışıq. Bundan əlavə, bütün ərəb ölkələri, həmçinin Türkiyə və İran da nüvə silahının yayılmaması haqqında müqaviləyə qoşulub. Təkcə İsrail bu müqaviləyə qoşulmayıb.

İranın nüvə proqramına gəlincə, bu məsələdə bizim mövqeyimiz aydındır. İran regionun digər istənilən ölkəsi kimi nüvə enerjisindən sülh məqsədləri üçün istifadə etmək hüququna malikdir. Nüvə proqramının hərbi məqsədlə istifadə edilməsinə gəlincə isə, biz buna heç bir ehtiyac görmürük. Nüvə silahının olması barədə heç bir sübut yoxdur. Qeyd etmək lazımdır ki, siyasətdə ikili standartın tətbiqinə şübhə var. Məlumatlar var ki, İsrail nüvə proqramını hərbi məqsədlərlə hazırlayır, lakin heç kəs bu barədə danışmır ki, bu da böyük narazılığa səbəb olur. Heç kəs anlamır ki, İranın nüvə proqramına qarşı çıxmaqla İsrailin hərbi məqsədlər güdən nüvə proqramı gözdən qaçırılır. Maqate öz bəyanatlarında İranın nüvə proqramının hərbi məqsədlər daşıdığını göstərməyib.

- Siz əvvəllər İranın Yaxın Şərqdə sülh prosesində digər tərəflərlə əməkdaşlığına, həmçinin İran və ƏÖL arasındakı əlaqələrin inkişafına ümidvar olduğunuzu demişdiniz. İran regiondakı sülh danışıqlarında necə iştirakçı ola bilər, İran və ərəb ölkələri arasındakı siyasi dialoqu gələcəkdə necə genişləndirmək olar?

- Bəzi ərəb ölkələri ilə fikir ayrılığının olmasına baxmayaraq, İranla bizi tarix, mədəniyyət, din, həmçinin iqtisadiyyat və təhlükəsizlik sahəsində birgə maraqlar birləşdirir. Lakin İranın "Husilər"lə münaqişədəki rolu və BƏƏ ilə üç ada ətrafındakı fikir ayrılığı, həmçinin bir çox digər məsələlər İran-ərəb dialoqunun müzakirə predmeti olaraq qalır. Mən ƏÖL-in baş katibi olandan bəri tərəfləri dialoqa çağırıram və ümid edirəm ki, bunu edə biləcəyəm. İran regionda ən iri dövlətlərdən biridir. Hesab edirəm ki, Avropa ölkələri və ABŞ İranla dialoq üçün "qapı açıblar". Ərəb Ölkələri Liqası dialoq yolunu təklif edib və inandırmağa çalışır ki, bu, ərəb siyasi arenası üçün əvvəlki kimi faydalıdır və mən bu istiqamətdə işləməyə davam edəcəyəm. 

Cənab Əli Laricaninin dekabr ayında ƏÖL-ə səfəri zamanı dialoqun aparılmasının vacibliyini müzakirə etmişik. Fikrimizcə, bu dialoq ərəb-İran əlaqələrindəki bütün mübahisə və fikir ayrılığı məsələlərinə toxunmalıdır. Bundan əlavə, bizim iranlı həmkarlarımız da regional təhlükəsizliklə bağlı danışıqların regionda sülhə maraqlı olan bütün tərəflərlə uyğunlaşdırılmış şəkildə aparılmasına razı olduqlarını təsdiq ediblər. Heç bir dövlət bu cür əlaqələndirilmə olmadan hamının yerinə danışa bilməz. Bu məqamda qeyd etmək istərdim ki, ərəb dünyası Yaxın Şərqin vacib tərkib hissəsidir.

- Hesab edirsinizmi ki, Fələstin təfriqəsi öz növbəsində Fələstin və İsrail arasında sülh prosesinə mənfi təsir göstərir? Milli Fələstin dövlətinin yaradılması ərəb ölkələrinin gələcək səylərindən asılıdırmı?

- Fələstin nifaqına yaxın zamanlarda son qoyulmalıdır və hazırkı vəziyyət bu problem üçün təhlükəli olaraq qalır. Fələstin probleminə son qoymaq ərəblər kimi bizim əsas vəzifəmizdir. Bütün fələstin partiyaları bu təfriqənin dayandırılması üzərində işləməlidir.

Ərəb Ölkələri Liqası vəziyyəti nəzarətdə saxlamaq və fələstinlilərin hüquqlarının itirilməsinə gətirib çıxara biləcək təfriqəyə son qoymaq üçün danışıqlar aparır və səy göstərirlər. Fələstin xalqı çox ağır şəraitdə yaşayır. Biz Qəzza sektorunun mühasirəsini dayandırmağı tələb edirik. Bu mühasirə "anklava" əhalisinin həyatını daha da ağırlaşdırır.

Lakin eyni zamanda, həqiqi problemi də unutmaq olmaz - bu, İsrail işğalının davamı və yəqin ki, sülh istəməyən İsrail hökumətinin qəsəbə salmaq fəaliyyətidir. İsrailin "qəsəbə fəaliyyəti" dayandırılmadan, Qəzza sektoru mühasirədən çıxmadan İsraillə danışıqların aparılması Fələstin xalqının maraqlarında deyil və bu, məntiqsiz olardı.

Əslində isə Fələstin xalqına qarşı cinayətdə təqsirli bilinən şəxslərin məhkəməyə cəlb edilməsi üçün göstərilən diplomatik və hüquqi səylər dünya ictimaiyyətini İsrailin fəaliyyətinin ciddiliyinə inandıra bilib.

Qoldstounun BMT Baş Assambleyası tərəfindən təsdiq edilən və baş katibin baxışında olan məruzəsini Təhlükəsizlik Şurasında müzakirəyə vermək lazımdır. Aİ-nin bu məsələ üzrə bu yaxınlarda tutduğu mövqe də müsbətdir. FƏTH və HƏMAS bu imkanı əldən verə bilməzlər. Onların hər ikisi haqlı deyillər və məsuliyyət daşıyırlar. Biz ərəblər fələstinliləri dəstəkləyirik və Fələstin probleminin həlli üzərində işləyirik. Bu və ya digər tərəfə sülh prosesində əsas müşahidəçi olan Misirin hələ də etdiyi kimi, qabaqcadan tədqiq edilməyən şəkildə yanaşa bilmərik.

- Ərəb KİV-inə bu yaxınlardakı müsahibənizdə demişdiniz ki, ƏÖL-in baş katibi vəzifəsinə təkrar seçilməyəcəksiniz. ƏÖL-in son 5 il ərzində regional münaqişələrin həllindəki iştirakını necə qiymətləndirirsiniz?

- Mən baş katib olandan bəri Liqa həm xarici, həm də daxili problemlərlə qarşılaşıb. Ötən illər ərəblər üçün asan olmayıb. Ərəb dünyası bir sıra təfriqələrlə, münaqişələrlə və qarşıdurmalarla üzləşib. Bu problemlərin həlli üçün Liqa böyük güc sərf edib. Biz indi də problemlərin həlli üçün işləyirik. Ərəb Ölkələri Liqası İraq, Livan, Sudan, Somalidəki bəzi ərəb, beynəlxalq və regional problemlərin həllində mühüm rol oynayıb və bu münaqişələrin həlli üçün öz vəsaitlərindən istifadə edib. Xüsusilə də faktlar təqdim etməyə çalışmışıq, araşdırma və barışıq üzrə komissiyaya göndərmişik. Bəzi hallarda müvəffəqiyyət əldə etmişik, bəzi hallarda isə yox. Lakin biz bu istiqamətdə əvvəlki kimi işləyirik.

Eyni zamanda, keçid ərəb parlamenti yaradılıb, parlamentin ikinci çağırışı bir neçə gün bundan əvvəl Liqada olub. Parlament öz rolunun möhkəmləndirilməsi məsələsini müzakirə edib və ümümərəb səviyyəsində qanunverici orqan kimi məsuliyyəti öz üzərinə götürüb.

Bundan əlavə, ƏÖL vətəndaş cəmiyyətinin və özəl sektorun cəlb edilməsinə, həmçinin bu məsələ üzrə konfrans və iclasların keçirilməsinə çağırıb. ƏÖL-in digər rolları da var ki, ərəb dövlətləri buna riayət etmir. İqtisadi vəziyyət ən azından siyasi vəziyyət və münaqişələrin həlli qədər vacibdir. 2009-cu ilin əvvəlində Küveytdə keçirilən iqtisadi və sosial inkişaf üzrə sammitdə iqtisadi məsələlər geniş şəkildə müzakirə edilib. ƏÖL-in dəstəklədiyi dəmir və avtomobil yollarının genişlənməsi layihələri var. Bununla yanaşı, regional və beynəlxalq forumlar - ərəb-türk, ərəb-yapon, çin, amerika və s. forumlar keçirilir. Bütün bunlara son 5 il ərzində başlanğıc verilib.

2005-ci ildə ərəb ölkələri arasında azad ticarət zonası yaradılıb. İndi isə biz 2015-ci ildə ərəb gömrük ittifaqının yaradılması məsələsini müzakirə edirik. Bunun ardınca isə vahid ərəb bazarı yaradılacaq. Həmçinin ərəb ölkələri arasında elektoenergetika əməkdaşlıq layihələri üzrə işlərə başlanılıb. Qaz kəmərlərinin qoşulması, elektrik şəbəkələrinin inşasının başa çatdırılması üzrə işlər görülür. Avtomobil və dəmir yolları inşa edilir və onların tikintisinin 10 il müddətində başa çatdırılması planlaşdırılır. Ərəb Ölkələri Liqasının himayəsi altında işləyən ərəb fondlarının özünü maliyyələşdirməsi üzrə də işlər görülür.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti