Azərbaycan, Bakı, 04 mart / Trend , müxbir H.Bağırov/
Azərbaycanda narkotik alverində ittiham olunan şəxslərin cəzalarının ağırılaşdırılması ilə bağlı prokurorluğun apelyasiya protestinə baxılıb.
Trend -un məlumatına görə, bu gün Bakı Apelyasiya Məhkəməsində İran vətəndaşı Mənsur İzətulla oğlu Fərruxinin, Azərbaycanın Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları Rahib Vaqif oğlu Qarayevin, Etibar Əlikram oğlu Atakişiyevin, Qoşqar Dədəbəy oğlu Ağayevin barəsində Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin çıxardığı hökmdən prokurorluğun verdiyi apelyasiya şikayəti üzrə qərar elan edilib.
Qərara görə, Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin hökmü dəyişdirilib. Məhkəmə Fərruxinin 13 il, Qarayevin 12 il, Atakişiyevin 11 il, Ağayevin 11 il azadlıqdan məhrum edilməsi ilə bağlı hökm elan edib.
Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin hökmü ilə Fərruxinin 10 il, Qarayevin 7 il, Atakişiyevin 5 il, Ağayevin isə 5 il azadlıqdan məhrum edilməsi ilə bağlı hökm elan etmişdi.
Adıçəkilən şəxslər DSX-nin Yardımlı rayonunda yerləşən ərazidə İran-Azərbaycan dövlət sərhədinin mühafizəsini həyata keçirərkən qanunsuz olaraq küllü miqdarda narkotik vasitənin Azərbaycana keçirilməsini təşkil ediblər.
2008-ci ilin avqustun 29-dan 30-na keçən gecə Dövlət Sərhəd Xidməti və Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində təqsirləndirilən şəxslər tutulub.