...

Saxta soyqırım məsələsinin ABŞ Konqresində müzakirəyə çıxarılması ədalət meyarlarına uyğun deyil – Əli Əhmədov

Siyasət Materials 4 Mart 2010 16:56 (UTC +04:00)
Azərbaycanın hakim partiyasının sədr müavini, icra katibi hesab edir ki, saxta "erməni soyqırımı" ilə bağlı məsələnin ABŞ Konqresində müzakirəyə çıxarılması nə həqiqət, nə də ədalət meyarlarına uyğun gəlir.
Saxta soyqırım məsələsinin ABŞ Konqresində müzakirəyə çıxarılması ədalət meyarlarına uyğun deyil – Əli Əhmədov

Azərbaycan, Bakı, 04 mart / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın hakim partiyasının sədr müavini, icra katibi hesab edir ki, saxta "erməni soyqırımı" ilə bağlı məsələnin ABŞ Konqresində müzakirəyə çıxarılması nə həqiqət, nə də ədalət meyarlarına uyğun gəlir.

"Təəssüf doğuran haldır ki, ABŞ Konqresinin Nümayəndələr Palatası qondarma, tarixdə həqiqi izləri olmayan məsələyə - uydurma "erməni soyqırımına" bu qədər önəm verir", - Trend -un məlumatına görə, cümə axşamı hakim Yeni Azərbaycan Partiyasının (YAP) internet saytına partiyanın sədr müavini, icra katibi Əli Əhmədov bildirib.

Trend -un arayışı: Erməni soyqırımı iddiası - Birinci Dünya Müharibəsi ərəfəsində Anadoluda yaşayan ermənilərin kütləvi şəkildə məhv edildiyini irəli sürən iddiadır. Türkiyə hadisələri sadəcə erməni-türk qarşıdurması kimi dəyərləndirir.

ABŞ Konqresinin Xarici əlaqələr komitəsinin sədri Hovard Berman "erməni soyqırımı" haqqında qanunun martın 4-də müzakirəyə çıxarılmasını təklif edib.

Əhmədovun fikrincə, əslində bu fakt tarixin saxtalaşdırılmasına dəstək kimi qiymətləndirilməlidir.

"Tarixin saxtalaşdırılmasına ABŞ Konqresi tərəfindən bu şəkildə dəstək verilməsi, əslində bundan sonra da bu istiqamətdə saxtalaşdırma işlərinə kimlərisə həvəsləndirmək funksiyasını yerinə yetirə bilər. Digər tərəfdən belə bir sənədin qəbul olunması, yaxud bu istiqamətdə cəhdlərin göstərilməsi təzyiq üsullarından istifadə edilməsinə işarədir", - sədr müavini əlavə edib.

Onun sözlərinə görə, saxta məsələnin müzakirəyə çıxarılması nə həqiqət, nə də ədalət meyarlarına uyğun gəlir.

"Başqa bir məqam ondan ibarətdir ki, əgər ABŞ Konqresinin Nümayəndələr Palatası qondarma, tarixdə izi olmayan bir məsələ ilə əlaqədar qərar qəbul edəcəksə, bu, ABŞ-ın dostlarını və tərəfdarlarını itirməyə hazır olduğunu bir daha ortaya qoymuş olacaq", - o vurğulayıb.

YAP-ın sədr müavini ABŞ və Türkiyənin dost və tərəfdaş münasibətlərində olduqlarını dəfələrlə bəyan etdiklərini xatırladıb. "Belə bir saxta sənəd qəbul olunarsa, bu, ABŞ-ın dostluq və tərəfdaşlığa hər hansı önəm vermədiyini ortaya qoymuş olacaq. Yəni ABŞ dosta və tərəfdaşa nə dərəcədə münasibət bildirdiyini göstərəcək", - Əhmədov deyib.

Onun fikrincə, bizim üçün önəmli məqam ondan ibarətdir ki, ABŞ Konqresi tərəfindən belə bir sənədin qəbul olunması nə qədər Türkiyəyə qarşı çevrilmiş addım olacaqsa, ondan heç də az olmayan dərəcədə Azərbaycana qarşı çevrilmiş addım olacaq.

"Azərbaycanın dostuna qarşı çevrilmiş qərar, həm də Azərbaycana qarşı yönəlmiş qərardır", - o bildirib.

Sədr müavini deyib ki, həmin qətnamə ABŞ-ın müəyyən maraqları ilə bağlıdır. "İndiki halda məsələnin gündəmə gəlməsi ABŞ-ın ssenarisi əsasında həyata keçirilməsi planlaşdırılan Ermənistan-Türkiyə sərhədlərinin açılmasına dəstək verilməsi ilə əlaqədardır. Türkiyə ilə Ermənistan arasında həm münasibətlərin yaxşılaşması, həm də sərhədlərin açılmasının hamı üçün aydın görünən mexanizmləri var. Ermənistanla Türkiyə arasında sərhədlər Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə etiraz olaraq bağlanıb. Məntiqi olaraq hər kəs bilir ki, bu sərhədlərin açılması üçün Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etməlidir. Bu, problemin həlli üçün yeganə variantdır. Əgər ABŞ bu şərtlər kənarında Ermənistanla Türkiyənin sərhədlərinin açılmasına nail olmaq üçün hətta qondarma "erməni soyqırımı" haqqında qətnamə qəbul etmək niyyətinə düşürsə, hesab edirəm ki, bu, birbaşa ABŞ-ın Minsk qrupunun həmsədri kimi öz üzərinə götürdüyü missiyaya da ən azı hörmətsizliyin ifadəsidir", - Əhmədov qeyd edib.

İcra katibinin fikrincə, ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin nizama salınması vəzifəsini öz üzərinə götürmüş ABŞ maraqlı olmalıdır ki, bu münaqişənin həllinə kömək edə biləcək istənilən addımı dəstəkləsin.

"Biz isə həqiqətdə bunu görmürük, əksinə münaqişənin nizama salınmasına kömək edə biləcək addıma qarşı yönəlmiş davranışın şahidi oluruq. Hesab edirəm ki, bu hərəkət nə vasitəçilik məntiqinə, nə də ədalət və həqiqət məntiqinə sığır. Güman edirəm ki, ABŞ-da sərbəst düşüncəli insanların mövqeyi üstün gələcək və uydurma "erməni soyqırımı" haqqında qətnamənin qəbul olunması baş tutmayacaq", - sədr müavini vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti