Azərbaycan, Bakı, 6 aprel /Trend/
"Yol hərəkəti haqqında" qanunun 1 nömrəli əlavəsində sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan hər hansı formada və ölçüdə örtüklər (pərdə, plyonka) çəkilməsi nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqlar kimi müəyyən olunub. Bu barədə Baki şəhər Dövlət Yol Polisi İdarəsinin məlumatında deyilir.
Dövlət standartlarını müəyyən edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən isə minik avtomobillərində şüşələrin işıq buraxma qabiliyyəti - küləyə qarşı şüşələr üçün 75 faiz, qabaq görünüşü təmin edən, küləyə qarşı olmayan şüşələr üçün 70 faiz, küləyə qarşı olmayan digər şüşələr üçün 60 faizdən aşağı olmamaqla müəyyən edilib.
Beləliklə, minik avtomobillərinin şüşələrinin, pərdə və plyonkalar istisna olmaqla, tündləşdirilməsi - qabaq şüşələr üçün 25 faiz, qabaq-yan şüşələr üçün 30 faiz, arxa-yan şüşələr üçün 40 faiz normal sayılır. Arxa şüşələrin tündləşdirilməsinə, sürücünün arxa görünüşünü məhdudlaşdırmamaq şərti ilə, məhdudiyyət qoyulmur.