...

Fələstin öz müstəqilliyini elan edərsə, Aİ Kosovo təcrübəsinə əsaslanacaq - Avropa missiyasının İsraildəki rəhbəri

Siyasət Materials 13 Aprel 2010 10:37 (UTC +04:00)
Fələstin Administrasiyası Fələstin dövlətinin elan edilməsi barədə birtərəfli qaydada qərar qəbul etdiyi halda, Avropa İttifaqı Kosovo təcrübəsindən istifadə etmək niyyətindədir. "Hələlik bizim Fələstinin müstəqilliyinin elan edilməsi ilə bağlı dəqiq mövqeyimiz yoxdur, lakin Aİ-nin Kosovo təcrübəsi var və belə olan halda onun tətbiqini planlaşdırırıq", - bazar günü Təl-Əvivdə jurnalistlərə Aİ-nin İsraildəki ofisinin rəhbəri Endrü Stendley deyib.
Fələstin öz müstəqilliyini elan edərsə, Aİ Kosovo təcrübəsinə əsaslanacaq -  Avropa missiyasının İsraildəki rəhbəri

İsrail, Təl-Əviv, 12 aprel /Trend, xüsusi müxbir A.Qasımov/

Fələstin Administrasiyası Fələstin dövlətinin elan edilməsi barədə birtərəfli qaydada qərar qəbul etdiyi halda, Avropa İttifaqı Kosovo təcrübəsindən istifadə etmək niyyətindədir. "Hələlik bizim Fələstinin müstəqilliyinin elan edilməsi ilə bağlı dəqiq mövqeyimiz yoxdur, lakin Aİ-nin Kosovo təcrübəsi var və belə olan halda onun tətbiqini planlaşdırırıq", - bazar günü Təl-Əvivdə jurnalistlərə Aİ-nin İsraildəki ofisinin rəhbəri Endrü Stendley deyib.

Fələstin Administrasiyasının Baş naziri Salam Fəyyad ötən həftə bildirib ki, "2011-ci ildə dünya Fələstin dövlətinin yarandığının şahidi olacaq".

İsrail əvvəl olduğu kimi, yenə də bu bəyanatı təkzib edərək bildirib ki, Fələstin dövləti yalnız "iki dövlət"in - Fələstin və İsrailin problemlərinin həllini nəzərdə tutan "yol xəritəsi" çərçivəsində yaradıla bilər.

Kosovo Serbiya ərazisində, əsasən, albanların məskunlaşdığı muxtar diyardır. 2008-ci ilin fevralında özünü paytaxtı Priştina olan müstəqil respublika elan edib. Belqradın rəsmi hakimiyyəti Kosovonun müstəqilliyinin birtərəfli qaydada elan olunmasını tanımayıb. Halbuki Avropa ölkələrinin əksəriyyəti, həmçinin, ABŞ onu dəstəkləyib. 2009-cu ildə Kosovonun müstəqilliyini tanıyan dövlətlərin sayı 54-ə çatıb.

Aİ nümayəndəsi həmçinin bildirib ki, Fələstin - İsrail münaqişəsinin həllində Brüsselin rolu ikinci dərəcəlidir; belə ki, mərkəzi yerdə böyük imkanları olan ABŞ-dır.

"Aİ ABŞ-ın bu istiqamətdə səylərini dəstəkləyir və münaqişənin beynəlxalq hüquq əsasında həllində Obama administrasiyasına yardım göstərmək üçün yollar axtarır", - Stendley deyib.

Onun sözlərinə görə, Brüssel istənilən blokadanın əleyhinə olduğunu İsrailə aydın şəkildə çatdırıb və Qəzza bölgəsində iqtisadi və humanitar blokadanın dərhal aradan qaldırılmasına cavab olaraq bildirib: "Qəzza bölgəsinin blokadaya alınması səmərəli deyil və heç bir halda anklavın iqtisadi inkişaf maraqlarına cavab vermir. Bizim mövqeyimiz dəqiq və aydındır - biz istənilən blokadanın əleyhinəyik".

2007-ci ilin iyununda Fələstinin HƏMAS hərəkatı anklava nəzarət tətbiq etdikdən sonra, bölgədə blokada tətbiq olunub. Qəzza ərazisindən Fələstin qruplaşmaları tərəfindən İsrailin cənubu raket atəşlərinə tutulduqdan sonra blokada gücləndirilib.

Xəbər lenti

Xəbər lenti