Türkiyənin problemi Azərbaycanın problemi, Azərbaycanın problemi Türkiyənin problemidir. Türkiyə və Azərbaycan iki dövlət, bir xalqdır və heç bir xarici və ya daxili qüvvə buna zərər verə bilməz. Bu barədə Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədov TRT Haber telekanalına müsahibəsində bildirib.
"Erməni lobbisinin əsassız ittihamları ("erməni soyqırımı") Türkiyəyə təzyiq göstərilməsi üçün oyunların bir hissəsidir. Azərbaycan hər zaman Türkiyənin yanında olacaq", - "Timeturk" agentliyi Əsədovun sözlərindən sitat gətirib.
Əsədovun sözlərinə görə, erməni lobbisinin məqsədi aydındır - onlar öz tamahkar maraqlarını təmin etmək məqsədilə müxtəlif ölkələrin parlamentlərində "soyqırım"ın tanınmasını istəyirlər.
"Erməni lobbisi qondarma "soyqırım" məsələsini daim diqqət mərkəzində saxlamağa çalışır. Lakin türk diplomatlara qarşı terror aksiyalarını məhz ermənilər törədiblər. Nəticədə 42 diplomat həlak olub, onlarla adam yaralanıb", - parlament spikeri əlavə edib.
Əsədov 1915-ci il hadisələrinin araşdırılması üçün arxivlərin açılması barədə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın çağırışını xatırladıb. Bu o deməkdir ki, Türkiyə öz tarixindən qorxmur.
"Unutmaq lazım deyil ki, türk xalqı böyük xalqdır. Türkiyə böyük, güclü ölkədir və belə böyük xalq ilə, belə böyük dövlət ilə təzyiq dilində danışmaq olmaz", - o deyib və xatırladıb ki, Azərbaycan ABŞ Konqresi Nümayəndələr Palatasının Xarıcı əlaqələr komitəsində qondarma "erməni soyqırımı"nın tanınmasına dair qətnamənin qəbuluna etirazını bildirən ilk ölkələrdən biridir. O deyib ki, bu cür hərəkətlər təkcə Türkiyəyə deyil, həm də Azərbaycana qarşı yönəlib.
Ermənistan və erməni lobbisi bildirir ki, Türkiyənin sələfi - Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım həyata keçirib. Bu faktın bütün dünyada tanınmasını istəyən ermənilər dünya ölkələrində "soyqırım" təbliğatını gücləndirərək onun bəzi dövlətlərin parlamentləri tərəfindən tanınmasına nail olublar.