Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir Y.Ostapenko/
Belarus Prezidenti Aleksandr Lukaşenko çərşənbə günü Azərbaycana rəsmi səfərə gəlir, - cümə axşamı o, ilk görüşlərini keçirəcək. Bu barədə Trend-ə Prezidentin Mətbuat Xidmətindən məlumat verilib.
Mayın 25-də Azərbaycanın Belarusdakı səfiri Əli Nağıyev jurnalistlərə bildirib ki, iki ölkə liderinin görüşü zamanı məsələlərin geniş dairəsinin müzakirəsi planlaşdırılır. O, prezidentlərin energetika sahəsində əməkdaşlığı da müzakirə edəcəklərini istisna etməyib. Nağıyev qeyd edib ki, Belarus və Azərbaycan mütəxəssisləri artıq bu mövzunu müzakirə ediblər.
Hazırda Bakıda Baş nazirin birinci müavini Yaqub Eyyubovun və Belarus Baş nazirinin müavini Andrey Kobyakovun sədrliyi ilə iqtisadi əməkdaşlıq üzrə Belarus - Azərbaycan hökumətlərarası komissiyasının 6-cı iclası keçirilir.
"Düşünürəm, qarşılıqlı əlaqələrimizə inkişafına yeni impuls veriləcək", - Belarus Milli Məclisi Nümayəndələr Palatasının spikeri Vladimir Andreyçenko hazırda Minskdə olan Azərbaycan Parlamentinin nümayəndə heyəti ilə görüşündə deyib.
Andreyçenko bildirib ki, Belarus Azərbaycanla münasibətlərdən tam razıdır. "Çox vacibdir ki, dünyadakı iqtisadi böhrana baxmayaraq, 2009-cu ildə mal dövriyyəmiz nəinki aşağı düşüb, hətta bir qədər artıb", - spiker deyib.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2009-cu ildə Azərbaycanla Belarus arasında mal dövriyyəsi 120,4 milyon dollar təşkil edib.
Azərbaycanlı parlamentarilər Avropa strukturları ilə dialoqda belaruslu həmkarlarını dəstəkləməyə hazır olduqlarını təsdiqləyiblər. Bu barədə Azərbaycan Parlamentinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr üzrə komissiyasının sədri Səməd Seyidov çərşənbə günü Minskdə bəyan edib. Bu barədə "İnterfaks" məlumat verib.
O bildirib ki, azərbaycanlı parlamentarilər Minskə səfərləri zamanı "Avropa strukturları ilə işləmək təcrübəsini, nüanslarını, aspektlərini, xüsusiyyətlərini" bölüşməyə hazırdırlar.
"Bu gün biz bir çox istiqamətlərdə maraqlarımızın oxşarlığını müşahidə edirik", - Seyidov qeyd edib.
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana 2007-ci ilin mayında rəsmi səfər edib. O zaman ölkələr arasında əməkdaşlıq və dostluq haqqında müqavilə, eləcə də müxtəlif sahələrdə qarşılıqlı fəaliyyət haqda sazişlər paketi imzalanmışdı. Azərbaycan Prezidenti İlham Əliyev ötən ilin noyabrında Minskdə rəsmi səfərdə olub.