...

Səfir Brayzanı çox işlər gözləyir – ekspert Ariel Koen

Siyasət Materials 3 İyun 2010 13:24 (UTC +04:00)
Ariel Koen Rusiya, Avrasiya və beynəlxalq enerji təhlükəsizliyi üzrə "Heritage Foundation"in aparıcı ekspertidir
Səfir Brayzanı çox işlər gözləyir – ekspert Ariel Koen

Ariel Koen Rusiya, Avrasiya və beynəlxalq enerji təhlükəsizliyi üzrə "Heritage Foundation"in aparıcı ekspertidir

Son vaxtlar ABŞ-la Azərbaycan arasında yaranmış mürəkkəb münasibətlərdə ümid edək ki, nəhayət, dönüş məqamı yaranıb. Prezident Barak Obama Azərbaycanda Amerika səfirinin, demək olar, bir il olmamasından sonra, Senata bu vəzifə üzrə namizədi - dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə ikinci müavini Metyu Brayzanın namizədliyini təqdim edib.

İndi, Senatın Brayzanın namizədliyini təsdiqləməsindən sonra, yeni səfir Cənubi Qafqazda yaranmış bərbad vəziyyətin düzəldilməsi üçün xeyli səy göstərməli olacaq.

Hazırkı administrasiyanın regionda yürütdüyü siyasi kurs Bakı ilə Vaşinqton arasında kifayət qədər gərgin vəziyyət yaradıb. Gürcüstan Rusiya ilə yenidən yüklənmiş siyasətin girovuna, Azərbaycan isə Türkiyə - Ermənistan münasibətlərinin qoşqusuna çevrilib.

Buna baxmayaraq, Ağ ev Cənubi Qafqazda vəziyyətin sabitləşməsi ilə bağlı bəyan etdiyi məqsədlərinə çata bilmədi. ABŞ-ın Ankara ilə Yerevan arasında münasibətləri yoluna qoymaq üçün göstərdiyi səylər boşa getdi.

ABŞ tərəflərə bilavasitə iştirakçıların maraqlarını nəzərə almadan regionda vəziyyətin nizamlanması ssenarisini sırıya bilmədi. 2009-cu ilin oktyabrında Sürixdə protokolların təntənəli şəkildə imzalanması ilə başlayan Ermənistan - Türkiyə münasibətlərini nnormallaşması prosesi ABŞ-ın, tez-tez onun irəliləməsinə dair çağırışlarına baxmayaraq, ilişib-qaldı.

Ermənistan və Türkiyə protokollarda dəyişikliklər etməklə Dağlıq Qarabağ və 1915-16-cı illər erməni "soyqırımı" ilə bağlı ilkin şərtlər irəli sürməyə cəhd edərək, sənədlərin ratifikasiya müddəti və forması ilə bağlı konkret razılığa gələ bilmədilər.

Ankara və Yerevan münasibətlərinə vasitəçilik proseslərinə başı qarışan ABŞ regionun vacib ölkələrindən olan Azərbaycanı nəzərdən qaçırdı. Rəsmi Bakı dəfələrlə Dağlıq Qarabağ prosesində Vaşinqtonun təşəbbüsünün olmaması və erməni-türk əlaqələrinin yoluna qoyulması səyləri ilə bağlı narazılığını bildiridi. Azərbaycan hesab edir ki, onun maraqları ikinci plana keçirilib.

Bundan başqa, Amerika - Azərbaycan birgə hərbi təlimlərini dayandırmaq və "Qazprom"a bir milyard kubmetr qaz satmaq barədə saziş imzalamaqla rəsmi Bakı özünün Qərblə ittifaqına yenidən baxa biləcəyi və Rusiya ilə əlaqələri inkişaf etdirəcəyinə işarə etdi. Lakin Azərbaycanın rəsmi şəxslərinin çağırışları Vaşinqtonda eşidilmədi.

Vəziyyət dərinləşdi və Bakıda yüksək səviyyədə ABŞ təmsilçisinin olmaması faktı obyektiv olaraq, Amerikanın Azərbaycanla səmərəli əməkdaşlığına mane oldu.

Təyin edilməsindən sonra yeni səfir öz rəhbərliyini Amerikanın maraqlarının Cənubi Qafqaza - Rusiya, İran və Türkiyə, gələcəkdə isə ola bilsin, Çin kimi dövlətlərin milli maraqlarının strateji qovuşuğunda yerləşən regiona qayıtmasının vacibliyinə inandırmalı olacaq.

Başlıcası isə Azərbaycanda ABŞ-ın yüksəkrütbəli təmsilçisinin olması Vaşinqtona Bakı ilə artıq çoxdan vaxtıçatmış zərurət olan yeni strateji dialoqa başlamağa kömək edəcək.

Bu missiyanın yerinə yetirilməsi üçün Metyu Brayzanın namizədliyi daha uğurlu görünür. Moskvada qazandığı böyük diplomatik iş təcrübəsi, daha sonra Xəzər regionunda enerji siyasəti və Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Minsk qrupunun həmsədri vəzifəsində qazandığı təcrübə ilə Metyu Brayza həm ABŞ-a, həm də Azərbaycana bir çox xarici siyasi məsələlərin həllində kömək edə bilər.

Brayza Qafqaz regionunu tanıyır və sevir. Lakin o, heç də hamının ürəyincə deyil. Təsadüfi deyil ki, Amerikadakı erməni milli konqresi (ANCA) onlayn-kampaniya təşkil edərək, senatorları Brayzanın erməni "soyqırımı", Türkiyə və Azərbaycan tərəfdən Ermənistanın blokadaya alınması, Dağlıq Qarabağın müstəqilliyi və s. haqqında əvvəlki və indiki mövqeyinin tam və ətraflı öyrənilməsinə çağırıb. Bu barədə ANCA-nın rəsmi saytında bildirilir. Lakin bu dairələr Amerikanın milli maraqları ilə ümumi heç nəyi olmayan digər diplomatik təyinatları da hədəfə almağa cəhd edirlər.

Brayzada geosiyasi duyğunun yaxşı inkişaf etməsi və qeyri-standart hərəkət və kompromislərə hazırlığı da az önəmli deyil. Brayza regionda hazırkı vəziyyəti düzgün qiymətləndirməyi və Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsi işində Vaşinqton, Ankara, Bakı və Moskvanın səylərini birləşdirməyi bacarır.

Brayzanın Qarabağ nizamlanmasının gedişi haqda yaxşı məlumatlı olması da böyük əhəmiyyətə malikdir və onun Minsk qrupunda münaqişənin həlli prosesi ilə bağlı başladığı işi, artıq ABŞ-ın Azərbaycandakı səfiri kimi başa çatdırmaq üçün var gücü ilə sonuclamağa çalışacağı aydındır.

Ən başlıcası isə, ümid edirik, bu bacarıqlı diplomatın Azərbaycanın siyasi elitası ilə gözəl münasibətləri sayəsində Metyu Brayza Bakı ilə Vaşinqtonun münasibətlərindəki iti ucları hamarlayacaq.

Xəbər lenti

Xəbər lenti