...

Qırğızıstanda referendum baş tutmaya bilər – ekspertlər

Siyasət Materials 15 İyun 2010 16:20 (UTC +04:00)
Qırğızıstan konstitusiyasına əlavə və dəyişikliklər edilməsi ilə bağlı referendum ölkədəki iğtişaşlar səbəbindən pozulmaq təhlükəsi altındadır. Ekspertlər belə hesab edirlər.

Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir V.Javoronkova/

Qırğızıstan konstitusiyasına əlavə və dəyişikliklər edilməsi ilə bağlı referendum ölkədəki iğtişaşlar səbəbindən pozulmaq təhlükəsi altındadır. Ekspertlər belə hesab edirlər.

"Hökumətin ölkədə asayişi bərpa edə bilməməsi üzündən referendumun keçirilməsi böyük sual altındadır", - MDB ölkələri üzrə rusiyalı ekspert Stanislav Pritçin Trend-ə bildirib.

İyunun sonlarında Qırğızıstanda konstitusiyaya əlavə və dəyişikliklər edilməsi ilə bağlı referendumun keçirilməsi planlaşdırılır. Düzəlişlər bir sıra sahələri əhatə edir ki, bu sahələr arasında da əsas yeri ölkənin prezident idarəçiliyindən parlament idarəçiliyi formasına keçirilməsi tutur.

Yeni konstitusiya layihəsinin aprel ayında Prezident Kurmanbek Bakiyevin devrilməsindən sonra müvəqqəti hökumət tərəfindən işlənib hazırlanmasına başlanılıb. Hazırda dövlət başçısının səlahiyyətlərini Roza Otunbayeva icra edir.

Ekspertlərin fikrincə, bununla yanaşı, referendum ölkənin cənub vilayətlərində baş qaldıran iğtişaşlarla əlaqədar pozulmaq təhlükəsi altındaddır.

Qırğızıstanın cənubunda toqquşmalar iyunun 11-nə keçən gecə başlayıb. Hakimiyyət indiyədək vəziyyəti nəzarət altına ala bilməyib. Son məlumatlara görə, Oş və Cəlalabad vilayətlərində ölənlərin sayı 171 nəfərə çatıb, iki minə yaxın yaralı var.

Mərkəzi Asiya üzrə alman ekspert Mixael Laubş hesab edir ki, əgər ölkədə vəziyyət normallaşmasa, referendum keçirməyin mənası yoxdur.

"Əlbəttə, bu ayın sonunda referendumun keçirilməsi böyük təhlükə altındadır, Qırğızıstanın cənub regionlarında vəziyyət sabitləşməsə, referendum keçirməyin heç bir mənası yoxdur", - Trend-ə elektron poçtla alman qeyri-hökumət təşkilatı ETG-nin (Eurasian Transition Group) rəhbəri Laubş bildirib.

MDU-nin elmi əməkdaşı Pritçinin fikrincə, müvəqqəti hökumətin referendumun baş tutması üçün səy göstərəcəyini güman etmək olar. Çünki bu, onun hakimiyyətinin legitimliyinə doğru ilk addımdır.

"Lakin, ümumilikdə hazırkı vəziyyət təkcə müvəqqəti hökumətin legitimliyini deyil, indiki məqamda Qırğızıstanın dövlət kimi mövcudluğunu şübhə altında qoyur", - Pritçin Moskvadan telefonla Trend-ə bildirib.

Onun fikrincə, hakimiyyətin vəziyyətin öhdəsindən gələ bilməməsi fonunda ümumxalq referendumu kimi hansısa irimiqyaslı tədbirin keçirilməsi haqqında danışmaq çətindir.

Mərkəzi Asiya üzrə amerikalı ekspert Brüs Panyer də Qırğızıstanda müvəqəti hökumətin bu referendumu keçirə biləcəyinə şübhə ilə yanaşır.

"Əgər Qırğızıstan qrafikəuyğun referendum keçirə bilsə, mən buna təəccüblənərəm, - "Azadlıq" radiosunun eksperti Panyer elektron poçtla Trend-ə bildirib. - Cənubda situasiya o qədər pisdir ki, iki həftədən az bir müddətdən sonra vəziyyətin əhalinin öz evlərindən çıxıb referenduma gedə bilməsi üçün kifayət edəcək qədər sabitləşəcəyini təsəvvür etmək çətindir".

Onun fikrincə, ölkənin iki ən böyük şəhəri - Oş və Cəlalabaddakı adamlar səs verə bilməsələr, Qırğızıstan xalqının iradəsini ifadə etməli olan referendumu çətin ki baş tutmuş adlandırmaq mümkün olsun.

Panyerin sözlərinə görə, bununla yanaşı, əgər ölkənin cənubundakı insanlar siyasi prosesdə iştirak etdiklərini hiss etməsələr, bu, istənilən vaxt Bişkəkdə hansısa "qeyri-populyar" qərar qəbul edilən zaman gələcək iğtişaşlar üçün əsas olacaq.

Xəbər lenti

Xəbər lenti