...

Bu günkü müzakirələr göstərdi ki, Azərbaycanda obyektiv prosesləri düzgün təhlil edən insanların sayı getdikcə çoxalır -AŞ PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri

Siyasət Materials 25 İyun 2010 03:06 (UTC +04:00)

Fransa, Strasburq, 24 iyun/ Trend, müxbir A.Məhərrəmli/

Bu günkü müzakirələr göstərdi ki, Azərbaycanda obyektiv, real prosesləri düzgün təhlil edən insanların sayı getdikcə çoxalır. Trend-in məlumatına görə, bu fikirləri çümə axşamı jurnalistlərə açıqlamasında AŞ PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov "Azərbaycanda demokratik təsisatların fəaliyyət" adlı hesabatla bağlı müzakirələrin nəticəsinə münasibət bildirərkən deyib.

Millət vəkili hesabatla bağlı müzakirələrin müsbət və obyektiv şəkildə keçdiyini qeyd edib.

"Hesab edirəm ki, bu günkü iclas bizim üçün çox vacib idi. Ona görə ki, iclasda səslənən hər bir fikirlər bizim üçün vacib idi. Biz bir daha şahid olduq ki, AŞ-də müxtəlif qüvvələr, müxtəlif insanlar müxtəlif mövqedən çıxış edirlər. Ancaq bu iclas bir məsələni də bizə göstərdi ki, Azərbaycanda obyektiv, real prosesləri düzgün təhlil edən insanların sayı getdikcə çoxalır və Azərbaycanda gedən prosesləri nəzərə almamaq mümkün deyil. Erməni nümayəndə heyətinin üzvlərinin münasibəti və çıxışlarını və onlara reaksiyanı gördünüz. Bu bir daha göstərir ki, sadəcə göydən götürülmüş faktlarla Azərbaycanı ittiham etmək mümkün deyil. Bü gün bu müzakirələr bir daha göstərdi ki, Azərbaycan düz yoldadır, Azərbaycanın AŞ ilə münasibətləri normal şəkildə təşkil olunub, obyektiv tənqiddən qorxmamaq lazımdır, obyektiv tənqidi həyata keçirərək qabağa getmək lazımdır. Qeyri-obyektiv məsələlərə isə kəskin reaksiya verib, kəskin münasibət bildirib bütün dünyaya Azərbaycan həqiqətlərini çatdırmaq lazımdır,"- Seyidov qeyd edib.

Səməd Seyidov Ermənistan üzrə yeni  həmməruzəçinin təyin olunmasına münasibət bildirərkən deyib ki, Monitorinq Komitəsinin iclasında bir daha məlum oldu ki, on ildir AŞ-yə üzv olan Ermənistan indiyə kimi demokratik prinsipləri axıradək dərk edə bilmir.

"Bu gün Monitorinq Komitəsində ermənilər hesab etdilər ki, Monitorinq Komitəsi Ermənistandır. AŞ tərəfindən təyin olunacaq şəxsə öz etirazlarını bildirərək "biz istəyirik başqa adamı" şüarından çıxış edirlər. Ancaq Monitorinq Komitəsi ölkənin belə münasibətinə birmənalı reaksiya verdi və səsçoxluğu ilə AŞ PA tərəfindən Qoran Lindbald (Göran Lindbald) Ermənistan üzrə yeni həmməruzəçi təyin edildi. Bu isə o deməkdir ki, on ildir AŞ-yə üzv olan erməni tərəfi indiyə kimi demokratik prinsipləri axıradək dərk edə bilmir. Erməni tərəfi həm Monitorinq Komitəsində, həm də Azərbaycanla bağlı çıxışlarda nümayiş etdirə bilmədi ki, AŞ dəyərlərini axıra kimi dərk edir, başa düşür və onları yerinə yetirir,"-Seyidov qeyd edib.

AŞ PA-nın yay sessiyasının dördüncü iş günü qurumun Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Cozef Debono Qrex tərəfindən hazırlanmış "Azərbaycanda demokratik təsisatların fəaliyyəti" adlı məruzə müzakirə olunub.

Hesabatda həmməruzəçilər əsasən mətbuat və söz azadlığı, KİV-in müstəqilliyi, sərbəst toplaşmaq azadlığı, 2010-cu il parlament seçkilərinə hazırlıq məsələlərinə toxunublar. AŞ PA Monitorinq komitəsi bu məsələ ilə bağlı ölkədə jurnalistlərin həbsini pisləyərək, hökumətdən diffamasiya görə cinayət məsuliyyətini ləğv etməyə, jurnalistlərə professional fəaliyyətlərini həyata keçirmək üçün lazımi şəraitin yaradılmasına çağırır.

"Azərbaycanın AŞ-yə üzvlüyünün 10-cu il dönümü ərəfəsində 2010-cu ilin noyabr ayında ölkədə keçiriləcək parlament seçkiləri Azərbaycanın demokratiya sahəsindəki yetkinlik və kamilliyi baxımından bir test olacaq. Assambleya bu seçkilərin tam olaraq Avropa normalarına uyğun keçirilməsi, azad və ədalətli tanınması üçün lazımi şəraitin yaradılmasına böyük diqqət ayırır. Növbəti parlament seçkiləri ölkə üçün çox böyük əhəmiyyət kəsb edir. Bu baxımdan Konstitusiya ilə təsbit edilmiş hakimiyyət bölgüsü prinsipinin praktikada tətbiqinin gücləndirilməsi zərurət olaraq qalır,"-sənəddə deyilir.

Eyni zamanda hesabatda həmməruzəçilər Azərbaycanın Avropa Şurası ilə könüllü olaraq əməkdaşlıq etmək istəyini və hökumətin bu istəyi hər zaman bəyan etməsini və demokratiya sahəsində aparılan islahatları təqdirəlayiq hesab ediblər. Onlar habelə Avropa Şurasının bundan sonra da Azərbaycana bu məsələlərdə yardım göstərməsini, 2009-cu ilin 25-dekabrında əfv fərmanından sonra 99 məhbusla yanaşı, bir çox jurnalistlərin azad edilməsini, Seçki Məcəlləsində bir sıra dəyişikliklər edilidiyini, 2008-ci il prezident seçkilərinin yüksək səviyyədə təşkili və idarə edilməsini, Azərbaycan prezidentinin imzaladığı əfv fərmanlarını alqışladıqlarını bildiriblər.

Həmməruzəçilər Azərbaycan hökumətinin Avropa Şurasının təklif etdiyi fəaliyyət Planı çərçivəsində ədalətli və şəffaf seçkilərin keçirilməsi üçün lazımi şəraitin yaradılmasındakı səylərini dəstəklədiklərini bildiriblər və Azərbaycan hakimiyyətini hüquqi dövlət və hakimiyyət bölgüsü sahələrində islahatları davam etdirməyə dəvət ediblər.

Hesabatda habelə parlament seçkilərindən sonra Monitorinq Komitəsi tərəfindən 2011-ci ildə Assambleyaya təqdim edilməsi üçün Azərbaycanın təşkilat qarşısında üzərinə götürdüyü öhdəliklərin vəziyyətinə dair hesabatın hazırlanacağı qeyd olunur.

Müzakirə zamanı çıxış edən Azərbaycan üzrə Andres Herkel çıxışında hesabatda əks olunmuş müsbət məqamlarından danışıb.

"Ölkədə prezident sərancamı ilə həyata keçirilmiş amnistiya aktları, seçkilərin düzgün keçirilməsi istiqamətindəki irəliləyişlər, Venesiya komissiyası ilə birgə əməkdaşlıq çərçivəsində Seçki Məcəlləsinə edilən dəyişikliklər kimi məsələləri müsbət qiymətləndirmək lazımdır. Lakin digər məsələlərin inkişafında bir növ uzanma müşahidə olunur və narahat edən məsələlər arasındadır. Biz bu baxımdan bir çox məsələnin aspektlərinə dair bəzi izahatlarımızı vermişik və hesabatda bunları da qeyd etmişik," - Herkel bildirib.

Müzakirələrin sonunda hesabatın qətnamə layihəsi 1 səs əleyhinə, 46 səs lehinə səsverilməklə qəbul olundu. Layihəyə altı dəyişiklik təklif edilmişdi.

Xatırladaq ki, indiyə kimi AŞ PA tərəfindən "Azərbaycanda demokratik təsisatların fəaliyyəti"nə dair dörd hesabat, monitorinq proseduru çərçivəsində isə iki hesabat hazırlanıb.

Xəbər lenti

Xəbər lenti