...

Azərbaycanda müxalifət partiyaları "Qarabağ" seçki bloku yaratdılar

Siyasət Materials 25 Avqust 2010 15:33 (UTC +04:00)
Azərbaycanda müxalifət partiyalarının təmsil olunduğu "Qarabağ" seçki blokunun yaradılması barədə qərar verilib.
Azərbaycanda müxalifət partiyaları "Qarabağ" seçki bloku yaratdılar

Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda müxalifət partiyalarının təmsil olunduğu "Qarabağ" seçki blokunun yaradılması barədə qərar verilib.

Trend-in məlumatına görə, bu gün Ümid Partiyasının qərargahında ADP sədri Sərdar Cəlaloğlu və Ümid Partiyasının sədri İqbal Ağazadə seçkidə birgə iştirakla bağlı mətbuat konfransı keçiriblər.

Cəlaloğlu deyib ki, bu gün ADP və Ümid Partiyasının İdarə Heyəti üzvlərinin birgə iclası keçirilib. İclasda "Qarabağ" seçki blokunun yaradılması barədə qərar qəbul olunub.

Cəlaloğlu bildirib ki, seçki blokunda təmsil olunmaq üçün digər siyasi partiyalara məhdudiyyət qoyulmayıb.

Ağazadə qurumun fəaliyyət göstərməsi üçün işçi qrupunun yaradılacağını da qeyd edib. İşçi qrupları hər həftə iclas keçirəcək.

Cəlaloğlu mətbuat konfransından sonra Trend-ə açıqlamasında deyib ki, hər iki partiya 91 dairə üzrə namizədlərini razılaşdırıb.

"Vətəndaş və İnkişaf, Liberal partiyaları ilə blok yaradılmasına dair danışıqlar aparılırdı, lakin danışıqların gedişində ciddi problemlər olduğundan, birgə blok yaratmağımız baş tutmadı", - Cəlaloğlu əlavə edib.

Azərbaycanda parlament seçkiləri noyabrın əvvəllərində keçiriləcək.

Xəbər lenti

Xəbər lenti