...

Həm ikitərəfli əlaqələrdə, həm beynəlxalq təşkilatlar çərçivəsində müsəlman ölkələri hər zaman həmrəylik nümayiş etdirməlidirlər – Prezident İlham Əliyev (YENİLƏNİB)

Siyasət Materials 31 Avqust 2010 23:50 (UTC +04:00)
Ramazan ayı dünyada yaşayan bütün müsəlmanları birləşdirir. Biz elə etməliyik ki, islam ölkələri arasında mövcud olan dostluq-qardaşlıq münasibətləri daha da möhkəmlənsin, islam həmrəyliyi daha da güclənsin, bunu çərşənbə axşamı Azərbaycan Prezidenti İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbulu zamanı çıxışında deyib.
Həm ikitərəfli əlaqələrdə, həm beynəlxalq təşkilatlar çərçivəsində müsəlman ölkələri hər zaman həmrəylik nümayiş etdirməlidirlər – Prezident İlham Əliyev (YENİLƏNİB)

RED: əlavəsi: Azərbaycan Prezidentinin nitqi əlavə edilib

Ramazan ayı dünyada yaşayan bütün müsəlmanları birləşdirir. Biz elə etməliyik ki, islam ölkələri arasında mövcud olan dostluq-qardaşlıq münasibətləri daha da möhkəmlənsin, islam həmrəyliyi daha da güclənsin, bunu çərşənbə axşamı Azərbaycan Prezidenti İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbulu zamanı çıxışında deyib.

"Mən çox şadam ki, müsəlman ölkələrinin Azərbaycanda fəaliyyət göstərən səfirliklərinin sayı getdikcə artmaqdadır. Eyni zamanda, Azərbaycan da müsəlman ölkələrində öz diplomatik nümayəndəliklərinin sayının artırılmasına çalışır" İlham Əliyev deyib, məlumatı AzərTAcDövlət İnformasiya Agentliyi yayıb.

Prezident bildirib ki, təmsil etdiyiniz ölkələr ilə Azərbaycanın çox sıx əlaqələri vardır.

"Bu əlaqələr getdikcə güclənir. Qarşılıqlı səfərlər təşkil edilir, iqtisadi əlaqələr genişlənir, bir sözlə, biz ikitərəfli müstəvidə həyata keçirilən tədbirlərdən çox razıyıq. Əminəm ki, bu əməkdaşlıq və dostluq münasibətləri bundan sonra da uğurla davam etdiriləcəkdir. Biz öz növbəmizdə daim çalışırıq ki, islam həmrəyliyinin gücləndirilməsinə töhfəmizi verək. Bildiyiniz kimi, Bakıda İslam Konfransı Təşkilatının xətti ilə bir sıra mötəbər tədbirlər keçirilmişdir. Keçən il Bakı şəhəri islam mədəniyyətinin paytaxtı seçilmişdir. Bu il Bakıda İslam İnkişaf Bankının Direktorlar Şurasının yığıncağı keçirilmişdir. Bir sözlə, biz çalışırıq ki, müsəlman ölkələri arasındakı əlaqələr çoxşaxəli olsun, siyasi, iqtisadi, humanitar sahələri maksimum dərəcədə əhatə etsin. Biz daim bir-birimizi dəstəkləməliyik və bu dəstək çox güclü olmalıdır. Həm ikitərəfli əlaqələrdə, həm beynəlxalq təşkilatlar çərçivəsində müsəlman ölkələri hər zaman həmrəylik nümayiş etdirməlidirlər. Çətin anlarda biz daim bir-birimizin yanında olmalıyıq. Belə olan halda dünyada gedən proseslərə müsəlman ölkələrinin təsiri daha da güclü olacaq, milli maraqlarımız daha da dolğun şəkildə təmin ediləcəkdir" dövlət başçısı bildirib.

İlham Əliyevin sözlərinə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində göstərdiyimiz səylər müsəlman ölkələri tərəfindən dəstəklənir.
"Biz bu dəstəyə görə bütün qardaşlarımıza minnətdarıq. İslam Konfransı Təşkilatı bu məsələ ilə bağlı dəfələrlə qətnamələr qəbul etmişdir və o qətnamələrdə Azərbaycanın haqlı mövqeyi dəstəklənir. İki il bundan əvvəl Birləşmiş Millətlər Təşkilatının Baş Məclisində Dağlıq Qarabağ məsələsinə dair müzakirə olunan qətnamə müsəlman ölkələri tərəfindən dəstəklənmişdir. Bu dəstək qətnamənin qəbul olunmasında həlledici rol oynamışdır.
Bildiyiniz kimi, Azərbaycan torpaqları uzun illərdir ki, Ermənistanın işğalı altındadır. Bu işğal və azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasəti nəticəsində bir milyon Azərbaycan vətəndaşı öz doğma torpağında qaçqın həyatı yaşayır, ərazilərimizin 20 faizi işğal altındadır. Dağlıq Qarabağ və onun ətrafındakı bölgələrdən bütün azərbaycanlı əhali qovulmuşdur. Azərbaycan xalqına, Azərbaycan mədəniyyətinə, bizim islam dininə məxsus olan bütün abidələr dağıdılmışdır. Əfsuslar olsun ki, bu ədalətsizlik davam edir. Mən tam əminəm ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək və bu məsələ beynəlxalq hüquq normaları əsasında həllini tapacaqdır. Çünki bütün beynəlxalq hüquq normaları bizim tərəfimizdədir, bizim mövqeyimizi dəstəkləyir və Azərbaycan ərazi bütövlüyünü bərpa edəcəkdir" Prezident bildirib.

Dövlət başçısı deyib ki, bu məsələni sülh və danışıqlar yolu ilə həll etmək üçün dünya ictimaiyyəti daha da ciddi tədbirlər görməlidir, işğalçı dövlətə daha da ciddi təzyiqlər göstərilməlidir və bu prosesin uğurla başa çatması üçün diplomatik səylər göstərilməlidir.

"Dağlıq Qarabağ Azərbaycanın tarixi və əzəli torpağıdır. Beynəlxalq birlik tərəfindən Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınır və bu, o deməkdir ki, məsələnin istənilən yolla həll olunması Azərbaycanın daxili işidir, heç bir kənar qüvvə bu məsələyə müdaxilə edə bilməz.
Əziz səfirlər, əziz dostlar, siz Azərbaycanda yaşayırsınız, çalışırsınız, Azərbaycanı yaxşı tanıyırsınız və bilirsiniz ki, Azərbaycan xalqı təmsil etdiyiniz ölkələrə və o ölkələrdə yaşayan insanlara böyük rəğbətlə və hörmətlə yanaşır. Mən çox şadam ki, hər bir görüşümüzdə, - bilirsiniz ki, biz hər il mübarək Ramazan ayında görüşürük, - iştirak edən səfirlərin sayı artır və bu, məni çox sevindirir. Mən ümid edirəm ki, gələcək görüşdə burada əyləşənlərin sayı daha da çox olacaqdır. Mən bir daha sizi qarşıdan gələn bu gözəl mübarək bayram münasibətilə təbrik edirəm. Sizə, sizin ailələrinizə cansağlığı, xoşbəxtlik, xalqlarınıza sülh, əmin-amanlıq, firavanlıq arzulayıram" İlham Əliyev nitqində bildirib.

Özbəkistanın Azərbaycandakı səfiri İsmatilla Yerqaşev müsəlman ölkələrinin Azərbaycandakı səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri adından müqəddəs Ramazan ayı münasibətilə Prezident İlham Əliyevi və xalqımızı təbrik edərək dedi.
 
"Hörmətli, cənab Prezident! Müsəlman ölkələrinin Azərbaycanda akkreditə olunmuş səfirləri, nümayəndəliklərinin rəhbərləri və həmçinin öz adımdan Sizi müqəddəs Ramazan ayı və əl-Fitr bayramı münasibətilə təbrik edirəm.
Müqəddəs Ramazan ayında müsəlmanlar islam dünyasının qardaşlığını, dostluğunu və həmrəyliyini təcəssüm etdirən mənəvi səyahətə çıxırlar. Əlbəttə, bizim ümmət islam dininin həqiqi dəyərlərinə, Allahın birliyinə, yaxşı əməllərə, həm də mötədillik, tolerantlıq və birgəyaşayış ideallarına sadiq qalır.
Bizim üçün müqəddəs olan bu ayda müsəlman ölkələrinin səfirləri adından Sizə və bütün Azərbaycan xalqına Allahın bəxş etdiyi nemətlər, habelə sülh və firavanlıq arzulayıram. Fürsətdən istifadə edərək bu müqəddəs bayram münasibətilə Sizinlə görüşmək imkanı yaratdığınıza görə Zati-alinizə təşəkkürümü bildirirəm. Sevindirici haldır ki, bu cür görüşlər, cənab Prezident, məhz Sizin sayənizdə ənənə halı almışdır.
Bizim üçün Azərbaycan sürətlə və inamla inkişaf edən, milli dəyərlərinə və imkanlarına arxalanan, dünya birliyinə inteqrasiya edən, ardıcıl və məqsədyönlü siyasət həyata keçirən və bu yolda böyük uğurlar qazanan bir ölkədir" səfir bildirib.
 
Diplomatın sözlərinə görə, müasir Azərbaycan beynəlxalq aləmdə yalnız artmaqda olan nüfuzu və iqtisadi uğurları ilə güclü deyil, ilk növbədə çoxmillətli xalqının birliyi və əlbəttə zəngin mədəni, intellektual, yaradıcı potensialına görə güclü olub və güclü olaraq qalır. "İnanıram ki, Azərbaycanın bütün əhəmiyyətli nailiyyətlərində Azərbaycan xalqının ümummilli lideri, nüfuzu ölkənin hüdudlarından kənarda da tanınan Heydər Əliyevin əvəzsiz rolu olduğunu söyləsəm hamımızın ümumi fikrini bildirmiş olaram", səfir deyib .

"Biz Azərbaycanda müxtəlif sahələrdə həyata keçirilən uğurlu dəyişiklikləri və dinamik islahatları səmimi maraq və rəğbətlə izləyirik.
Möhtərəm Prezident, Sizin düşünülmüş və tarazlaşdırılmış siyasətiniz sayəsində Azərbaycan çətin şəraitdə inamla gələcəyini qurur, müstəqilliyinin və dünyada nüfuzunun möhkəmləndirilməsində böyük uğurlar əldə edir. Bu gün Azərbaycan haqlı olaraq, Cənubi Qafqaz regionunda stabilliyi və davamlı inkişafı təmin edən ölkədir.
Biz müsəlman dünyasının nümayəndələri kimi Dağlıq Qarabağın işğalı nəticəsində çətin sınaqlara və itkilərə məruz qalan azərbaycanlı qardaşlarımızın kədərini bölüşürük. Xoş haldır ki, müsəlman dövlətlərinin əksəriyyəti Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə, beynəlxalq hüququn prinsiplərinə uyğun və qaçqınların doğma torpaqlarına qaytarılması əsasında həllinin tərəfdarı olmaqla Azərbaycanı dəstəkləyir.
 Sizin müdrik rəhbərliyiniz sayəsində Azərbaycan tolerantlığın və sivilizasiyalararası dialoqun bariz nümunəsinə çevrilmişdir. Eyni zamanda, biz Azərbaycan Respublikasının müsəlman dünyası ilə əlaqələrinin dərinləşməsinə yönəlmiş səylərinin, o cümlədən İslam Konfransı Təşkilatındakı fəal iştirakının şahidiyik. Belə ki, yalnız dostluğu və əməkdaşlığı möhkəmləndirməklə müasir dünyanın çağırışlarına qarşı durmaq olar.
Cənab Prezident, icazə verin bir daha müqəddəs Ramazan ayı və qarşıdan gələn əl-Fitr bayramı münasibətilə Sizə səmimi arzularımı çatdırım və bugünkü görüşə görə təşəkkürümü bildirim. Sizə dövləti fəaliyyətinizdə uğurlar arzulayıram və Allahdan diləyim ki, qardaş Azərbaycan xalqına və islam ümmətinə yenilməz qüvvət, tərəqqi və firavanlıq bəxş etsin.
Əssalamü-əleyküm və bərəkətuhu" səfir nitqi zamanı söyləyib.
 
Görüşdən sonra xatirə şəkli çəkdirilmişdir.

Xəbər lenti

Xəbər lenti