...

Niderlandda erməni yalanının yayılması cəhdinin qarşısı alınıb

Siyasət Materials 30 Sentyabr 2010 19:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir Ü.Sadıxova/

Niderlandın Azərbaycan Türk Mədəniyyət Mərkəzi yerli türk diasporu və holland təşkilatlarının dəstəyi sayəsində "erməni soyqırımı"nın yalan təbliğinin təşkilinə edilən cəhdin qarşısını ala bilib.

2010-cu il aprelin 20-də erməni təşkilatları mitinqin keçirilməsi və yerli bələdiyyə hakimiyyətinə "soyqırım"ın xatirəsinə abidənin ucaldılması ilə bağlı müraciət etmək üçün Haaqada toplaşıblar, lakin onların istəyi ürəklərində qalıb. Bu barədə Trend-ə Haaqadan telefonla Mərkəzin rəhbəri İlhan Aşkın deyib.

"Ermənilərin müraciətindən sonra Azərbaycan Türk Mədəniyyət Mərkəzi mitinq keçirib və erməni diasporuna Haaqa kimi beynəlmiləl şəhərdə abidənin ucaldılmasına imkan verməmək üçün imza kampaniyasına başlayıb", - Aşkın bildirib.

Yerli türk diasporu və holland təşkilatlarının dəstəyi ilə 20 mindən çox imza toplayan Mədəniyyət Mərkəzinin nümayəndələri şəhər meriyasına müraciət ediblər.

"Ötən həftə Haaqa meri bizə bildirdi ki, etirazımızı bəyənib və beləliklə, erməni diasporunun "soyqırım"a heykəl qoymaq planı uğursuzluğa düçar olub", - Aşkın qeyd edib.

Gələcəkdə belə halların qarşısını almaq üçün Azərbaycan və Türkiyə diasporları Haaqa merinə birgə layihə hazırlamaq xahişi ilə müraciət ediblər.

"Biz erməni və türk tarixçilərinin birlikdə toplaşaraq fikir mübadiləsi aparmalarını təklif etdik. Ermənilər özlərinin haqlı olmalarına əmin olsaydılar, buna razılıq verərdilər", - Aşkın vurğulayıb.

Ermənistan və erməni lobbisi bəyan edirlər ki, Türkiyənin sələfi Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı "soyqırım" törədib. Bu faktın dünyada tanınmasını istəyən ermənilər dünya ölkələrində "soyqırım"ın təbliğini gücləndirərək bəzi ölkələrin parlamentləri tərəfindən "erməni soyqırımı"nın tanınmasına nail olublar.

Xəbər lenti

Xəbər lenti