...

Beynəlxalq qurumlarda Azərbaycan və Türkiyəyə qarşı yönəlmiş terrorçuluq fəaliyyəti lazımi qiymət almayıb - müdafiə naziri Səfər Əbiyev

Siyasət Materials 3 Noyabr 2010 13:28 (UTC +04:00)
Azərbaycanın müdafiə naziri bir sıra beynəlxalq qurumlarda Azərbaycan xalqına və Türkiyəyə qarşı yönəlmiş terrorçuluq fəaliyyətinin lazımi qiymətini almamasından təəssüflənir.
Beynəlxalq qurumlarda Azərbaycan və Türkiyəyə qarşı yönəlmiş terrorçuluq fəaliyyəti lazımi qiymət almayıb - müdafiə naziri Səfər Əbiyev

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın müdafiə naziri bir sıra beynəlxalq qurumlarda Azərbaycan xalqına və Türkiyəyə qarşı yönəlmiş terrorçuluq fəaliyyətinin lazımi qiymətini almamasından təəssüflənir.

"Azərbaycan və Türkiyə tarix boyu bir-birinə arxa durmaqla yanaşı, sınaq günlərində də birlikdə olub. Azərbaycanın erməni işğalına məruz qaldığı ilk vaxtlarda da biz bunu yaxından hiss etdik. Təssüf doğuran hal odur ki, bir sıra beynəlxalq qurumlarda istər Azərbaycan xalqına, istərsə də Türkiyəyə qarşı yönəlmiş terrorçuluq fəaliyyəti özünün lazımi qiymətini almayıb", - Azərbaycanın müdafiə naziri Səfər Əbiyev Bakıda Türkiyənin müdafiə naziri Vecdi Gönüllə görüşdə deyib. Məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Türkiyənin müdafiə naziri Vecdi Gönülün çərşənbə axşamı Azərbaycana rəsmi səfəri başlayıb.

Dağlıq Qarabağ münaqişəsinə toxunan Əbiyev Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinin nəticələrinin aradan qaldırılması və problemin danışıqlar yolu ilə həll edilməsi üzrə proseslərin davam etdiyini qeyd edib.

Nazir sülh danışıqlarının nəticə vermədiyi halda Azərbaycanın başqa imkanlardan istifadə edəcəyini istisna etməyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Müdafiə naziri Əbiyev görüş zamanı bildirib ki, hər iki ölkə arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahəsindəki əlaqələr inkişaf edir və gələcəkdə də həmin sahələr əməkdaşlığın prioritetlərini təşkil edəcək.

Türkiyənin müdafiə naziri Vecdi Gönül Azərbaycanla Tükiyənin müxtəlif istiqamətlər üzrə, o cümlədən müdafiə sahəsində geniş əməkdaşlıq məsələlərindən söhbət açaraq perspektivdə bu əlaqələrin dərinləşdirilməsini zəruri hesab edib.

Xəbər lenti

Xəbər lenti