...

Prezident İlham Əliyev Rusiya Prezidenti ilə görüşüb (FOTO)

Siyasət Materials 18 Noyabr 2010 23:59 (UTC +04:00)
Cümə axşamı Azərbaycan Prezidenti İlham Əliyev Xəzəryanı ölkələrin dövlət başçılarının Zirvə Görüşündə iştirak etmək üçün Bakıya səfərə gələn Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev ilə görüşüb. Məlumatı AzərTAc Dövlət İnformasiya agentliyi yayıb.
Prezident İlham Əliyev Rusiya Prezidenti ilə görüşüb (FOTO)

Cümə axşamı Azərbaycan Prezidenti İlham Əliyev Xəzəryanı ölkələrin dövlət başçılarının Zirvə Görüşündə iştirak etmək üçün Bakıya səfərə gələn Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev ilə görüşüb.  Məlumatı AzərTAc Dövlət İnformasiya agentliyi yayıb.

Prezident İlham Əliyev Rusiyanın dövlət başçısını salamlayıb.

"Sizi Azərbaycanda yenidən görməyimə şadam. Sağ olun ki, dəvətimizi qəbul edib bizə gəlmisiniz. Siz Bakıda səfərdə olarkən razılaşmışdıq ki, bu ilin sonuna qədər Xəzəryanı ölkələrin sammitini keçirək. Mən çox şadam ki, biz bu məqsədi təmin etmişik və ümid edirəm ki, bugünkü diskussiyaların nəticələri yaxşı olacaqdır. Münasibətlərimizin gündəliyinə bir daha nəzər salmaq, daha nələr etmək, harada nəyi tamamlamaq lazım olduğunu müəyyənləşdirmək üçün də yaxşı imkan vardır. Sizinlə görüşlərimiz müntəzəm xarakter daşıyır. Son üç ayda artıq üçüncü dəfədir ki, görüşürük. Buna görə də əlbəttə, hər şeyi ətraflı müzakirə etməyə imkanımız olmuşdur.

Amma hər halda həyat bir yerdə dayanmır, irəliyə doğru hərəkət edir. Buna görə də bu görüş məni çox sevindirir.

İkitərəfli planda işlərimiz yaxşı gedir, qarşılıqlı siyasi əlaqələr yüksək səviyyədədir, iqtisadiyyatda da böhrandan sonrakı dövrün çətinliklərini aradan qaldırırıq. Regional problemlərə gəldikdə isə, mən fürsətdən istifadə edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqlar prosesində fəal iştirakınıza görə bir daha təşəkkürümü bildirmək istərdim. Görüşlərin keçirilməsi barədə Sizin təşəbbüsünüz və şəxsən iştirakınız çox mühüm və müsbət rol oynayır. Ümid edirəm ki, biz bu prosesdə irəliləyişə və bölgəmizdə sülhü, təhlükəsizliyi təmin etməyə nail olacağıq. Bu, yalnız o halda mümkündür ki, münaqişə beynəlxalq hüququn norma və prinsipləri, beynəlxalq təşkilatların qərar və qətnamələri əsasında tənzimlənsin. Bu fikir Mayendorfda imzalanmış birgə bəyannamədə də əks olunmuşdur.

Sizi bir daha salamlamaq və ümid etdiyimi bildirmək istəyirəm ki, ölkələrimiz arasında fəal əlaqələr bundan sonra da davam edəcəkdir", deyə Azərbaycan Prezidenti bildirib.

Rusiya Prezidenti yenidən görüşmək imkanına görə onun da çox şad olduğunu bildirib.

"Məni Azərbaycana gəlməyə və sammitdə iştirak etməyə dəvət etdiyinizə görə sağ olun. Həqiqətən bu ideya nisbətən yaxın vaxtlarda, mənim Azərbaycana səfərim dövründə yaranmışdır. Yaxşıdır ki, həmkarlarımız buna razılıq vermişlər və bu gün görüşüb Xəzəryanı qarşılıqlı əlaqələr problemini müzakirə edəcəyik.

Bizim ikitərəfli münasibətlərə gəldikdə isə, Siz hər şeyi çox dəqiq ifadə etdiniz və əslində mənim əlavə ediləsi sözüm yoxdur. Əlaqələrimiz çox yaxşı inkişaf edir. Həm ən yüksək səviyyədə, həm hökumətlərimiz, ölkələrimizin ictimai strukturları arasında, biznes birliyi xətti üzrə.

Ümumiyyətlə burada, necə deyərlər, heç nə icad etməyə ehtiyac yoxdur - sadəcə olaraq bu münasibətləri müntəzəm inkişaf etdirmək, ola bilsin ki, işgüzar əlaqələri intensivləşdirmək lazımdır. Mən onu nəzərdə tuturam ki, dövlətlərimiz həqiqətən artıq böhranlı şəraitdə inkişaf dövründən çıxmışlar. Eyni zamanda, keçən il baş vermiş hadisələr hər halda ikitərəfli əmtəə dövriyyəsinə təsir göstərir. Mən fikir vermişəm, bizim xəttimiz bir qədər zəifləyib və əlbəttə onun yenidən artması üçün hər şeyi etmək lazımdır.

Başqa məsələlər - təkcə Xəzəryanı deyil, həm də regional məsələlər üzrə qarşılıqlı fəaliyyətə gəldikdə isə əlbəttə, biz regionda təhlükəsizliyin təmin edilməsi üçün bundan sonra da bütün zəruri səylərimizi səfərbər etməyə hazırıq. Rusiya Dağlıq Qarabağ probleminin tənzimlənməsi baxımından Azərbaycan ilə Ermənistan arasında münasibətlərin inkişafı prosesinə bundan sonra da kömək edəcəkdir. Son vaxtlar burada müəyyən addımlar atılmışdır. Mən Sizinlə razıyam ki, bu münaqişənin həlli beynəlxalq hüquq müstəvisindədir və bütün istiqamətlər üzrə müvafiq iş aparılır. Biz bu prosesə indiyə qədər olduğu kimi yenə kömək etməyə hazırıq.

Dəvət üçün bir daha sağ olun", - Dmitri Medvedev deyib.

 Foto - www.azertag.com

Xəbər lenti

Xəbər lenti