Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbir M.Əliyev/
Bakının Suraxanı rayonunda Heydər Əliyev Mərkəzində cümə günü ümummilli lider Heydər Əliyevin xatirəsinin anılması ilə əlaqədar tədbir keçirilib.
"Azərbaycanın hər yerində Heydər Əliyevin xatirəsinə hörmət, ehtiram ifadə olunur. Yeni Azərbaycan Partiyası onun yaratdığı partiya olaraq, Heydər Əliyev ideyalarının həyata keçirilməsi sahəsində öz fəaliyyətini davam etdirməklə yanaşı, Heydər Əliyevin əziz xatirəsinin yad edilməsi ilə bağlı genişmiqyaslı tədbirlər keçirir", - YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov çıxışında bildirib.
Əhmədovun sözlərinə görə, Heydər Əliyev irsinin öyrənilməsi ilə bağlı böyük işlər görülüb.
"Heydər Əliyev Azərbaycana daima xidmət edib, bu gün də Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət Azərbaycana xidmət edir. Bu da onu sübut edir ki, Heydər Əliyev həyatda olmasa belə, öz ideyaları ilə yaşayır. Hər bir azərbaycanlı daim onu öz yanında hiss edir. Biz istəyirik ki, Azərbaycanın gələcək nəsilləri Heydər Əliyevin zəngin irsini yaddaşına həkk etsin və onların vətəndaş kimi böyüməsinə şərait yaratsın", - Əhmədov əlavə edib.
Deputat Fəttah Heydərov çıxışında bildirib ki, Heydər Əliyev XX əsrin yaradılmışları içərisində Yaradanın şah əsəridir.
"İlk dəfə o, hakimiyyətə gələndə Azərbaycanı Sovet İttifaqı dövründə ən geridə qalan ölkələr sırasından qabaqcıl yerlərə çəkdi. Heydər Əliyevsiz illərdə Azərbaycan öz torpaqlarını itirdi, ölkədə qardaş qırğını baş verdi", - Heydərov bildirib.
Suraxanı rayon icra başçısı İlqar Abbasov bildirib ki, Heydər Əliyev Vətənini sevən hər azərbaycanlı üçün qürur mənbəyidir.
"Dünyanın bir çox yerlərində Heydər Əliyevin anım mərasimi keçirilir. Heydər Əliyev ideyaları nəinki dünənki, bugünki insanlara, hətta neçə-neçə nəsillərə qalacaq", - Abbasov bildirib.