...

Azərbaycan Baş Prokurorluğu 2011-ci ilin prioritetlərini müəyyənləşdirib

Siyasət Materials 7 Yanvar 2011 18:22 (UTC +04:00)
Azərbaycan Baş Prokurorluğu 2011-ci ilin prioritetlərini müəyyənləşdirib.
Azərbaycan Baş Prokurorluğu 2011-ci ilin prioritetlərini müəyyənləşdirib

Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Baş Prokurorluğunda cümə günü 2010-cu hesabat ilində prokurorluğun Mərkəzi Aparatı tərəfindən görülmüş işlərin nəticələri və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib. Trend-in məlumatına görə, bu barədə Baş Prokurorluğun rəsmi saytı məlumat yayıb.

Əməliyyat müşavirəsində məruzə ilə çıxış edən baş prokuror Zakir Qaralov xüsusi olaraq vurğulayıb ki, 2010-cu il xalqımız üçün çox uğurlu bir tarix olmaqla, Azərbaycan Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi altında həyata keçirilən müasir məzmunlu siyasət tədbirləri nəticəsində ölkə həyatının bütün sahələrində böyük irəliləyişlərə, müstəqil dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə, vətənimizin iqtisadi qüdrətinin artırılması ilə nəticələnən möhtəşəm sosial-iqtisadi inkişaf göstəricilərinə nail olunub, hüquqi və demokratik dövlət quruculuğu prosesləri yeni müstəviyə qaldırılmaqla, dünya birliyinə inteqrasiya prosesləri dönməz xarakter alıb.

2010-cu ilin Azərbaycan Respublikası Prokurorluğu orqanları üçün də uğurlu hesabat dövrü olduğunu bildirən baş prokuror prokurorluq orqanlarının səylərinin, ilk növbədə, dövlət başçısı İlham Əliyevin rəhbər göstərişlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə, prokurorluqda islahatların yeni məzmunda davam etdirilməsinə, "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı"nın müəyyən edilmiş müddətlər ərzində keyfiyyətli icrasına, "Prokurorluq haqqında" qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılmasına, mövcud çatışmazlıqlar və neqativ təzahürlərin təxirə salınmadan aradan qaldırılmasına yönəldiyini göstərib.

Digər hüquq-mühafizə orqanları, ilk növbədə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri ilə qarşılıqlı əlaqəli birgə fəaliyyətin nəticəsində 2010-cu il ərzində cinayətkarlığa qarşı mübarizənin gücləndirildiyi, kriminogen durumun daha da stabilləşməsi ilə nəticələnən göstəricilərə nail olunduğu, mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində zəruri tədbirlərin görüldüyü, dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq ədalətli və şəffaf prosedurlar əsasında gənc kadrların prokurorluqda qulluğa qəbulu istiqamətində zəruri tədbirlər davam etdirilməklə, 80 ştat vahidi üzrə elan edilmiş müsabiqənin başa çatdırıldığı və Ədliyyə Akademiyasında icbari təhsil alan həmin gənclərin 2010-cu ilin aprel ayında tabe qurumlara təyinatlarının aparıldığı barədə məlumat verilib.

Azərbaycan Prezidentinin 27 sentyabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulmuş tapşırıqların icrası istiqamətində görülən tədbirlər nəticəsində prokurorluq sistemində işçilərin nəzəri bilik və peşə hazırlığı səviyyəsinin yoxlanılması və artırılması işinin yeni müstəvidə təşkilini təmin etməyə qadir olan Elm-Tədris Mərkəzinin yaradılması və normal fəaliyyəti üçün zəruri tədbirlərin görülməsi, Baş Prokurorluğun strukturunda yeni məzmunda Hüquqi təminat və informasiya idarəsi təşkil olunmaqla prokurorluq orqanlarında yeni informasiya texnologiyalarının tətbiqi sahəsində yeni imkanların yaradılması, Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin tərkibində kriminalistika xidmətinin yeni strukturunun formalaşdırılması, Daxili İşlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət və Dövlət ittihamının müdafiəsi üzrə idarələrdə struktur dəyişikliklərinin həyata keçirilməsi təmin olunub.

Hesabat dövründə yeni informasiya texnologiyalarının tətbiqi istiqamətində görülən işlər sırasında Elm-Tədris Mərkəzi tərəfindən "İmtahan" informasiya sistemində test üsulu ilə prokurorluq əməkdaşlarının nəzəri bilik və peşə hazırlığı səviyyəsinin yoxlanılmasına başlanmasının əhəmiyyəti qeyd edilib və bu prosedurun prokurorluq işçilərinin nəzəri bilik və peşə hazırlığı səviyyəsinin əhəmiyyətli dərəcədə artırılması üçün möhkəm stimul yaratdığı diqqətə çatdırılıb.

Prokurorluğun istintaq fəaliyyətinin daha da təkmilləşdirilməsi, ibtidai araşdırmaya prosessual rəhbərliyin səmərəliliyinin artırılması, dövlət ittihamının müdafiəsi sahəsində işin yenidən təşkili ilə əlaqədar görülmüş işlər, "Prokurorluq haqqında" qanunla müəyyənləşdirilmiş digər fəaliyyət istiqamətləri üzrə işin düzgün təşkili, prokurorluğun fəaliyyətində aşkarlığın təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər də öz nəticələrini verib.

Baş prokuror Zakir Qaralovun məruzəsində 2011-ci ildə prokurorluq orqanlarının qarşısında duran vəzifələr barədə də ətraflı məlumat verilməklə, ilk növbədə, "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı"nın icrasının sonuncu ili olan 2011-ci il üçün nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi istiqamətində təşkilati işlərin eyni intensivliklə davam etdirilməsi, mərkəzləşdirilmiş informasiya kommunikasiya sisteminin yaradılması və xidməti sənədlərin elektron dövriyyəsini təmin edəcək şəbəkənin formalaşdırılması işinin yekunlaşdırılması, prokurorluq orqanlarında işin təşkili və icraya nəzarətin, habelə tabe struktur qurumların fəaliyyətinin qiymətləndirilməsi meyarlarının təkmilləşdirilməsi, prokurorluq işçilərinin peşə hazırlığı və ixtisasartırma işinin yenidən təşkili, prokurorluğun beynəlxalq əlaqələrinin səmərəliliyinin artırılması və beynəlxalq əlaqələrdən irəli gələn öhdəliklərin icrası ilə bağlı məsələləri tənzimləyən normativ-hüquqi bazanın daha da təkmilləşdirilməsi istiqamətində əlaqədar qurumlar tərəfindən müvafiq tədbirlər görülməsi barədə tapşırıqlar verilib.

Prokurorluq orqanlarının fəaliyyətində işin səmərəliliyinə təsirini göstərən bir sıra çatışmazlıqların tam aradan qaldırılmadığı bildirilməklə, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin, vətəndaş müraciətlərinə baxılması və onların qəbulu işinin, dövlət ittihamının müdafiəsi üzrə fəaliyyətin səmərəliliyinin daha da artırılması, bu sahədə işlərin təşkilinə görə məsul olan əməkdaşların məsuliyyət hissinin artırılması istiqamətində zəruri tədbirlərin görülməsi qarşıda duran əsas vəzifələr kimi müəyyənləşdirilib.

Eyni zamanda, əməliyyat müşavirəsində 2011-ci ildə korrupsiya cinayətlərinə qarşı səmərəli mübarizənin təşkili və "Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi haqqında" dövlət başçısının 22 iyun 2009-cu il tarixli fərmanının və bu barədə Baş Prokurorluq üzrə müvafiq əmrin səmərəli icrasının təmin olunması, yaranmış vakansiyalara təyinatların aparılması yolu ilə kadr tərkibinin gənc mütəxəssislər hesabına komplektləşdirilməsi məqsədilə 2011-ci ildə 100 ştat vahidi üzrə elan edilmiş qulluğa qəbulun mütəşəkkil şəkildə həyata keçirilməsi, 2010-cu ilin yekunlarının təsdiq edilmiş qrafikə uyğun olaraq Baş Prokurorluğun struktur qurumlarında müzakirələrinin aparılması, Baş Prokurorluğun geniş Kollegiya iclasının keçirilməsinə hazırlıqla əlaqədar zəruri təşkilati tədbirlərin görülməsi barədə konkret göstərişlər verilib.

Xəbər lenti

Xəbər lenti