Azərbaycan, Bakı, 4 fevral /Trend/
Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Latviyanın ətraf mühitin mühafizəsi və regional inkişaf naziri Raymonds Veyonisin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə cümə günü Trend-ə Ədliyyə Nazirliyinın mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan və Latviya arasında dostluq və əməkdaşlıq münasibətlərinin dinamik inkişaf etdiyini bildirən nazir ölkə başçılarının qarşılıqlı səfərlərini və geniş müqavilə hüquq bazasının mövcudluğunu, Azərbaycanda sürətli iqtisadi artımı, demokratik hüquqi dövlət quruculuğunda əldə olunan nəticələri, yerli özünüidarənin inkişafı üzrə görülən işləri, iki ölkənin bələdiyyə assosiasiyaları arasında səmərəli əlaqələri vurğulayıb.
Latviyalı nazir oxşar tarixi olan ölkələrimiz arasında ikitərəfli əlaqələrin dərinləşdirilməsi üçün geniş imkanların olduğunu qeyd edib, Latviya Bələdiyyələr İttifaqı ilə Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyası arasında əməkdaşlığı yüksək qiymətləndirib, rast gəlinən problemlərin həlli üzrə qarşılıqlı təcrübə mübadiləsinin faydasını diqqətə çatdırıb.
Söhbət zamanı qonaqların diqqəti Ermənistan tərəfindən torpaqlarımızın 20 faizinin işğalı, bir milyon soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktına cəlb edilib. Görüşdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi, bu işdə regional ədliyyə şöbələrinin rolu, habelə ədliyyə və məhkəmə islahatları və digər qarşılıqlı maraq doğuran məsələlərə dair səmərəli fikir mübadiləsi aparılıb, əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəlməsini nəzərdə tutan mühüm təkliflər irəli sürülüb.