...

Gecikən "inqilab"

Siyasət Materials 5 Fevral 2011 09:00 (UTC +04:00)
Bütün dünyanın diqqət mərkəzində olan Misirdə keçən cümə başlayan inqilab cəhdləri bu gün də davam edir. Baş verən hadisələrdə ölən və yaralananların sayının günbəgün artması inqilabın gec-tez gerçəkləşəcəyindən və Mübarək rejiminin süquta uğrayacağından xəbər verir.
Gecikən "inqilab"

Azərbaycan, Bakı, 4 fevral /Trend/

Rufiz Hafizoglu, Trend-in Yaxın Şərq redaksiyasının rəhbəri

Bütün dünyanın diqqət mərkəzində olan Misirdə keçən cümə başlayan inqilab cəhdləri bu gün də davam edir. Baş verən hadisələrdə ölən və yaralananların sayının günbəgün artması inqilabın gec-tez gerçəkləşəcəyindən və Mübarək rejiminin süquta uğrayacağından xəbər verir.

30 ildən çoxdur ki, iqtisadi və siyasi baxımdan əzilən Misir xalqından rejimə qarşı belə bir sərt addım atılacağı gözlənilməz idi.

Misir hökuməti ilkin mərhələdə xalqın tələblərinə məhəl qoymasa da, kütləvi iğtişaşların ölkənin digər şəhərlərinə keçməsi və böyük dövlətlərin rəsmi Qahirəyə təzyiqindən sonra Prezident Hüsnü Mübarək və adminstrasıyası müxalifətlə diaqloqa getmək məcburiyyətində qaldı.

Lakin müxalifətlə dialoqa hazır olduğunu bəyan edən Misir lideri Amerikaya və Qərbə də ismarıc göndərməyi unutmadı.

Prezident Hüsnü Mübarək Amerikanın ABC telekanalına verdiyi müsahibəsində "hakimiyətdən bezmişəm, getməyə hazıram, amma qorxuram ki, məndən sonra hakimiyyət "Müsəlman qardaşlar"a keçsin və ölkədə xaos olsun" deyib.

Hüsnü Mübarəkin söylədikləri ABŞ-a ismarıc olmaqla yanaşı, ölkə müxalifətini bölməyə yönəlmişdi.

Sirr deyil ki, Misir Prezidenti ölkədə baş verənlərin başqa bir istiqamətdə yürüdülməsi üçün oxşar taktika seçmişdi və bu taktiki gedişdən sonra Qahirədə heç kimin gözləmədiyi halda Mübarəkin mülki geyimdə olan tərəfdarları ilə müxalifət arasında toqquşmalar başladı.

Maraqlıdır, görəsən, nə üçün Tunisin eks-prezidenti Ben Əlidən fərqli olaraq, Mübarəkin hakimiyyətdən getməyi bu qədər uzanır.

Təbii ki, bunun bir çox səbəbləri var. Bunlardan biri Ben Əli ilə oxşar cəhətləri olan Mübarəkin, ondan fəqrli olaraq, siyasi baxımdan daha təcrübəli və hərbiçi olmasıdır.

Digər bir səbəb isə Misirin geosiyasi baxımdan ərəblər üçün Tunisdən daha fərqli, strateji ölkə olmasıdır.

Məhz bu səbəbdən bir sıra ərəb dövlətləri, o cümlədən özünü İslam və müsəlmanların himayəçisi adlandıran Səudiyyə Ərəbistanı Mübarək rejiminə dəstək verdi və baş verən hadisələrdə müxalifəti ciddi tənqid etdi.

Bundan əlavə, ərəb liderləri çox gözəl başa düşürlər ki, Mübarək kimi güclü və siyasi baxımdan təcrübəli olan liderin hakimiyyətdən getməsindən sonra sıra onlara da çatacaq.

Artıq bəllidir ki, Mübarək hakimiyyətdən gedəcəyi təqdirdə inqilabın ayaq səsləri digər ərəb ölkələrində - İordaniya, Suriya, Əlcəzair və Yəməndə də eşidiləcək.

Şübhəsiz, ərəb ölkələrindəki etiraz və inqilab əhval-ruhiyyəsini Avropa, Birləşmiş Ştatalar və hətta İran da öz maraqları üçün istifadə edəcək.

Hər nə qədər qəribə olsa da, artıq İran Misir və Tunisdəki "çörək inqilabları"na sahib çıxmağacəhd göstərir.

Cümə xütbəsində İranın ali dini lideri Ayətullah Xamenei Afrikanın şimalındakı və digər müsəlman ölkələrində baş verən hadisələrin İran xalqının islam inqilabından qaynaqlandığını bildirdi.

Əgər inqilablar bütün ərəb dünyasına "sıçrasa", şübhəsiz, ən təhlükəlisi Yəməndə baş verəcək. Çünki ölkənin siyasi, iqtisadi baxımdan zəif olması ilə yanaşı, rəsmi Sanaya "Əl-Qaidə" beynəlxalq terror təşkilatı və Yəmən şiələri olan husilərin simasında qonşu İranın təsiri var.

Məhz 2008-ci ildə Yəməndə yerli şiələrlə hökumət qüvvələri arasında baş verən silahlı toqquşma sünni ərəb ölkələrini "Şiə ayparası" üzərində daha ciddi düşünməyə vadar etmişdi.

Hadisələrdən sonra Yəmən Prezidenti Qətərin "Əl-Cəzirə" telekanalına verdiyi müsahibəsində maraqlı bəyanatla çıxış edərək, ölkədə baş verən hadisələrdə iranlıların və Müqtəda Sədrə sadiq qüvvələrin əli olduğunu, rəsmi olaraq İran hökumətini ittiham etməsə də, Müqtəda Sədrin və İrana bağlı bəzi qüvvələrin şiə qiyamçılarına yüz min dollar maddi dəstək verməsi barədə sənədlərin olduğunu bildirdi.

Bir çox siyasi analitiklər Qahirədə baş verən hadislərdən sonra Prezident Mübarəkin hakimiyyətdə qalma şansının sıfra bərabər olduğu qənaətindirlər.

Sübhəsiz, siyasi rejimin süqutu ölkədə ciddi dəyişiklərə yol açacaq. Təbii ki, ilk növbədə az da olsa, demokratik mühit yaranacaq.

Bu gün "Müsəlman qardaşlar" hakimiyyətə gəlmək istəyində olmadıqlarını bəyan etsələr də, islamçılar bu və ya digər şəkildə hakimiyyətə gələcəklər.

Çünki hazırda Misirdə baş verən hadisələrdə bir o qədər də aktiv görünməyən, lakin real siyasi güc siyasi islamın düşünən beyni hesab edilən "Müsəlman qardaşlar" təşkilatıdır.

Bir çoxları Misirin Mübarək rejimindən sonra "Müsəlman qardaşların" təsiri ilə ikinci İrana çevriləcəyi fikrində olsalar da, hadisələri daha yaxından təqib etdikdə Misirin heç vaxt İran olmayacağını görmək olar.

İlk növbədə, bir şeyi unutmaq lazım deyil ki, Misirdə Mübarək rejimi demokratik rejimlə əvəz olunsa, bu, islamçıların, xüsusən də "Müsəlman qardaşların" siyasi cəhətdən parçalanması ilə nəticələnəcək.

Çünki məzh antidemokratik rejimin mövcudluğu "Müsəlman qardaşlar" təşkilatının siyasi kursunda dəyişiklik etməməsinə səbəb olub.

Misirdə Mübarək rejimi süqut etsə və ehtimal edildiyi kimi, sünni islamçılar hakimiyyətə gəlsə, bu, Qahirə və Tehran arasında İslam dünyasına sahib çıxmaq üstündə mübarizənin başlanğıcı olacaq.

Ən əzından ona görə ki, sünni müsəlman dünyası İraqdakı "Mehdi ordusunun" və "Ölüm briqadalarının" ABŞ tankları üzərində Bağdada girmələrini hələ də unutmayıblar.

Misirdə inqilab baş tutacağı təqdirdə, inqilabın nəticələri bu və ya digər şəkildə bütün müsəlman dünyasını əhatə edəcək.

Xəbər lenti

Xəbər lenti