...

Azərbaycanda istehlak olunan ərzaq məhsullarının 100 faizi ölkəmizdə istehsal olunmalıdır - Prezident İlham Əliyev

Siyasət Materials 10 Fevral 2011 23:27 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da Samux Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Məlumatı cümə axşamı AzərTAc Dövlət İnformasiya agentliyi yayıb.
Azərbaycanda istehlak olunan ərzaq məhsullarının 100 faizi ölkəmizdə istehsal olunmalıdır - Prezident İlham Əliyev

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da Samux Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.  Məlumatı cümə axşamı AzərTAc Dövlət İnformasiya agentliyi yayıb.

Prezident İlham Əliyev görüşə toplaşanları salamladı. "Mən sizi ürəkdən salamlayıram. Samux rayonunda çox əlamətdar hadisədir - İcra hakimiyyətinin yeni inzibati binası istifadəyə verilibdir. Çox əlamətdar hadisədir. Həm burada işləyənlər üçün yaxşı şərait yaradılıb, eyni zamanda, - icra hakimiyyətinin ətrafında binalar tikiləcək, yeni mərkəz yaradılacaq və Samux şəhəri inkişaf edəcəkdir.  Samux rayonunda sənaye müəssisələri açılır. Bu gün mən meyvəqurutma müəssisəsinin açılışında iştirak etmişəm. Çox gözəl, keyfiyyətli məhsullar istehsal olunur. Mənə verilən məlumata görə, quşçuluq fabriki tikilibdir. Orada da həm iş yerləri açılır, həm də ki, yerli istehsal yaradılır. Elə etməliyik ki, özümüzü maksimum dərəcədə yerli məhsullarla təmin edək. Xüsusilə quşçuluq sahəsində, çünki biz bu sahədə özümüzü hələ 70-75 faiz səviyyəsində təmin edirik. Ona görə quşçuluğun inkişafı indi prioritet xarakter daşıyır. İki-üç ilə biz tamamilə bu sahədə də öz istehsalımızı təmin edəcəyik", İlham Əliyev bildirib.

Prezident qeyd edib ki, Samuxda qazlaşdırma işləri uğurla davam edir. "Mənə verilən məlumata görə, əksər kəndlərdə qazlaşdırma başa çatıbdır. Elektrik enerjisi ilə təchizat yaxşı səviyyədədir. Bu gün mən yeni böyük yardımçı stansiyanın açılışında iştirak edəcəyəm. Həm bütün bölgəyə dayanıqlı elektrik enerjisinin verilməsi üçün bu stansiyanın böyük əhəmiyyəti var, həm də Gəncədə tikilməkdə olan böyük metallurgiya kompleksinin fəaliyyəti üçün mütləq belə bir güc yaradılmalı idi.
Bir sözlə, hər bir rayonda olduğu kimi, Samuxda da quruculuq, abadlıq işləri aparılır, yeni müəssisələr yaradılır, sosial məsələlər öz həllini tapır, rayon abadlaşır, gözəlləşir. Mən hesab edirəm ki, gələcək illərdə bu müsbət dinamika davam etdiriləcəkdir. Çünki bizim həyata keçirdiyimiz bütün layihələr, bütün proqramlar gələcəyə yönəldilibdir. Həm bugünkü uğurlu dinamik inkişafımızı təmin edirik və ən əsası isə, bütün bu işlər uzunmüddətli inkişaf strategiyamız çərçivəsində görülür. İqtisadi inkişaf, sosial məsələlərin həlli, infrastruktur layihələri, abadlıq-quruculuq işləri, yeni müəssisələrin, iş yerlərinin yaradılması - bütün bunlar Azərbaycanda kompleks şəkildə və uğurla icra edilir", İlham Əliyev deyib.
 
Ölkə başçısının sözlərinə görə, qərb zonası çox uğurla inkişaf edir. "Bu gün mən səhərdən qərb zonasındayam. Böyük işlərin görülməsinin şahidi oluram. Hər dəfə bu bölgədə olarkən sevinirəm ki, qərb zonası çox uğurla inkişaf edir. Həm kənd təsərrüfatı inkişaf edir, sənaye müəssisələri, sosial obyektlər tikilir, həm də yeni parklar, yollar salınır. Biz Bakı-Gürcüstan sərhədi magistral yolunun çəkilişinə nail ola bilmişik, rahat yolla gəlib-getmək mümkündür.
Gələcək illərdə biz ölkəmiz üçün lazım olan bütün layihələri icra edəcəyik. Bir müddət əvvəl Şəmkirçay su anbarının tikintisinə başlamışdıq. Onun istifadəyə verilməsi nəticəsində minlərlə hektar sahə suvarılacaqdır. Təkcə Samux rayonunda 20 min hektardan artıq torpaq istifadəyə veriləcəkdir. Qonşu rayonlarda - Şəmkirdə, digər rayonlarda da suvarılan torpaqların sahəsi artacaq, beləliklə, Azərbaycanda kənd təsərrüfatı daha çox inkişaf edəcəkdir", İlham Əliyev bildirib.

Prezident xatırladıb ki, verdiyi tapşırıqlar əsasında indi Azərbaycanda taxılçılığın inkişafı üçün böyük fermer təsərrüfatlarının yaradılmasından ötrü boş torpaq sahələri axtarılır. Yaxın vaxtlarda o torpaqlar müəyyən ediləcək və dövlət tərəfindən bütün infrastruktur təminatı - elektrik enerjisi, su təminatı təşkil ediləcək ki, Azərbaycanda kənd təsərrüfatı, xüsusilə taxılçılıq sahəsində daha da böyük uğurlara nail olaq.

"Biz elə etməliyik ki, əsas ərzaq məhsulları ilə özümüzü təmin edək. Artıq bu yolda çox böyük uğurlara biz nail olmuşuq. Hazırda bitkiçilikdə və quşçuluq sənayesində özümüzü təmin etmək imkanlarımız təxminən 70 faiz səviyyəsindədir. Ət, süd məhsulları, bitki yağları, şəkər və digər əsas ərzaq məhsulları ilə demək olar ki, biz özümüzü 100 faiz, yaxud da 90-95 faiz təmin edirik. Bu bizə nə verəcək? İlk növbədə, yerli istehsalın inkişafı daha da sürətlə gedəcək, digər tərəfdən, ərzaq təhlükəsizliyimizi təmin edəcəyik. İndi dünyada ərzaq təhlükəsizliyi haqqında ciddi söhbətlər gedir, müzakirələr aparılır. Çox böyük narahatlıq var ki, ərzaq təhlükəsizliyi məsələləri dünya miqyasında qabarıq şəkildə birinci plana çıxa bilər. Belə olan halda, əlbəttə ki, insanlar böyük çətinliklərlə üzləşə bilərlər. Biz elə etməliyik ki, Azərbaycanda istehlak olunan ərzaq məhsullarının 100 faizi ölkəmizdə istehsal olunsun. Bundan əlavə, biz öz məhsullarımızla xarici bazarlara da çıxmalıyıq. Bizim məhsullarımız həm təbiidir, həm keyfiyyətlidir, həm də hazırda yeni texnologiyalar əsasında tikilmiş zavodlar, fabriklər dünya səviyyəli məhsul istehsalına şərait yaradır.
Azərbaycanın hər bir rayonu üzrə konkret proqram var, iş cədvəli var. Yerli icra orqanları bu işləri aparır və aparmalıdırlar. Mərkəzi orqanlar tərəfindən görülən işlər, verilən tövsiyələr, ayrılan vəsait isə əlbəttə ki, bu işlərin daha da səmərəli aparılmasına xidmət göstərir", dövlətimizin başçısı deyib.
 
"Samux rayonuna mən birinci dəfə deyil ki, gəlmişəm, əvvəllər də gəlmişdim. Hər dəfə gələndə sevinirəm ki, burada hansısa bir yeniliyi görürəm, inkişafı, abadlığı görürəm. Bu gün bu inzibati binanın açılışı da, yenə də deyirəm, böyük məna daşıyır. Bu, sadəcə iş yeri deyil, Samux şəhərinin inkişafı üçün, inkişaf etmiş rayona çevrilməsi üçün atılmış vacib addımdır. Sizə yeni uğurlar, cansağlığı arzulayıram. Arzu edirəm ki, Samux rayonunda hər şey yaxşı olsun", İlham Əliyev çıxışında bildirib.

Foto - Azərbaycan Prezidentinin rəsmi saytı

Xəbər lenti

Xəbər lenti