...

Ərəb Şərqindəki etirazlar Mərkəzi Asiya və Cənubi Qafqaza təsir edəcək - politoloqlar

Siyasət Materials 25 Fevral 2011 16:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir Y.Ostapenko/

Ərəb dünyası və postsovet məkanının öz aralarında siyasi, iqtisadi və sosial cəhətdən köklü şəkildə fərqlənmələrinə baxmayaraq, ərəb Şərqindəki etirazlar dalğasının Mərkəzi Asiya və Cənubi Qafqaz regionuna təsiri qaçılmazdır. Azərbaycan və Rusiyadan olan ekspertlər belə hesab edirlər.

Mövzu üzrə müzakirələr cümə günü Bakıda "RİA Novosti" mərkəzində keçirilib.

Politoloqların fikrincə, inqilab dalğasının əhatə etdiyi ərəb dünyasındakı proseslərin təsiri Mərkəzi Asiya və Cənubi Qafqazda özünü göstərəcək. Rasim Ağayev hesab edir ki, bu, müsəlmanların vahid məkanıdır və onun bir hissəsinin "əhval-ruhiyyəsi" digərində diqqətsiz qala bilməz. Onun sözlərinə görə, KİV-in qlobal rolu da təsir göstərməyə bilməz.

Misirdə son onilliklər ərzində hökumət əleyhinə ən irimiqyaslı etiraz aksiyaları keçirilib. Müxtəlif şəhərlərdə minlərlə adam prezident Hüsni Mübarəkin istefası və parlamentin buraxılması tələbi ilə küçələrə çıxıblar. Azı 300 nəfər həlak olub, 4 mindən artıq adam xəsarət alıb. Nümayişçilər Qahirənin Təhrir meydanına yığışaraq Mübarəkin dövlət başçısı vəzifəsindən getməsini tələb ediblər. Nəticədə cümə günü Mübarək istefaya getdiyini bəyan edib, ölkəyə rəhbərlik isə Silahlı Qüvvələrin Ali Şurasına tapşırılıb.

Liviya əyalətlərində ölkəni 42 ildir idarə edən Müəmmər Qəddafinin istefası ilə bağlı aksiyalar fevralın 15-dən davam edir. Hüquq müdafiəsi təşkilatı "Human Rights Watch"un məlumatına görə, bu günlər ərzində nümayişçilərin qanun keşikçiləri ilə toqquşmaları nəticəsində 560 adam həlak olub, dörd mindən çox insan yaralanıb. Rəsmi hakimiyyət yalnız 84 nəfərin həlak olduğunu təsdiqləyir.

Politoloqlar etiraz dalğasının yayılması barədə danışarkən, postsovet məkanında buna daha az məruz qalacaq ölkə kimi Rusiya, Qazaxıstan və Azərbaycanı ayırıblar.

"Rusiya, Qazaxıstan və Azərbaycanda ərəb dünyasında tüğyan edən etirazların təsirinin yayılması üçün zəmin yoxdur", - Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda çalışan rusiyalı politoloq Stanislav Pritçin bildirib.

Pritçin bildirib ki, rəy sorğularına görə, Rusiyada narazılıqların səviyyəsi kifayət qədər yüksəkdir. Eyni zamanda, hökumətə qarşı aktiv etirazlara hazır olan adamların faizi çox azdır. Pritçin bunun səbəbini, necə deyərlər, "qeyri-sabitlik peyvəndində" postsovet ölkələrinin xaosa qərq olduğu 1990-cı illər haqqında xatirələrdə görür.

Pritçinin fikrincə, Qazaxıstanda referendumun keçirlməsi fikri, daha sonra Nazarbayevin seçkilərə getməklə bağlı qərarı ərəb dünyasındakı proseslərlə bağlı deyil. Seçkilər Nazarbayev üçün yeganə çıxış yolu idi, çünki referendum barədə ideya prezidentin səlahiyyət müddətini on il uzatmaqla ölkə Konstitusiyasında antidemokratik dəyişiklərin edilməsini ehtimal edirdi.

Ekspert cəmiyyətini və biznes nümayəndələrini həyəcanlandıran əsas məsələ Qazaxıstanda hakimiyyətin dəyişdirilməsi təsisatının olmamasıdır. Bu, fəaliyyətdə olan Prezident Nazarbayevin sağlamlığının pozulacağı təqdirdə problemə çevrilə bilər.

70 yaşlı Nursultan Nazarbayev 20 ildən çoxdur hakimiyyətdədir. Sorğulara əsasən, dövlət rəhbərini əhalinin 90 faizi dəstəkləyir. Qazaxıstanda növbədənkənar prezident seçkiləri aprelin 3-nə təyin edilib.

Politoloqlar hakimiyyətdə bir insanın uzun müddət olmasını ölkədə vəziyyətin qaçılmaz şəkildə qeyri-sabitliyinə, əhalinin etirazlarına səbəb olacağına gətirib çıxarması barədə müxtəlif fikirləri nümunə kimi göstərdilər və bu yaxınlarda, Yaxın Şərqdəki hadisələrin göstərdiyi kimi, hakimiyyətin də devrilməsinə səbəb ola bilər.

Lakin politoloq Fikrət Sadıxov bu fikirləri təkzib edərək, son bir neçə ildə heç bir rəhbərin öz vəzifəsində çox qala bilmədiyi Qırğızıstanı nümunə kimi göstərib. Ölkədə hökumət bir neçə il ərzində dəfələrlə devrilib.

Ekspertlər ərəb dünyasında etiraz dalğalarının hərəkət qüvvəsi məsələsinə də toxunublar. Politoloq Rauf Rəcəbov ərəb Şərqində yeganə həqiqi qüvvənin islam olduğunu hesab edir. "İslamın ilk çağırışda qalxa biləcək minlərlə tərəfdarı var", - o bildirib.

Rasim Ağayev islamın təsir faktını şişirtməməyə çağırır. Onun sözlərinə görə, islam müxtəlif cür olur. Bu həm ərəb islamı, həm də Avropa islamı ola bilər. Bundan başqa, islamın mötədillik cərəyanı da var.

"Ərəb Şərqində məhz radikal islamın fəallaşmasından ehtiyat etməyə dəyməz, - o hesab edir. - Nəzərə almaq lazımdır ki, Şimali Afrika ərəbləri mötədil Türkiyə islamının təsirindən yararlanırlar".

Sadıxovun sözlərinə görə, ümumilikdə ərəb ölkələrindəki vəziyyəti ümumiləşdirmək lazım deyil, belə ki, dil, dini və mədəni yaxınlığın olması ilə yanaşı, ərəb dünyası çox müxtəlifdir.

"Məsələn, Misiri qəbilə münasibətlərinin olduğu və prezident olmaq üçün şeyxin təsdiqinin alınması lazım olan Yəmənlə müqayisə etmək olmaz", - o vurğulayıb.

Politoloqlar yekdil fikirə gəldilər ki, ərəb ölkələrinin demokratikləşməsindən danışmaq lazım deyil. Bu ölkələrdə demokratiyanın qərb variantı mövcud ola bilməz.

"İndi başlıca vəzifə ondan ibarətdir ki, vəziyyəti sabitləşdirmək və Yaxın Şərq regionunun "qara dəli"yə yuvarlanmasına yol verməmək lazımdır", - Rəcəbov hesab edir.

Xəbər lenti

Xəbər lenti