Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir M.Əliyev/
Brüsseldə Avropa Parlamentində parlamentin Almaniyadan olan üzvü İsmayıl Ertuğun himayəsi və Azərbaycanın Belçikadakı səfirliyinin dəstəyi ilə Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin təşkil etdiyi "Avropa İttifaqı-Azərbaycan münasibətləri: mədəniyyətlərarası dialoq" mövzusunda konfrans keçirilib. Bu barədə Trend-ə Azərbaycanın Belçikadakı səfirliyindən məlumat verilib.
Konfransda məruzəçi qismində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Qeyri-maddi irs şöbəsinin müdiri Yaşar Hüseynli, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Ziyad Əhmədov, Rus pravoslav kilsəsinin Bakı-Xəzəryanı yeparxiyası dini icmasının nümayəndəsi keşiş Mifodi, Azərbaycanın Dağ Yəhudiləri dini icmasının sədr müavini Semyon Şalmeyev, Avropa Aşkenaz Yəhudiləri dini icmasının Bakı nümayəndəliyinin sədr müavini Yevgeni Brenneysen və Azərbaycan Alban-udin xristian icmasının başçısı Robert Mobili iştirak ediblər.
"Azərbaycanın din və mədəniyyətlərin birgə yaşadığı və tolerantlığın ən bariz nümunəsi olan nadir məkanlardan biridir", - tədbirdə Azərbaycanın Belçikadakı səfiri və Aİ yanında missiyasının rəhbəri Emin Eyyubov deyib. Səfir Azərbaycandan gəlmiş müsəlman, xristian, yəhudi və alban-udin dini icmalarının nümayəndələrinin konfransda iştirakının bunu bir daha sübut etdiyini göstərib. Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi isə azərbaycanlıların zəngin mədəni irsə sahib olduqlarını, fərqli mədəniyyətlərə və dinlərə hər zaman hörmətlə yanaşdıqlarını qeyd edib.
Məruzəçilər öz çıxışlarında Azərbaycanda dini icmaların vəziyyəti, qeydə alınması və fəaliyyəti, dini dözümlülük və tolerantlıq mühitinin ümummilli lider Heydər Əliyevin din-dövlət konsepsiyasına uyğun olaraq möhkəmləndiyini və bu siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi, böyük tarixə malik dini məbədlərin bərpası, bu sahədə YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun mühüm rolu barədə məlumat veriblər.