...

YAP İctimai Palatanın təyin etdiyi mitinqə münasibətini açıqlayıb (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 11 Aprel 2011 13:26 (UTC +04:00)
Azərbaycanın hakim partiyası İctimai Palatanın aprelin 17-nə təyin etdiyi mitinqə münasibətini açıqlayıb.
YAP İctimai Palatanın təyin etdiyi mitinqə münasibətini açıqlayıb (ƏLAVƏ OLUNUB)

Üçüncü abzasdan sonra Əli Əhmədovun fikirləri əlavə edilib (ilk xəbər 12:59-da yayılıb)

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın hakim partiyası İctimai Palatanın aprelin 17-nə təyin etdiyi mitinqə münasibətini açıqlayıb.

"İctimai Palatanın martın 12-də və aprelin 2-də keçirdiyi mitinq cəhdləri cox vacib bir reallığı ortaya qoydu. Bu reallıq ondan ibarətdir ki, Azərbaycan vətəndaşları ictimai-siyasi sabitliyin pozulmasına gətirib çıxara biləcək hər hansı bir aksiyanı qətiyyətlə rədd edir. Bir neçə yüz insanın müxtəlif təhrikedici üsullarla küçələrə çıxarılması müxalifətin ictimai dəstəyinin nə dərəcədə zəif olduğundan xəbər verir", - Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov bildirib.

YAP rəsmisi deyib ki, Azərbaycan müxalifətinin radikal qanadı Azərbaycan vətəndaşlarının onları dəstəkləmədiyini aydın şəkildə gördüyündən, kənar qüvvələrin yardımından istifadə eləməyə başlayır.

Əhmədov bildirib ki, həm martın 12-də, həm də aprelin 2-də aksiya keçirilməli olan küçələrdə ayrı-ayrı səfirliklərin çoxlu sayda nümayəndələrini müşahidə etmək olardı.

"Bir neçə gün əvvəl bir neçə ölkənin səfirliyinin nümayəndələrinin İctimai Palata deyilən qurumun rəhbərliyi ilə görüşməsi, onların tədbirində iştirak etməsi də ondan xəbər verir ki, mitinq cəhdləri göstərənlər təkcə bir sıra müxalifət partiyaları deyil, eyni zamanda ayrı-ayrı ölkələrin səfirlikləri və nümayəndəlikləridir. Müxalifət partiyaları bu faktı gizlətmək belə istəmir, bununla da açıq etiraf edirlər ki, keçirdikləri hər bir tədbir Azərbaycandan kənar ayrı-ayrı qüvvələr tərəfindən istiqamətləndirilir, yəqin ki, həm də maliyyələşdirilir. Güman edirəm ki, aprelin 16-na təyin edilən mitinqin vaxtının aprelin 17-nə dəyişdirilməsi də bu sifarişi verənlərin mövqelərindəki dəyişikliklə əlaqədardır. Vaxtı nəyə görə dəyişdiklərini yəqin ki, mitinq cəhdi vaxtı biləcəyik. Azərbaycanda akkreditə olunmuş ayrı-ayrı dövlətlərin səfirlikləri mandatında nəzərdə tutulmayan işlərlə məşğul olmamalıdırlar. Onlar Azərbaycanda öz dövlətlərinin maraqlarını həyata keçirirlər, onların təmsilçisi kimi iştirak edirlər", - Əhmədov əlavə edib.

YAP rəsmisinin sözlərinə görə, mitinqlər, kütləvi aksiyalar və digər buna bənzər məsələlər isə Azərbaycan hakimiyyətinin, hökumətinin və cəmiyyətinin yalnız özünə məxsus olan hadisədir.

"Cəmiyyət daxilində olan proseslərə yalnız Azərbaycan vətəndaşları cavabdeh olmalıdırlar. Kənar qüvvələrin ölkə daxilində kütləvi aksiya, mitinq keçirilməsi kimi çox ciddi bir məsələyə müdaxilə etməsini yersiz sayıram. Hesab edirəm ki, Azərbaycan xalqı belə cəhdlər göstərən ayrı-ayrı ölkələrin səfirliklərinin nümayəndələrindən çox kəskin şəkildə bu cür hərəkətlərə son qoymağı tələb etməlidir", - Əhmədov deyib.

Xəbər lenti

Xəbər lenti