Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir S.Ağayeva/
Azərbaycan Xarici İşlər Nazirliyi Avropa İttifaqına etirazını bildirib.
XİN-in mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə bildirilib ki, aprelin 11-də Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin başçısı, səfir Rolan Kobia Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə dəvət olunub və Avropa İttifaqının ATƏT-in Daimi Şurasının 7 aprel 2011-ci il tarixli iclasında səsləndirilmiş "Azərbaycanda fundamental azadlıqlarla bağlı vəziyyətə" dair bəyanatı ilə əlaqədar Azərbaycan Hökumətinin narazılığı və təəssüfü qarşı tərəfə çatdırılıb.
Qeyd olunub ki, bu bəyanat qeyri-obyektiv, yanlış məlumatlar əsasında tərtib olunub, yerlərdə olan reallıqları əks etdirmədən qərəzli səciyyə daşıyır. Həmin bəyanat Azərbaycan-Avropa İttifaqı münasibətlərinin mövcud ruhuna ziddir və qəbuledilməzdir. Qarşı tərəfin nəzərinə çatdırılıb ki, Azərbaycan hökuməti demokratik inkişaf prinsiplərinə sadiq qalaraq, üzvü olduğubeynəlxalq təşkilatlar qarşısında öz üzərinə götürdüyü müvafiq öhdəlikləri yerinə yetirir və bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirir.