Azərbaycan, Bakı, 18 may /Trend, müxbir M.Əliyev/
"Şərq tərəfdaşlığı" layihəsi Azərbaycan üçün geniş siyasi imkanlar açacaq. Trend-in məlumatına görə, bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rolan Kobia çərşənbə günü Bakıda başlayan "Şərq tərəfdaşlığı iki il sonra: uğurlar və çətinliklər" beynəlxalq konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycan və Aİ arasında 15 illik əməkdaşlıq mövcuddur, lakin "Şərq tərəfdaşlığı" layihənin altı üzvünün inteqrasiyasının gücləndirilməsinə xidmət edəcək.
"Şərq tərəfdaşlığı"nın yaradılmasında məqsəd mövcud sərhədlərin insanlar arasında qoyduğu səddi aradan qaldırmaqdır", - Kobia deyib. Onun sözlərinə görə, bu layihə regional problemlərin həllinə yönəlib.
Azərbaycan XİN-in İnsan Hüquqları, Demokratikləşmə və Humanitar Problemlər İdarəsinin rəisi Əlimirzamin Əsgərov konfransın gedişində deyib ki, "Şərq tərəfdaşlığı" həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq üçün imkanlar yaradır. O, ilin sonunadək Aİ ilə viza rejiminin sadələşdirilməsi üzrə danışıqların başlanacağına ümidini ifadə edib.
Aİ-nin Azərbaycandakı nümayəndə heyətinin rəhbəri Rolan Kobia çərşənbə günü Bakıda jurnalistlərə assosiasiya haqqında sazişlə bağlı danışıqların növbəti mərhələsinin iyunun sonlarında Bakıda keçiriləcəyini bildirib.