...

Əli Laricani: Azərbaycan tərəfi maraqlı olarsa, İran Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edə bilər (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 2 İyul 2011 11:03 (UTC +04:00)
İran parlamentinin spikeri Əli Laricani deyib ki, Azərbaycan tərəfi maraqlı olarsa, İran Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edə bilər.
Əli Laricani: Azərbaycan tərəfi maraqlı olarsa, İran Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edə bilər (ƏLAVƏ OLUNUB)

Laricaninin beynəlxalq sülhməramlı qüvvələrin Dağlıq Qarabağda yerləşdirilməsi ilə bağlı fikirləri əlavə olunub (ilk xəbər saat 10:01-də yayılıb)

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir T.Cəfərov/

İran parlamentinin spikeri Əli Laricani deyib ki, Azərbaycan tərəfi maraqlı olarsa, İran Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edə bilər.

"Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, danışıqlar yolu və region ölkələrinin iştirakı ilə həll edilməlidir. Böyük güclər öz mənafelərini düşünürlər və problemi həll etmək əvəzinə öz mənafeləri uğrunda oyun oynayırlar", - Laricani şənbə günü keçirilən mətbuat konfransında deyib.

Laricani Dağlıq Qarabağ ərazisində tarixi və islami abidələrin dağıdılması ilə bağlı İran parlamentinin mövqeyi barədə sualı cavablandıraraq bildirib ki, "əgər dost Azərbaycan ölkəsi bu problemin həlli ilə bağlı hər hansı bir siyasi format hazırlayarsa, İran bu format çərçivəsində öz dəstəyini verməyə hazırdır".

Laricani beynəlxalq sülhməramlı qüvvələrin Dağlıq Qarabağ ərazisində yerləşdirilməsinə də münasibət bildirib.

"Münaqişənin həllində ən pis yolu seçməyə çalışmamalıyıq, problemin həlli üçün daha məntiqli yollar var. Tərəflərin razılıq əldə etməsi daha məntiqli yoldur. Onların region ölkələrinin köməyi ilə razılığa gəlməsi də yaxşı yoldur", - Laricani deyib.

Spiker beynəlxalq sülhməramlı qüvvələrin Dağlıq Qarabağ ərazisində yerləşdirilməsinin problemi daha da dərinləşdirəcəyini düşünür.

"Bəzi böyük güclər beynəlxlaq təşkilatlardan alət kimi istifadə edirlər. Ona görə bilinmir ki, beynəlxalq sülhməramlı qüvvələrin regionda yerləşdirilməsinin gələcəyi necə olacaq. Əgər beynəlxalq təşkilatlar və qurumlar həqiqətən müstəqil və kiminsə əlində oyuncaq olmasaydı, sülhməramlı qüvvələrin yerləşdirilməsi həll yollarından biri ola bilərdi. Hazırkı dövrdə beynəlxalq təşkilatlarda bu cür müstəqilliyin olduğunu görmürük, bəzi vaxtlar həmin beynəlxalq qüvvələr problemi daha da dərinləşdirirlər. Ona görə də ayrı həll yollarından istifadəyə şərait yaradılmalıdır", - parlament sədri deyib.

Laricaninin Azərbaycana səfəri cümə günü başlayıb.

Səfər İran-Azərbaycan parlamentlərarası əməkdaşlığının genişləndirilməsi məqsədilə həyata keçirilir. Laricani Azərbaycana Milli Məclisin spikeri Oqtay Əsədovun dəvəti ilə gəlib.

İran parlamenti sədrinin Bakıda Oqtay Əsədov, Baş nazir Artur Rasizadə və ölkənin digər rəsmi şəxsləri ilə görüşlər keçirib.

Bundan əvvəl İran parlamenti rəhbərinin Azərbaycana səfəri fevrala planlaşdırılsa da, spikerin iş qrafikinin sıxlığı ilə əlaqədar səfər təxirə salınmışdı.

Xəbər lenti

Xəbər lenti