...

Azərbaycanın müxalifət partiyası daxilində başqan olmaq uğrunda mübarizə açıq müstəviyə keçib

Siyasət Materials 27 İyul 2011 11:03 (UTC +04:00)
Müsavat Partiyası daxilində başqan olmaq uğrunda mübarizə daha da güclənib. Bu barədə çərşənbə günü Trend-ə adının açıqlanmasını istəməyən Müsavat Partiyası üzvü bildirib.
Azərbaycanın müxalifət partiyası daxilində başqan olmaq uğrunda mübarizə açıq müstəviyə keçib

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir T.Hacıyev/

Müsavat Partiyası daxilində başqan olmaq uğrunda mübarizə daha da güclənib. Bu barədə çərşənbə günü Trend-ə adının açıqlanmasını istəməyən Müsavat Partiyası üzvü bildirib.

Mənbənin sözlərinə görə, Müsavat Partiyasının qurultayı yaxınlaşdıqca, Müsavat başqanı olmaq uğrunda aparılan mübarizə açıq müstəviyə keçib və başqan olmaq istəyən şəxslər öz rəqiblərinin mövqelərini zəiflətmək üçün yeni üsullara əl atıblar.

Müsavat daxilində Arif Hacılının mövqelərinin zəiflədilməsi üçün rəhbərlik səviyyəsində işlər görülür.

Mənbə bildirib ki, Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı ilə Məclis sədri Arzu Səmədbəyli arasında Müsavat başqanlığı üstündə mübarizə gedirdi və aprelin 2-də Arif Hacılının həbs olunmasından sonra Arzu Səmədbəylinin başqan olmaq imkanları daha da artıb. Lakin həbsdə olmasına baxmayaraq Arif Hacılının partiya daxilində mövqelərinin güclü olması Səmədbəylinin başqan olmasına mane olur. Məhz Arif Hacılının tərəfdarları onun həbsdən azad olunmasına qədər qurultayın keçirilməməsini istəyirlər.

Mənbə qeyd edib ki, Arif Hacılının mövqelərini zəiflətmək üçün rəhbərlik səviyyəsində bir sıra tədbirlər həyata keçirilir ki, bu tədbirlərdən biri də "Demokrat" qəzetinin fəaliyyətinin dayandırılmasıdır.

"Partiyanın mətbu orqanı kimi tanınan "Demokrat" qəzeti Arif Hacılının nəzarətində olan qəzetdir və qəzetin redaksiya heyəti Arif Hacılının tərəfdarlarıdır. Qəzetin fəaliyyətinin dayandırılması rəhbərlik səviyyəsində həyata keçirilən təşəbbüsdür. Qəzetin fəaliyyətinin dayandırılmasında əsas məqsəd Arif Hacılını dəstəkləyən şəxsləri qəzetdən uzaqlaşdırmaqdır. Qəzet bir neçə aydan sonra yenidən fəaliyyətə başlayacaq, lakin həmin vaxt orada Arif Hacılını dəstəkləyən heç kəs olmayacaq", - mənbə vurğulayıb.

Məsələ ilə bağlı Arif Hacılının qardaşı və "Demokrat" qəzetinin baş redaktoru Mustafa Hacıbəylinin fikrini öyrəndik. O "Demokrat" qəzetinin fəaliyyətinin dayandırılmasını maliyyə çətinliyi ilə əsaslandırsa da, məhz qəzetin təsisçisi Elşən Qəniyevin qərarı ilə qəzetin fəaliyyətinin dayandırıldığını etiraf edib.

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı Trend-ə açıqlamasında bildirib ki, partiyada başqanlıq uğurunda mübarizə getmir.

İl ərzində Müsavat Partiyasının qurultayının keçirilməsi nəzərdə tutulur.

Müsavat Partiyası Məclisinin 2010-cu ilin dekabr ayında keçirilən toplantısında 2011-ci ilin may və ya iyun aylarında partiyanın növbəti qurultayının keçirilməsi ilə bağlı qərar qəbul olunmuşdu.

Xəbər lenti

Xəbər lenti