...

Prezident İlham Əliyev: Azərbaycan Dağlıq Qarabağ üzərində öz suverenliyini ya barış yolu ilə, ya da hərb yolu ilə bərpa edəcək

Siyasət Materials 28 İyul 2011 00:47 (UTC +04:00)
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə əlaqədar mən hörmətli Baş nazirə Azərbaycanın mövqeyini bir daha ifadə etdim və danışıqların son durumu haqqında məlumat verdim. Bir daha demək istəyirəm ki, Türkiyənin bu məsələ ilə bağlı tutduğu mövqeyə görə Azərbaycan xalqı və Azərbaycan dövləti çox minnətdardır, bunu iyulun 27-də geniş tərkibdə görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında çıxışı zamanı deyib.
Prezident İlham Əliyev: Azərbaycan Dağlıq Qarabağ üzərində öz suverenliyini ya barış yolu ilə, ya da hərb yolu ilə bərpa edəcək

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə əlaqədar mən hörmətli Baş nazirə Azərbaycanın mövqeyini bir daha ifadə etdim və danışıqların son durumu haqqında məlumat verdim. Bir daha demək istəyirəm ki, Türkiyənin bu məsələ ilə bağlı tutduğu mövqeyə görə Azərbaycan xalqı və Azərbaycan dövləti çox minnətdardır, bunu iyulun 27-də geniş tərkibdə görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında çıxışı zamanı deyib.

"Bu həqiqətən də dostluq, qardaşlıq münasibətidir. Biz bunu çox yüksək qiymətləndiririk.

Bildiyiniz kimi, bizim torpaqlarımız uzun illərdir ki, işğal altındadır. Bu işğal nəticəsində 1 milyondan artıq azərbaycanlı doğma torpağından didərgin düşüb və qaçqın-köçkün həyatı sürür. Bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Ermənilər azərbaycanlılara qarşı soyqırımı, genosid törətmişlər. Xocalı genosidi törətmişlər. Beynəlxalq birlik tərəfindən Azərbaycanın ərazi bütövlüyü tanınır, Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Məsələnin həlli üçün əsas beynəlxalq təşkilatlar öz mövqeyini bildirmişlər. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. ATƏT-in, Avropa Parlamentinin, Avropa Şurasının, İslam Əməkdaşlıq Təşkilatının qəbul etdiyi ədalətli qərar və qətnamələr bu məsələnin həlli üçün əsasdır.

Eyni zamanda, bu gün biz bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə əlaqədar fikir mübadiləsi apardıq", İlham Əliyev deyib.

Rəhbərlik etdiyi partiyanın parlament seçkilərində qazandığı inamlı qələbə münasibətilə Ərdoğanı bir daha təbrik edən İlham Əliyev seçkilərdən bir ay sonra Azərbaycana - doğma vətəninə səfər etməsindən şad olduğunu bildirib.

"Türkiyə-Azərbaycan əlaqələri indi ən yüksək səviyyədədir. Bu əlaqələr strateji xarakter daşıyır, dostluq, qardaşlıq prinsiplərinə əsaslanır. Bizi birləşdirən həm tarixi köklər, həm mədəni əlaqələr, bizim keçmişimiz və bugünkü siyasi maraqlarımızdır. Biz çox şadıq ki, Türkiyə-Azərbaycan əlaqələri sürətlə inkişaf edir və hörmətli cənab Baş nazirin səfəri zamanı apardığımız danışıqlar və etdiyimiz söhbətlər bir daha onu göstərir ki, biz bir-birimizə nə qədər yaxınıq.

Bu gün biz gündəliyimizin, demək olar ki, bütün məsələlərinə toxunduq, geniş fikir mübadiləsi apardıq. Bir daha bəyan edirik ki, siyasi əlaqələr ən yüksək səviyyədədir, deyə bilərəm ki, zirvədədir. İqtisadi sahədə çox gözəl perspektivlər var. Çox şadam ki, bu il ölkələrimiz arasındakı ticarət dövriyyəsi artmışdır. Yeni planlar, yeni təkliflər var. İnvestisiya yönümlü təkliflər nəzərdən keçirilir. Türkiyə şirkətləri Azərbaycana, Azərbaycan şirkətləri Türkiyəyə sərmayə qoyur. Azərbaycan şirkətləri indiyə qədər Türkiyə iqtisadiyyatına 4 milyard dollardan çox vəsait qoymuşdur. Növbəti illərdə təkcə neft kimyası sənayesinə 6 milyard dollar əlavə sərmayə qoyulması nəzərdə tutulur. Azərbaycanda reallaşan strateji əhəmiyyətli infrastruktur layihələrinin icrasında türk şirkətləri fəal iştirak edir və biz onların fəaliyyətindən çox razıyıq.

Bu gün biz regional məsələlərə də toxunduq, regional təhlükəsizlik məsələlərini müzakirə etdik", Prezident bəyanatında bildirib.

İlham Əliyev PKK terrorçu təşkilatı ilə bağlı məsələyə də bir daha aydınlıq gətirib.

"Mən fürsətdən istifadə edərək, bu yaxınlarda qanlı terror hadisələrində qardaşlarımızın həlak olması ilə əlaqədar bütün türk xalqına başsağlığı vermək istəyirəm. Biz PKK terrorçu təşkilatının əməllərini qətiyyətlə pisləyirik, bu məsələ ilə əlaqədar dəfələrlə öz mövqeyimizi bildirmişik. Bir daha demək istəyirəm ki, Azərbaycan rəsmi olaraq PKK-nı terrorçu təşkilat kimi tanıyır və ona qarşı mübarizədə həmişə olduğu kimi, Türkiyə dövlətinin və xalqının yanındadır. Biz terrorizmin bütün formalarını qətiyyətlə pisləyirik və tam əminik ki, terrorçuluğa, terrorizmə qarşı mübarizə ancaq o təqdirdə səmərə verə bilər ki, bütün dövlətlər öz səylərini birləşdirsinlər. Bizim isə Türkiyə ilə bütün sahələrdə olduğu kimi, terrorizmə qarşı mübarizədə də əməkdaşlığımız çox yüksək səviyyədədir", dövlət başçısı söyləyib.

İlham Əliyevin sözlərinə görə, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri uğurla fəaliyyət göstərir.

"Gələcək perspektivlər haqqında fikir mübadiləsi apardıq. Bu həm Türkiyə üçün, həm də Azərbaycan üçün çox vacib olan məsələlərdir, bizim ölkələrimizi daha da sıx birləşdirir. Əminəm ki, gələcək əməkdaşlıq da uğurlu olacaqdır.

Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrdə nəqliyyat məsələləri də mühüm yer tutur. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi uğurla gedir. Demək istəyirəm ki, Azərbaycan tərəfi bu dəmir yolunun tikintisi üçün Gürcüstana təxminən 800 milyon dollar kredit ayırmışdır ki, məsələ tezliklə öz həllini tapsın və gələn ilin sonuna qədər dəmir yolu istifadəyə verilsin.

Bir daha demək istəyirəm ki, bütün sahələrdə bizim aramızda əməkdaşlıq yüksək səviyyədədir. Biz ümid edirik ki, gələcəkdə bu templər saxlanacaq və Türkiyə-Azərbaycan dostluq, qardaşlıq əlaqələri yüksələn xətlə inkişaf edəcəkdir.

Sağ olun", Prezident çıxışında bildirib.

Jurnalistin "Ermənistan Prezidenti Serj Sarkisyanın "Dağlıq Qarabağı biz aldıq, yeni nəsil də Ağrı dağını ələ keçirsin" sözlərini necə qiymətləndirirsiniz?" sualına cavabında İlham Əliyev bildirib ki, əslində, Sarkisyandan başqa bir şey gözləmirdi.

"Çünki dəfələrlə onunla görüşmüşəm. Onun düşüncə tərzinə yaxşı bələdəm. Əslində bu, Ermənistanın işğalçı mahiyyətini göstərir. Bu ölkə problemlər içindədir. Bu ölkədən qaçanların sayı on minlərlə ölçülür. Ölkə iqtisadiyyatı tam böhran içindədir - yoxsulluq, səfalət, ümidsizlik. Bir dənə də olsun əməlli-başlı müəssisə yoxdur, xarici ianələr, xaricdən himayədarlıq edənlər olmasa bu ölkə çökər. Belə olan halda, real əhalisi 1 milyon 800 min nəfər olan halda bu adamlar Türkiyənin əzəli, tarixi torpaqlarına iddia edirlər.

Onlar hesab edirlər ki, Dağlıq Qarabağ məsələsini həll ediblər. Onlar yanılırlar. Dağlıq Qarabağ Azərbaycan torpağıdır, Azərbaycan torpağı kimi qalır. Vaxt gələcək, Azərbaycan Dağlıq Qarabağ üzərində öz suverenliyini ya barış yolu ilə, ya da hərb yolu ilə bərpa edəcəkdir.

Ancaq Türkiyə kimi böyük bir ölkəyə qarşı torpaq iddiasında olmaq? Bu, sadəcə onu göstərir ki, bu adamların başında nəsə çatmır. Onlar real dünyada yaşamırlar, özlərinin yaratdığı xülya dünyasında yaşayırlar. Onlar o yuxudan oyansınlar, real dünyaya qayıtsınlar və özlərini Türkiyə ilə, heç olmasa, müqayisə etsinlər. Fil ilə qarışqanı müqayisə etmək olmaz", İlham Əliyev bildirib

Xəbər lenti

Xəbər lenti