...

Azərbaycan Diplomatik Akademiyası Afrika diplomatlari üçün Xəzər dənizi hövzəsi ölkələri haqqında kurslar keçirir (FOTO)

Siyasət Materials 1 Sentyabr 2011 22:24 (UTC +04:00)
Azərbaycan Diplomatik Akademiyası (ADA) "Xəzər Hövzəsi Ölkələrinin Öyrənilməsi" proqramı üzrə sayca 3-cü təliminə başlayıb.
Azərbaycan Diplomatik Akademiyası Afrika diplomatlari üçün Xəzər dənizi hövzəsi ölkələri haqqında kurslar keçirir (FOTO)

Azərbaycan, Bakı, 1 sentyabr /Trend/

Azərbaycan Diplomatik Akademiyası (ADA) "Xəzər Hövzəsi Ölkələrinin Öyrənilməsi" proqramı üzrə sayca 3-cü təliminə başlayıb. Trend-in ADA-nın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Cənubi Amerika və Asiya ölkələri diplomatları üçün keçirilən treninqdən sonra, sentyabr ayının 1-dən Afrika qitəsinin yüksək rütbəli diplomatları təlimlərə cəlb olunub.

Dərslərin ilk günündə ADA-nın Xarici Siyasət Proqramının Direktoru Aygün Hacıyeva qonaqlara Akademiyanın yaradılması zərurəti haqqında məlumat verərək qeyd etdi ki, dinamik inkişaf edən Azərbaycana çoxlu sayda profesional mütəxəssislər tələb olunur. Buna görə də, ADA yerli diplomatlarla yanaşı, dövlət və özəl sektorda çalışacaq professionallar hazırlayır.

On gün davam edəcək kurslara Cənubi Afrika Respublikası, Nigeriya, Uqanda, Zimbabve, Namibia, Qambia, Madaqaskar kimi ölkələrdən, əsasən yüksək və orta səviyyəli 14 diplomat qatılıb.

Azərbaycanda olduqları zaman xarici diplomatlar Xəzər dənizi regionunun tarixi və mədəni irsi, onun statusu və geosiyasəti, neft sənayesi, iqtisadiyyatı və investisiya imkanları, regionun gələcəyinə təhlükə yarada biləcək potensial təhdidlər, regional münaqişələrə dair məruzələri dinləcəyəklər. Diplomatlar üçün Azərbaycan Diplomatik Akademiyası, Xarici İşlər Nazirliyi, Dövlət Neft Şirkəti və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun nümayəndələri dərslər deyəcəklər. Eyni zamanda, diplomatlar üçün Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci il dönümü ilə bağlı xüsusi təqdimat da keçiriləcək, onlar Azərbaycan Xarici İşlər Nazirliyinə tanışlıq səfəri edəcəklər.

Azərbaycanın mədəniyyəti və tarixi haqqında ətraflı məlumat almaq üçün xarici diplomatlar Quba, Qobustan, Bibiheybət məscidi, Səngəçal terminalı və digər mədəniyyət ocaqları və muzеylərini ziyarət edəcəklər.

Xəbər lenti

Xəbər lenti