Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir R.Daraxşan/
Cümə axşamı İstanbulda "Tarabya Köşkü"ndə yerli vaxtla saat 16-30-da Türkiyə Prezidenti Abdullah Gül, Türkiyəyə rəsmi səfəri çərçivəsində Azərbaycan Milli Məclisinin Sədri cənab Oqtay Əsədov və onun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Trend-ə Azərbaycanın Ankaradakı səfirliyinin mətbuat katibi Elsevər Salmanov məlumat verib.
Xoş və səmimi şəraitdə keçən görüş zamanı, Azərbaycan Türkiyə əlaqələrinin daha da inkişaf etdirilməsi; Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi ilə əlaqədar Azərbaycanın haqlı mövqeyi və Türkiyənin Azərbaycana olan dəstəyi; Türkiyə və Azərbaycan arasında hər sahədə əlaqələrin inkişafının zəruriliyi; iki ölkənin parlamentləri arasında əlaqələrin daha da inkişaf etdirilməsinin önəmi; hər iki ölkənin millət vəkillərinin ikitərəfli əlaqələrdə rolunun daha da artırılması və ikitərəfli əlaqələrdə xalq diplomatiyasının əhəmiyyəti xüsuslarında müzakirələr aparılmışdır.